Saat:14:55
Haqqımızda

“İsa Qəmbər bizi məcbur edirdi ki, Elçibəyin əleyhinə gedək” - İddia

2022-11-04 13:40:00

“İsa Qəmbər bizi məcbur edirdi ki, Elçibəyin əleyhinə gedək” - İddia

“Mən sizə açığını deyim ki, İsa Qəmbər haqqında sözümü bir dəfə demişəm: Siyasətdə belə insanlarla tükənmiş insanlar deyirlər. Bunları mən “sezonşik müxalifətçiləri” adlandırıram”.

Bu sözləri Yenisabah.az-la söhbətində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Lalə Şövkət, Etibar Məmmədov və İsa Qəmbərin aktiv siyasətə yenidən qayıtması barəsində ortaya atılan iddialara münasibət bildirərkən deyib.

MMP sədrinə görə, onlar zamanı gələndə görürlər ki, haradasa bir balaca qarışıqlıq, narazılıq var və belə olan halda başlayırlar siyasi oyunlar qurmağa:

“İsa Qəmbər də o, oyunçulardandır. Özü də hakimiyyətlə çox əlbirdirlər. Bizim hakimiyyətimiz dövründə  Azərbaycan xalqına xəyanət edən insanların başında duran elə ən birinci fiqur İsa Qəmbər olub. Mən o vaxtı nazir idim və Əbülfəz Elçibəyin devrilməsində bir nömrəli rolu İsa Qəmbər oynayıb. O, Müsavat Partiyasını yaradaraq bizi məcbur edirdi ki, hamınız Elçibəyin əleyhinə gedin, Prezident mən olacağam.

Hətta yadınıza gəlirsə, Elçibəy Kələkidən qayıdanda “Dom Sovet”in (Hökumət Evi) yanında Arif Əliyevin “Press Klub”u var idi və orada böyük yığıncaq keçirildi. Hamı razılığını verdi ki, növbəti Prezident seçkilərində Elçibəy vahid namizəd olsun, amma İsa Qəmbər dedi ki, mən buna imkan verə bilmərəm”.

H. Hacıyev Azərbaycan Liberal Partiyasının (ALP) sədri Lalə Şövkət haqqında da fikirlərini bölüşüb:

“O ki qaldı Lalə Şövkətə, hər halda Lalə xanım indi yaşlanıb. Onun yanında bir Əvəz Temirxan var. Biz onunla dəfələrlə yoldaş olmuşuq, müəyyən yerlərə getmişik. Ağzının danışığını bilməyən, Moskvada böyümüş uşaqlardan biridir və siyasətdən elə də anlayışı yoxdur. Amma Lalə Şövkət özünə hörmət edən bir xanımdır. Mən gözləmirəm ki, Lalə xanım yenidən siyasətə qayıtsın. Çünki o, həmişə özünə hörmət edib və indi də qayıdıb nə edəsidir axı?

Görürsünüz ki, bu gün ölkədə Ali Baş Komandan çox uğurlu addımlar atır, amma ona xəyanət edirlər. Mədəniyyət Nazirliyi məsələsində gördünüz də, 1 il bundan qabaq qoyulan nazirin birinci müavini görün, nə qədər böyük xəyanətə yol verdi. Orada təkcə rüşvətxorluq deyil ki, eləcə də bilmədiyimiz məsələlər də var ki, o adam dövlət başçısının əleyhinə orada-burada təbliğat aparan insanlardan biri olub. 

Yəni bunların hamısını biz görürük və Prezidentin ətrafında çox yararsız insanlar var ki, hamısını da təmizləyir. Biz də bildiklərimizi böyük auditoriyası olan media qurumları vasitəsilə xalqa çatdırırıq.

“Qaldı Etibar Məmmədova, o da ardıcıl siyasətlə məşğul olub və siyasəti buraxmayıb. Yadınıza gəlirsə, o, dedi ki, biz koalisiya yaratmaq istəyirik. Biz də öz növbəmizdə bildirdik ki, bəli, biz həmin koalisiyada iştirak edə bilərik. Bizim Etibar bəylə söhbətlərimiz də olub. Hər halda görsək ki, yenidən İsalar, Ariflər, Əlilər baş qaldırıb ölkəyə xəyanət etmək istəyirlər, əlbəttə ki, biz imkan verməyəcək ki, o meydan boş qalsın! Qoymarıq ki, hakimiyyətin “beşinci kolon”undan, eləcə də xaricdən aldığı müəyyən çirkli pullar hesabına ölkədə qarışıqlıq yaratsınlar və ölkənin siyasi sabitliyini pozsunlar. Biz buna imkan verməyəcəyik.

Məncə, Etibar bəyin də fikri belədir. Çünki o dövlətçiliyi və Azərbaycanın müstəqilliyini hər şeydən əziz tutan bir insan olub. O da mənimlə həmfikirdir ki, əgər biz görsək, ölkədə böyük qarışıqlıq yaranır, İsaların, Ariflərin, Əlilərin əliylə ölkəyə təzyiq göstərmək istəyirlər, o zaman biz də istər-istəməz meydanlarda olub öz sözümüzü qəti olaraq deyəcəyik. Biz buna imkan verməyəcəyik!”, – əlavə edib.

“Qısacası, düşünürəm ki, onların siyasətə qayıtması çox yersiz fikirlərdir. Əgər bu fikrə düşüblərsə, çox böyük yanlışlığa yol veriblər. Ona görə ki, hələ Hafiz Hacıyev ölməyib, durur və zamanı çatanda yenə də onları “şapatlayacaq”” – deyə, fikrini yekunlaşdırıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR