İranla Rusiya təhlükəli oyunda - Azərbaycan və Türkiyəyə təhdid

2022-12-13 09:34:00

İranla Rusiya təhlükəli oyunda - Azərbaycan və Türkiyəyə təhdid

İran öz təxribatçı hərəkətləri ilə Yaxın Şərqi qarışdırması azmış kimi, Ukrayna müharibəsində işğalçı Rusiya ilə birgə insanlığa qarşı cinayətlərin miqyasını genişləndirməyə çalışır. ABŞ isə Rusiya və İranın “tam müdafiə ortaqlığına” doğru irəlilədiyinə əmindir. 

Vaşinqton bildirir ki, Rusiya və İran Ukraynaya qarşı müharibədə Moskvaya kömək məqsədilə tamhüquqlu müdafiə tərəfdaşlığı qurublar. Belə ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar direktoru Con Kirbi Rusiyanın öz ordusunu pilotsuz təyyarələr və raketlərlə təmin etmək üçün yenidən İranla əlaqə saxladığını bildirib. “Rusiya Tehrana görünməmiş hərbi-texniki dəstək vəd edir, İranla münasibətlərini tamhüquqlu müdafiə tərəfdaşlığına çevirir. Hesab edirəm ki, bu tərəfdaşlığın təkcə Ukrayna üçün deyil, həm də İranın bölgədəki qonşuları üçün təhlükə yaratdığını açıq şəkildə bildirmək vacibdir” - Kirbi deyib.

Ağ Ev rəsmisi həmçinin qeyd edib ki, Rusiya İranla silahların təkmilləşdirilməsi və ticarəti kimi sahələrdə əməkdaşlıq etmək istəyir: “Bu əməkdaşlığın bir hissəsi olaraq biz Rusiyanın İrana qabaqcıl hərbi texnikalar vermək niyyətindən narahatıq”.

Rusiyaya yeni silahların satışı ilə bağlı narahatlıqlar İranın yayda Rusiyaya yüzlərlə PUA satmasından sonra yaranıb.

Qeyd edək ki, Bayden administrasiyası bu yaxınlarda Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya PUA-ların təhvil verilməsində iştirak edən İran firmalarına qarşı sanksiyalar tətbiq edib. Srağagün isə məlum olub ki, İran Rusiya üçün “Şahed” modelli 6000-ə qədər (!) dron tədarük etməyə razılaşıb. “The Washington Post” qəzetinin yüksək rütbəli hərbi məmurunun simasındakı mənbəyə istinadla Rusiyanın İranın ballistik raketlərini də əldə etdiyini təsdiqləyib. Tatarıstanda (türk respublikası!) yerləşdirilməsi planlaşdırılan PUA zavoduna İranın nəzarət edəcəyi bildirilir. Bu gəlişmə, Rusiya-İran həbi ortaqlığı regionda Azərbaycan və Türkiyəyə hansı yeni təhdidlər yarada bilər, nəzərə alsaq ki, İran həm də Ermənistanın faktiki müttəfiqi, havadarıdır. Kibri “bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, həm də İranın bölgədəki qonşuları üçün təhlükə yaradacaq” xəbərdarlığı konkret nəyə işarədir?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bütün diqqətlərin Azərbaycan-Türkiyə müttəfiqliyinə yönəlməsini vacib sayır: “Ermənistan xarici havadarlarının hesabına silahlanır. Bu silahlanmanın arxasında təkcə Rusiya və İran durmur, siyahı Hindistan, Fransa və Yunanıstana qədər uzanır. Silahlanmanın məqsədi Azərbaycandan revanş almaq, Türkiyəni də bölgədən çıxarmaqdır. Dövlət başçısının xüsusən yenə Azərbaycan-Türkiyə birliyinə vurğu etməsi hələ də revanş xülyaları ilə yaşayan düşmən Ermənistan və onun havadarlarına edilən bir mesaj idi. Əbəs yerə son dönəmlərdə Prezident Xarici İşlər və Müdafiə nazirlikləri səviyyəsində İran, Fransa və Rusiyaya Azərbaycan tərəfi açıq şəkildə öz narazılıqlarını bildirmir. Çox güman ki, rəsmi Bakının Ermənistanın revanşist məqsədləri barədə daha detallı məlumatları var. Azərbaycan silahlanmaqda davam etməlidir. XTQ genişlənməlidir, ümumillikdə isə ordu peşəkarlaşmalıdır. Üstəlik, Türkiyə ilə siyasi-hərbi ittifaqımız gücləndirilməlidir. Azərbaycan-Türkiyə dərin müttəfiqliyinə qardaş Pakistan da cəlb olunmalıdır. İsraillə də hərbi əməkdaşlıq genişlənməlidir.

Yuxarıda qeyd etdiklərim qısa müddətdə həyata keçirilməsə, Azərbaycan və Türkiyəyə qarşı alyansın əsas ikiliyi Rusiya və İranın tərəfdaşlığı Ermənistanın dirçəlib güclənməsinə səbəb olacaq. Bu da Bakı və Ankara üçün yolverilməzdir. Düzdür, Rusiyanın Türkiyə və Azərbaycanla münasibətləri üst səviyyədə görünsə də, əslində tərəflər arasında problemlər var. Unutmayaq ki, Türkiyə bir çox dünya regionunda Rusiya və həmçinin İranla toqquşur. Azərbaycan-İran münasibətləri də göz qabağındadır. Azərbaycanın rus sülhməramlıların ərazimizdəki fəaliyyəti ilə də bağlı çoxlu sualları var. Bütün bunları nəzərə alaraq ABŞ Rusiya və İrana qarşı Türkiyə və Azərbaycanla birgə çıxış etmək imkanları yarada bilər. Regionda yaranan yeni siyasi konfiqurasiyaya anti-Rusiya və İran koalisiyasına ABŞ, Türkiyə və Azərbaycanla yanaşı, Böyük Britaniya və İsrail də qoşula bilər. Bu da rəsmi Bakı üçün əzəli düşməni Ermənistana qarşı yeni imkanların açılması deməkdir. Üstəlik, İrana qarşı da bu cür vəziyyət Azərbaycanın maraqlarına cavab verir. Rusiyanın Ukrayna bataqlığında nə qədər çox qalmasının Bakı və Ankara üçün Moskva ilə münasibətlərdə yeni üfüqlər yaratması heç kəsə sirr deyil. Bütün bunlar bizə bunu deməyə inam yaradır ki, əslində Rusiya-İran tərəfdaşlığı Azərbaycanı ABŞ-la yaxınlaşdıra bilər. Bu da rəsmi Bakının Ermənistanla qarşıdurmasında mövqeyini diplomatik arenada gücləndirə bilər".

AMİP liderinin köməkçisi, siyasi ekspert Əli Orucov isə qeyd etdi ki, Azərbaycan və Türkiyənin bütün sahələrdə əlaqələrini genişləndirməsi və regional güc sahibinə çevrilməsi, eləcə də türk dövlətlərinin və xalqlarının inteqrasiyası İran-Rusiya-Ermənistandan ibarət şər üçbucağının tədirginliyini artırmaqdadır: “Onların üçünü də birləşdirən bir məqsəd və bir hədəf var. O da regionda güc balansının dəyişməsinin və turançılıq ideologiyasının gerçəkləşməsinin qarşısını almaqdır. Həmçinin dünyada yeni münaqişə və gərginlik ocaqları yaratmaq, demokratik cəmiyyətlərə badalaq vurmaq hər üç dövlətdə təcavüzkarlıq və zorakılıq siyasi kursun ana xəttidir. Baxın, Şimali Afrikadan tutmuş Ön və Mərkəzi Asiya, Yaxın Şərq, Qafqazlar, Şərqi Avropa da daxil böyük bir coğrafiyanı İran və Rusiya qan gölünə çevirib. Yəmən, Liviya, Fələstin, Livan, İraq, Suriya, Ukrayna, İran və Rusiyanın bilavasitə iştirakı ilə silahlı münaqişə ocaqlarına çevrilib. Azərbaycan torpaqlarının işğal edilməsində və uzun illər işğal altında qalmasında, həmçinin maddi- mənəvi sərvətlərinin talan edilməsində və ekoloji fəlakətlərə məruz qoyulmasında Rusiya və İran müstəsna rol oynayıb.

Yeri gəlmişkən, faydalı yataqlarımızın qanunsuz istismarı və ekologiyanın məhv edilməsi prosesi Rusiya silahlı qüvvələrinin dəstəyi ilə indi də davam edir. Qərbin hər iki rejimə basqıları artdıqca Moskva və Tehran daha da yaxınlaşır. Təəssüflər olsun ki, Azərbaycan çox məkrli və qorxunc bu düşmənlərin əhatəsində yerləşir və təhlükə getdikcə artır. Həm də ona görə ki, Yunanıstan və Fransa kimi Aİ dövlətləri də təcavüzkarlara dəstək verir.

Son dövrlər Rusiya İran arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişafı Tehranın teokratik rejiminə ən müasir texnologiyalara əl çatma imkanı yaradır. Bu isə təkcə region üçün ciddi təhdid doğurmur, İsrail, ərəb dünyası və bir sıra Qərb dövlətləri və onun müttəfiqləri üçün də real təhdid yaradır. Tarixən İran, Türkiyə və Rusiya arasında ciddi rəqabət mövcud olub və bu rəqabət zaman-zaman müharibələrə gətirib. Söhbət həmin coğrafiyada mövcud olmuş imperiyalardan gedir. 1828-ci ildə Azərbaycanı da məhz İranla Rusiya öz aralarında bölüşdürüb ərazilərinə qatıblar. ABŞ və onun Qərb müttəfiqləri İran və Rusiyadakı diktatorlardan və onların ucsuz-bucaqsız ambisiyalarından özlərini sığortalamaq üçün Türkiyə-Azərbaycan müttəfiqliyinə dəstək verməlidir. Terrora dəstək verən, terrorçu dövlət olduqları təsdiqlənən İran və Rusiya ilə Ermənistana fərqli mövqe sərgiləmək ikiüzlülükdür və Qərbin strateji hədəflərinə ziddir. Rəsmi İrəvanın Qərbdən dəstək alması onu daha da aqressivləşdirir. Bu da dünyada sülhün və təhlükəsizliyin qorunmasına maneələr yaradır. ABŞ-ın dünyadakı maraqlarına açıq-aşkar surətdə qarşı çıxan Rusiya və İran, onlarla bir yerdə olan Ermənistan getdikcə daha başıpozuq bir hala düşməklə sülh, dayanıqlı inkişaf üçün ciddi risklər yaradırlar". (Yeni Müsavat)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.159452