İsa Qəmbər 180 manat pensiyaya görə məhkəməyə MÜRACİƏT EDƏCƏK

2022-05-12 17:45:00

İsa Qəmbər 180 manat pensiyaya görə məhkəməyə MÜRACİƏT EDƏCƏK

“Azərbaycan parlamentinin sabiq spikeri İsa Qəmbərə 180 manat pensiya təyin edilib. İsa Qəmbər qanunvericiliyə əsasən, güzəştli şərtlərlə pensiya alan şəxslər kateqoriyasına aid olsa da, onun bu hüquqdan istifadəsinə imkan verilmir”.

Bu sözləri Modern.az saytına açıqlamasında İsa Qəmbərin vəkili Nemət Kərimli deyib.

O qeyd edib ki, “Əmək pensiyası haqqında qanun”a görə, güzəştli şərtlərlə pensiya alacaq şəxslərin dairəsi müəyyənləşdirilib. Bu siyahıya 1990-cı ildə deputat seçilən şəxsləri daxil etməyiblər:

“Məqsəd isə vaxtilə parlamentdə demokratik blokun üzvü olmuş şəxslərin sabiq deputatlar kimi güzəştli pensiya almamağıdır. Lakin qanunda bir cümlə də var ki, keçmiş Ali Sovetdə vəzifə tutmuş şəxslər güzəştli kateqoriyaya aiddir. İsa Qəmbər isə Ali Sovetin sədri olub və güzəştli şərtlərlə pensiya almalıdır. Biz müraciət etdik və iki aydan sonra cavab aldıq. Yazılı şəkildə bildirdilər ki, qanun keçmiş deputatlara şamil edilmir. Halbuki, İsa bəy əslində güzəştli şərtlərlə Milli Məclisin sədrinin maaşının 80 faizi həcmində pensiya almalıdır. (Hazırda Milli Məclisin sədri 2475 manat maaş alır-red.).

Hələlik biz bu cavabdan sonra İsa bəylə məsələni müzakirə edə bilməmişik. Görüşüb, məsləhətləşəndən sonra böyük ehtimalla məhkəməyə müraciətimizi göndərəcəyik”.

Modern.az məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, yaxın müddətdə bununla əlaqədar rəsmi açıqlama yayılacaq.

Qeyd ki, İsa Qəmbər 2022-ci il fevralın 24-də 65 yaşını tamam edib. Dövlət Sosail Müdafiə Fondu pensiya yaşı çatan İsa Qəmbərə 180 manat müavinət təyin edib.

Qanunvericiliyə görə, hazırda ölkədə əmək pensiyasının minimum məbləği 240 manatdır. 65 yaşı tamam olan kişilər pensiya almaq üçün ya 25 il sığorta stajına, ya da minimum pensiya kapitalına (hazırda 34560 manatdır) malik olmalıdır. 65 yaşı tamam olan kişilər 25 illik staja və ya minimum pensiya kapitalına malik olmadıqda, onlara 180 manat müavinət kəsilir.

İsa Qəmbər 1990-1995-ci illərdə Ali Sovetin deputatı, 1992-1993-cü illərdə isə sədri olub. O, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini də icra edib.

1992-ci ildən 2014-cü ilə kimi Müsavat Partiyasının başqanı olub.

Beləliklə, İsa Qəmbər Azərbaycanda ən az pensiya təyin edilmiş ən yüksək vəzifəli şəxs kimi tarixə düşüb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya