İş adamının obyektində AXTARIŞ BAŞLADI
Daxil olan müraciət əsasında Göygöl rayonu, Quşqara kəndində yerləşən, “Demonn” MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Hurriyyet.Az bildirir ki, Ajans.az-ın əldə etdiyi məlumata görə, baxış zamanı “Demonn” MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən “Quseynoff” MMC-də istehsal edildiyi məlum olub.
“Quseynoff” MMC-nin direktoru izahatında viskini özü hazırladığını və mənşəyi, keyfiyyəti, təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığını bildirib. Məhsulun etiketində heç bir əsas olmadan guya Şotlandiyada istehsal edilən viskilərin texnologiyasına uyğun olaraq istehsal edildiyi və palıd çəlləklərdə 12 il saxlandığı qeyd edilib.
Müəssisədə sifariş əsasında satışı həyata keçirilən “Quseynoff” əmtəə nişanlı viski məhsulundan və “Demonn” MMC-yə məxsus 19.09.2024-cü il istehsal tarixli “Organic River”, 31.08.2024-cü il istehsal tarixli “Time Vodka” əmtəə nişanlı araq məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Laborator müayinələr nəticəsində “Quseynoff” əmtəə nişanlı viski məhsulunda sivuş yağlarının və mürəkkəb efirlərin kütlə qatılığı üzrə uyğunsuzluq aşkarlanıb. “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarında isə tündlülük göstəricisi üzrə etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarının satışı dayandırılıb, “Quseynoff” əmtəə nişanlı viski məhsulunun satışı qadağan edilib və dövriyyədən çıxarılaraq müvafiq tədbirlər görülüb. İş üzrə toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanına göndərilib.
Araşdırmalar davam etdirilir.