Saat:10:28
Haqqımızda

"İsa Qəmbərin səsləndirdiyi o fikir demokratik cəmiyyət üçün normal bir fikirdir" - YAP-çı deputat

2024-05-06 19:35:27

Bildiyimiz kimi, İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib. Eyni zamanda partiya bu il Milli Məclisdə seçkilərdə iştirak edəcək.

Müsavatın qurultayında çıxış edən İsa Qəmbər deyib ki, "biz hakimiyyəti tənqid etmişik, edəcəyik":

"Lakin bu o demək deyil ki, biz müxalifətik deyə yaxşı işləri görməməliyik, vaxtında atılan addımları dəyərləndirməməliyik. Bizim üçün ən şərəfli hadisə Qarabağ müharibəsi və birgünlük antiterror hadisəsi oldu", - deyə siyasətçi bildirib.

Müsavat Partiyasında baş verən prosesləri və İsa Qəmbərin yuxarıda qeyd etdiyimiz fikrini dəyərlənidrən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partisyasının Siyasi Şurasının üzvü Hikmət Məmmədov Redaktor.Az-a danışarkən dedi ki, hər şeydən öncə Azərbaycanda bir siyasi partiyanın qurultay keçirməsi, özünə yeni sədr seçməsi Azərbaycanda siyasi sistemin demokratik göstəricilərindən biri hesab edilməlidir:

"Nəticə etibarilə hüquqi, demokratik cəmiyyətdə partiyaların mövcudluğu, onların fəaliyyəti, onların funksionallığı siyasi sistemin əsas göstəricilərindən biri hesab olunur. Üstəlik də, əgər yeni seçilən sədr cəmiyyətə, siyasi sistemə müsbət mesajlar verirsə, bu da yaxşıdır. Bilirik ki, hazırda Azərbaycanda dövlətçilik tariximizdə yeni keyfiyyət mərhələsi yaşadığımız kimi, siyasi sistemimizdə bir keyfiyyət mərhələsinə qədəm qoymalıyıq. Çünki Azərbaycanın siyasi sistemi 90-cı illərin əvvəllərində, həm də Azərbaycan torpaqlarının işğal olunması, Qarabağın işğal altına düşməsi kontekstində formalaşan bir siyasi sistemdir. Ona görə də o vaxtdan müəyyən radikal cərəyanlar Azərbaycanın siyasi sisteminə miras qalmışdı. Bu gün artıq bu problem yoxdur. Azərbaycan dövləti bunu həll edib. İctimai həyatımızın, idarəetmə həyatımızın bütün sahələrində olduğu kimi, siyasi partiyalar da yeni dövrə, yeni çağırışlarla, yeni birləşdirici, həmrəyedici, yeni milli ideyaların təşviqi kimi siyasi gündəmlə getməlidirlər".

YAP-çı deputatın sözlərinə görə, Müsavat başqanının verdiyi açıqlamalar ilk növbədə bundan sonrakı mərhələdə yəqin ki, Müsavat Partiyasının yeni gündəmlə öz siyasi fəaliyyətini uzlaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər:

"Əlbəttə ki, müxalifət tənqid etməlidir. Tənqid siyasi sistemin, demokratik cəmiyyətin əsas vasitələrindən biridir. Amma eyni zamanda nə qədər müxalif mövqedə olursansa ol, xalqın, dövlətin, cəmiyyətin əldə etdiyi uğurları və yaxud da rəqib partiyanın əldə etdiyi uğurları qəbul etmək, qiymətləndirmək də bir o qədər vacibdir. Əks təqdirdə bu sistemdə ədalət meyarı, qiymətləndirmə meyarı itə bilər. Ona görə mən düşünürəm ki, İsa Qəmbərin səsləndirdiyi o fikir demokratik cəmiyyət üçün normal bir fikirdir. Doğrudan da, ədalət meyarlarının, qiymətləndirmə meyarlarının obyektiv olmadığı bir cəmiyyətdə obyektiv və ədalətli siyasi sistemdən də danışmaq olmaz".

Seçki məsələsinə gəldikdə isə, Hikmət Məmmədov dedi ki, dəfələrlə Müsavat Partiyası Azərbaycanda keçirilən seçkilərdə iştirak etməyib, seçkiləri boykot etməyə cəhd göstərib:

"Amma indi seçkidə iştirakla bağlı qərar qəbul edirsə, bu da özlüyündə müsbət qarşılanmalıdır. Nəticə etibarilə, Azərbaycan hakimiyyəti daim bütün siyasi qüvvələrə demokratiya inkişafının dərinləşməsində Azərbaycan hakimiyyətinin həyata keçirdiyi proseslərdə iştirak etməklə bağlı çağırışlar ünvanlayıb. Düşünürəm ki, bu, həm də çağırışlara bir cavab kimi qiymətləndirilə bilər".

Humay İSGƏNDƏRLİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.195401