Saat:12:28
Haqqımızda

İranın Zəngəzur xofu - dəhliz Tehranı niyə qorxudur?

2022-08-13 10:38:00

İranın Zəngəzur xofu - dəhliz Tehranı niyə qorxudur?

İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışarkən “İran Qafqazda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək” deyib: “İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir, Tehran sülh və sabitliyin təmin edilməsi, eləcə də Qafqaz regionunun böyüməsi və inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazırdır”.

Rəisi iki ölkə arasındakı münasibətləri tarixi və dərin kimi səciyyələndirərək, İrəvan və Tehran arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, iyulun 19-da İranın ruhani lideri Əli Xamneyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Tehranın Ankara və Bakının İran və Ermənistan sərhədini bağlamaq siyasətinə qarşı çıxacağını bildirmişdi. Burada söhbət İranın Zəngəzur dəhlizinə müqavimətindən gedir. İran prezidenti və ölkənin ali dini lideri Zəngəzur dəhlizini özləri üçün vahim bir məsələyə çeviriblər, buna görə Azərbaycana müxtəlif təhdid cəhdləri də edirlər.

İranın xofu ondan ibarətdir ki, Zəngəzur dəhlizi Türkiyə, Naxçıvanla Azərbaycanı birləşdirəndən sonra İran tranzit ölkə kimi ofsaytda qala bilər.

Ancaq bu, sadəcə, siyasi hikkə kimi görünür. İqtisadi-sosial baxımdan İran əslində indiki sanksiyalar altında cabaladığı dönəmdə Zəngəzur layihəsinə qoşulmaqla yeni böyük imkan və imtiyazlar qazana bilər.

Zatən, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra onun ərazisindən keçib Ermənistana gedən maşınlardan rüsum alınır. Bu, Azərbaycanın sərhəd haqqıdır. İran isə istəyir ki, 30 illik işğal dövründə olduğu kimi, Ermənistanla qanunsuz kommunikasiyanı, narkotranzit dəhlizini davam etdirsin...

İranın bu iddialarından çəkilməsi üçün hansı addımlar atılmalıdır? Onlara gerçəkliklər, yeni geosiyasi reallıqlar necə anladılmalıdır?

azer huseynov.JPG (30 KB)

Azər Hüseynov: “Bölgə ölkələri üzrə strateji tədqiqatlar olmalıdır”

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “İranın Ermənistana olan bu isti mövqeyi onu getdikcə hətta bir zamanlar nüfuza malik olduğu müsəlman dünyasında deskreditasiya edir. İranın ilk büdrəməsi Bəşər Əsəd rejimini dəstəkləməkdə oldu. Burada da Türkiyə ilə toqquşdu. İndi də Ermənistanla 1000 illik əlaqədən söz edirlər. 1000 il bundan əvvəl isə 1022-ci il idi və o zaman Ermənistan deyə bir dövlətmi var idi?! İranın bu cür addımlarının qarşısını almaq üçün iki istiqamətdə işləmək lazımdır. Biri İranın özü ilə. İranla münasibətləri ”kurasiya" edən məsul şəxslər onu bu yoldan çəkindirmək üçün daha cəzbedici konfiqurasiyalar təklif etməlidirlər. Ara-sıra Arazın sağ sahilindəki Azərbaycanı da yada salmaq lazımdır. Görünən odur ki, bu sahədə nə isə ehtiyatlılıq var. Mən İranın ərazi bütövlüyünün pozulmasını nəzərdə tutmuram. Çünki İran parçalanarsa, bölgədə yenə idarə edilə bilməyən xaos yaranar. Bu da üçüncü qüvvələrin maraqlarına uyğundur. Amma bu o demək deyil ki, Azərbaycan etnodemoqrafik təsir imkanlarından istifadə etməməlidir. Azərbaycan arada-sırada türk hökmdarları Şah İsmayıla, Uzun Həsənə, Nadir şaha, Şah Qacara təmtəraqlı ad günləri keçirib bunun üzərindən siyasi mesajlar verməlidir. Azərbaycan amilini İranın yadına salmalıdır. Bir də soydaşlarımızın siyasi şüurlarının artırılması və sivil formada öz hüquq və azadlıqlarının təminatı istiqamətində onlara yardım etməyimiz lazımdır. İkinci istiqamət isə Türkiyə ilə qardaşlıq və ittifaq konfiqurasiyalarını artırmaq lazımdır. Türkiyə bizi kiməsə təzyiq vasitəsi görmür. Amma digər qüvvələr üçün biz sadəcə önləyici vasitəyik və maraqları çərçivəsində bizi yolun yarısında qoya bilərlər. Necə ki, ukraynalıları qoydular. Onlar da sağ olsunlar, Arestoviçin timsalında Türkiyəyə yaman “təşəkkür” edirlər. Biz Türkiyə ilə siyasi ünsiyyətin daha sıx konfiqurasiyası üzərində işləməliyik. Yavaş-yavaş Türkiyə ilə konfederativ birləşməyə getmək lazımdır. Daha sonra bu birləşmə Turan geosiyasi konfiqurasiyası üçün əsas ola bilər. Kimsə buna utopiya kimi baxa bilər. Amma İkinci Dünya savaşı öncəsi Avropa İttifaqını da heç kim ağlına gətirə bilməzdi.  Digər tərəfdən, İranın müsəlman ölkələri amilindən bizə qarşı istifadə etməməsi üçün ərəb-müsəlman dünyası ilə əlaqələri gücləndirmək lazımdır. Əgər biz İrana digər amillər vasitəsilə təsir etmək istəsək, bu bizə qarşı bumeranq effekti doğurar. Eyni zamanda Ermənistanı çökdürməkdə davam etmək lazımdır. Ara-sıra sərhəd xətlərimizdə möhtəşəm hərbi aviasiyamız güc göstərişləri etməlidir. Separat qalıqların hələ yuvarlandıqları şəhər və kəndlər üzərində də davamlı Azərbaycan bayrağını çəkən hərbi aviasiyamız İranın regional müttəfiqini psixoz və stresdə saxlamalıdır. İrana da diplomatik dillə demək lazımdır ki, bizi incitmə, biz də səni incitməyək. Əks halda, bizim əllərimiz gödək deyildir. Bir də bölgə ölkələri üzrə strateji tədqiqatlar olmalıdır".

Siyasi analitik Asif Nərimanlı da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Rəisinin Paşinyana zəngi təsadüfi deyildi. Xüsusən son hadisələr fonunda. Çünki Rusiya Mehri-Əkərək deyilən yolda əlavə postlar qurmağa başladı, iki ölkə arasında müqaviləyə əsaslandılar. Həmçinin Rusiyanın əsaslandırması belədir ki, İran tərəfindən qanunsuz daşımalar artıb, hətta burada silahlı qüvvələrin keçməsi təhlükəsi var. Rusiyanın indi belə bir addım atması təsadüfi deyil. Heç də rəsmi açıqlamada göstərildiyi kimi görünmür. Fikrimcə, Rusiya indidən Zəngəzur dəhlizi istiqamətində öz logistikasını formalaşdırır, öz qüvvələrini ora toplayır. 10 noyabr razılaşmasının 9-cu bəndinə əsasən Azərbaycanla Naxçıvan arasında maneəsiz keçid verilməlidir. Bizim dəhliz dediyimiz bu yolu Rusiya qüvvələri təmin etməlidir. Rusiya bunu niyə indi etdi? Ermənistan tərəf bu dəhlizin olmasına razı deyil. Məhz razılaşmaların mütləq şəkildə olması baxımından, həm də regionun gələcəyi baxımından Rusiya bunu etməyə məcburdu”.

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı: “İran şərtlərlə razılaşmağa məcbur edilməlidir”

