İrəvan Qarabağ sevdasından vaz keçir? - Paşinyanın təkliflərinin pərdəarxası

2022-11-17 12:45:00

İrəvan Qarabağ sevdasından vaz keçir? - Paşinyanın təkliflərinin pərdəarxası

“İran və Rusiya Ermənistanda çox güclü fəaliyyətlə aparır və bunların fəaliyyətləri heç də Paşinyan hakimiyyətinin iqtidarda qalması yönündə deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi ekspert Fuad Abbasov deyib.

O, Paşinyanın sön bəyanatını şərh edib. Ermənistan Baş nazirinin sözlərinə görə, o, sülh sazişinin mətni ilə bağlı Bakıya təkliflərini göndərib. Həmin təkliflərdə İrəvan Qarabağın statusundan əl çəkir, yalnız bölgədəki ermənilərin təhlükəsizliyinə vurğu edir.

F. Abbasovun sözlərinə görə, əgər Ermənistanın Baş naziri Qarabağ ermənilərinin haqq və hüquqlarının qorunmasını onların muxtariyyəti və suverenliyindən daha üstün tutursa, bu, böyük bir dəyişiklikdir:

“Çünki Levon Ter-Petrosyandan başlayaraq bu günə qədər bütün Ermənistan liderləri “Qarabağa azadlıq” şüarı səsləndirib. Bu şüarın bir addım sağında və yaxud solunda çıxış edənləri isə Ermənistan ictimaiyyəti ciddi qınaqla qarşılayıb”.

Ekspert qeyd edib ki, Paşinyanın belə bir təklifi irəli sürməsi müsbət məqamdır:

“Mətni araşdırmaq lazımdır, çünki böyük ehtimalla, orada nüanslar var. Bunu Xarici İşlər Nazirliyində daha yaxşı başa düşərlər. Amma mətn Ermənistan parlamentində açıqlanıbsa, deməli, ilk növbədə, Ermənistan ictimaiyyətinə xitabla edilir. 

Həmçinin, Prezident Əliyev Praqadakı çıxışı zamanı bir daha da vurğuladı ki, “Qarabağ erməniləriylə hər hansı bir görüş üçün xarici dövlətlərin vasitəçiliyi vacib deyil. Biz öz vətəndaşalrımızla özümüz dialoq qurub, onların hüquq və təhlükəsizliklərini qorumağa hazırıq”. Ona görə də Paşinyanın belə bir açıqlama verməsi bir az Azərbaycanın daxili işlərinə qarışma kimi səslənir. 

Ümumiyyətlə, Ermənistan son 30 ildə Azərbaycanın daxili işlərinə qarışmış bir mövqe sərgiləyir və bu da onun davamını göstərir”.

Ekspertin fikrincə, Paşinyanın bəyanatı Ermənistan icitmaiyyətini Azərbaycanla sülh danışıqlarına yönəltmə hazırlığıdır:

“Nəsil dəyişib və dəyişmiş nəslin beynində yeni bir dəyişiklik yaratmaq istəyirlər. Yəni baxın, 30 il sizə fərqli bir şey aşılayıblar. Bunun uğurlu olub-olmayacağı Ermənistan ictimaiyyətindən asılıdır.

Bilirik ki, İran və Rusiya Ermənistanda çox güclü fəaliyyətlə aparır və bunların fəaliyyətləri heç də Paşinyan hakimiyyətinin iqtidarda qalması yönündə deyil. Əgər Paşinyan öz hakimiyyətini qoruya bilsə, ehtimal ki Azərbaycanla yekun sülh müqaviləsi imzalanacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.096853