“İranın kəşfiyyat orqanları müxtəlif xeyriyyə təşkilatları adı altında Azərbaycanda fəaliyyət göstərir” — Deputat

2022-11-18 22:56:00

“İranın kəşfiyyat orqanları müxtəlif xeyriyyə təşkilatları adı altında Azərbaycanda fəaliyyət göstərir” — Deputat

“Ölkəmiz region ölkələri ilə münasibətlər müstəvisində ancaq dostluq, mehriban qonşuluq, səmərəli əməkdaşlıq prinsiplərinə üstünlük verir. Dövlət başçısı istənilən görüş və çıxışlarında milli maraqlardan irəli gələn fikirləri açıq-aydın ifadə edir: “Azərbaycan heç vaxt digər ölkələrin daxili işlərinə müdaxilə etmir və öz daxili məsələlərinə, xarici siyasət prioritetlərinə istənilən müdaxilənin, maneçilik törətmək cəhdlərinin qarşısını almaq iqtidarındadır. Bu gün Azərbaycanın tarixi Zəfərini həzm etməyərək işğalçı Ermənistana dəstək olan ölkələr arasında İranın da adının çəkilməsi təəssüf doğurur. Hər zaman islam dövləti olduğunu iddia edən İranın, başqa bir müsəlman ölkəsi olan Azərbaycan Respublikasına qarşı qərəzli mövqeyini görməmək mümkün deyil. Özlərini dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rəhbərləri Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını niyə tələb etmir? İran həmişə təcavüzkar və xristian Ermənistana arxa, dost, qardaş çıxıb, müsəlman Azərbaycana qarşı isə xəyanətkar siyasət yürüdüb. İrandan fərqli olaraq, Azərbaycan dövləti hər zaman rəsmi Tehrana qarşı daha demokratik və diplomatik yollarla münasibət saxlayıb. Halbuki, İranın kəşfiyyat orqanları müxtəlif xeyriyyə təşkilatları adı altında Azərbaycanda fəaliyyət göstərir, onların televiziya kanallarında açıq şəkildə Azərbaycan xalqının və dövlətinin əleyhinə hər gün yalan və təxtibat xarakterli xəbərlər yayılır”.
Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.  Deputat qeyd edib ki, bu gün regionda ədaləti, beynəlxalq hüququ bərpa edən Azərbaycan oldu. 
“İran isə əksinə, istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə ikiüzlü siyasətini davam etdirir. Hətta Birinci Qarabağ müharibəsinin qızğın çağında İran Ermənistana aktiv dəstək verirdi. 1993-cü ildə, savaşın qızğın vaxtında Ermənistan prezidenti Robert Köçəryan parlamentin iclasında bunu belə ifadə etmişdi: “Əgər İran 3 gün yardımlarını dayandırsa Ermənistan nəinki müharibədə məğlub olar, hətta tamam məhv olar.  İran tərəfi  Ermənistan ordusunu  mavi yanacaqla təmin etməklə, hər zaman  bizim hərbçilərimizə dəstək olacağını sübut edib.”  Ermənistanın 30 il davam edən işğalı dövründə İran, Qarabağ və Şərqi Zəngəzurda  Azərbaycan xalqına məxsus milli-mədəni irsin məhv edilməsinə, məscidlərin dağıdılmasına və təhqir olunmasına göz yumdu. İrəvanda, Şuşada guya fars mənşəli, əslində isə bu torpaqların əzəli sahibləri olan azərbaycanlılara məxsus bir-iki məscidi bərpa etməklə  Ermənistanın "humanist" simasını qoruyub saxlamağa çalışdı. İran şirkətləri işğal illərində Azərbaycanın zəbt edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak etdilər. 44 günlük Vətən müharibəsi dövründə  isə  ölkəmizin qələbə qazandığına əmin olduqdan sonra dəstək ifadə edən bəyanat verdi. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına qədər ölkəmizə qarşı hər cür vasitələrdən istifadə etdi”. 
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın İranla bağlı dostluq prinsipinə əsaslanan siyasətinə rəğmən, Tehran anti-Azərbaycan fəaliyyətini dayandırmaq istəmədiyini zaman-zaman nümayiş etdirir. 
“Bunun ən bariz sübutu İranın işğalçı və terrorçu Ermənistanla münasibətlərini günü-gündən genişləndirməsidir. Özlərini daim haqq, ədalət tərəfdarı kimi göstərən, amma əməllərində fərqli yanaşmalar ortaya qoyan İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt”olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, ölkəmizlə sərhəddə hərbi təlimlər keçirir, hətta, bu təlimlər zamanı Araz çayını keçməyi məşq etməklə bizə “əzələ” nümayiş etdirirlər. Artıq açıq şəkildə bütün mümkün vasitələrlə təcavüzkar Ermənistanın yanında olduqlarını göstərməkdən  belə çəkinmirlər. İşğal dövründə Ermənistanla İran arasında geniş  iqtisadi əlaqələr olub və  birgə layihələr üzərində işləyiblər. İranla Ermənistan arasında uzunluğu 140 kilometr olan qaz kəməri çəkilib. Boru xəttinin tikintisinə 2006-cı il dekabrın 20-də başlanıb, açılışı 2007-ci il martın 19-da reallaşıb. Ermənistan Azərbaycanın işğal edilmiş Qarabağ ərazilərinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi yük maşınları ilə yanacaq və silah daşıyıb.  Azərbaycanın İranla sərhəddə yerləşən, işğal altında olan ərazilərinə bu illər ərzində faktiki olaraq SEPAH nəzarət edib. Qərb mətbuatının məlumatlarına görə, Tehran uzun müddət bu marşrutdan Əfqanıstandan son təyinat məntəqəsinə Avropaya qanunsuz narkotik trafiki üçün istifadə edib. İranda dövlət nömrə nişanlı yük maşınları sürən İran qaçaqmalçıları açıq şəkildə narkotik maddələri Araz çayı üzərindən Qarabağa və arxa giriş vasitəsilə Avropaya daşıyıb, bu barədə aparıcı dünya mediasında kifayət qədər materiallar dərc edilib.
K.Bayramov vurğulayıb ki, dünya multikulturalizmin ünvanlarından biri olan Azərbaycandan fərqli olaraq, İran, hər zaman fərqli ölkələr üçün dini zəmində təhdid yaradıb. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması üçün Azərbaycanın Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməyə  çağırışlar etdiyi indiki məqamda  İranın  vəziyyəti gərginləşdirmək cəhdi birmənalı qarşılana bilməz. 
“İranın  Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə bizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil. İnformasiya təhdidləri və təxribatları ilə Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm meyillərini yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq və ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək qonşu ölkənin xarici siyasətinin əsas xüsusiyyətlərindəndir. Bu gün İranın təsiri altında olan, bu ölkənin müxtəlif mənbələrindən maliyyə alan iranmeyilli "5-ci kolon" fəalları başa düşməlidirlər ki, din pərdəsi altında gizlənən İran mollaları çirkin niyyətlərini həyata keçirmək üçün  onlardan öz xalqına və dövlətinə, ölkəmizin milli maraqlarına qarşı istifadə edirlər. Artıq İranın Azərbaycandakı casus şəbəkəsi ifşa edilib, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Cənub qonşumuz bilməlidir ki, bu cür əməllərlə heç nəyə nail olmayacaqlar. Çünki Azərbaycan güclü, möhkəm, dövlət sisteminə, xalq həmrəyliyinə malik olan dövlətdir. Bu dövləti nə xarici, nə də daxili təzyiqlərlə zəiflətmək mümkün deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ölkə qarşısında duran bütün vəzifələri həll etmək üçün Azərbaycanda hər şey vardır - həm siyasi iradə, düşünülmüş siyasət, səfərbərlik, eyni zamanda, xalqla iqtidar arasında birlik və bizim təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi”.

Aynurə 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.123590