A.Nərimanlının sözlərinə görə, son dövrlər Tehran-Moskva-Ankara xəttində baş verənlər diqqət çəkir: “Tehran Sammitində Ərdoğan-Putin-Rəisi görüşü keçirildi və həmin görüşdə İranın həm Yaxın Şərq, həm də Qafqaz məsələsi, xüsusilə də Zəngəzur məsələsində əvvəlki mövqeyi dəyişmədi, onlar buna qarşı çıxdılar. Bu, Türkiyənin və Rusiyanın maraqlarına da ziddir. Təbii ki, regiondakı vəziyyətə şərtlər uyğun gəlmir. Ardınca Ərdoğan Soçidə Putinlə görüşdü. Bu vaxt hesab etmək olar ki, Ankara və Moskva bəzi məsələləri İransız həll etmək niyyətindədir. Bu prosesdən sonra məhz Rusiyanın Zəngəzur dəhlizinin keçdiyi istiqamətdə öz blok postlarını artırdığı haqda xəbərlər yayıldı. Fikrimcə, bu, İrana mesaj idi ki, İranın pozucu mövqeyi qəbul edilməyəcək. O cümlədən Rusiyanın artıq Zəngəzur dəhlizində öz qüvvələrini topladığını deyə bilərik. Bunun fonunda Rəisinin Paşinyana zəng etməsi də məhz bununla bağlıdır. Təsadüfi deyil ki, Rəisi Paşinyanla söhbətində Xamneyinin Ərdoğana Zəngəzur dəhlizi haqda dediyi fikirləri təkrarlayıb. Güman ki, İran tərəf Ermənistanla danışıqlarda  baş verənləri anlamaq istəyir. Ermənistan bəyanatlar versə də, Rusiyadan asılıdır. Burada dövlətlərarası müqavilə var. Bir növ Rusiya sərhədlərin qorunması adı ilə ilk addımı atır. Ermənistan bu məsələdə qarşı çıxa bilmir. Belə məqamda artıq proseslər yenidən, daha kəskin forma alır. Çünki İranın mövqeyini nəzərə almadan addım atılması ilə İranın daha sərt cavablar verə biləcəyi gözləntisi artır. Sirkə nə qədər tünd olsa, öz qabını çatladar, belə bir deyim var. Hazırda İranın mövqeyi sanki buna bənzəyir. İranın oynadığı əsas kart Ermənistandır, amma Ermənistanın burada həlledici rolu yoxdur. İkinci əsas rol Rusiyaya məxsusdur. İran çalışır, Rusiya üzərindən proseslərə mane olsun.  Amma regiondakı razılaşmalar ilk növbədə Rusiyanın marağındadır. Belə bir məqamda yenə Azərbaycan üzərindən təzyiqlər etməyə çalışacaqlar. Nəticə verəcəyini düşünmürəm. Lakin İranın ata biləcəyi addımları düşünəndə Azərbaycana qarşı çoxlu təzyiqlər ola bilər. Bu da həm din üzərindən, həm də başqa məsələlər üzərindən təzyiq ola bilər”.

Analitik “İranın mövqeyinə necə təsir etmək olar” sualına belə cavab verib: “Fikrimcə, Azərbaycan tərəfi bununla bağlı böyük addım atıb. İranla Azərbaycan arasında Zəngəzur dəhlizi ilə paralel şəkildə İran ərazisindən keçən yolun açılması anlaşması əldə edildi. Bu, İran üçün regionda verilə biləcək ən böyük jestlərdən biridir. Təbii ki, Azərbaycan tərəfinin bu yolda öz maraqları var. Çox böyük strateji addımdır deyə düşünürəm, həm Ermənistanın təzyiqi baxımından, həm də Zəngəzur dəhlizi açılsa belə, gələcəkdə lazım olsa alternativ yolun yaradılması baxımından Azərbaycanın strateji maraqlarına uyğundur. Bu həm də İranın maraqlarına uyğundur. Bizim İrana verə biləcəyimiz bu idi, bunu da etdik. Görünür, İran qəbul etmək niyyətində deyil. İndiki halda iki yol var. İrana Zəngəzur yolunda iştirakçılıq payı vermək. Fikrimcə, İranın əsas istəyi budur. Belə bir informasiya yoxdur, amma ehtimal edilir ki, bunlar da Rusiya təhlükəsizlik qüvvələri kimi bölgədə hansısa formada təmsilçilik istəyirlər. Bu da mümkün deyil. Bu, Rusiyanın maraqlarına ziddir, həm də o zaman üçüncü əsas güc olan Türkiyə faktoru önə çıxır, o, əsas iştirakçı olmalıdır. İran, sadəcə olaraq, şərtlərlə razılaşmağa məcbur edilməlidir, bunun da yolu  siyasi addımlardan keçir”.

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR