“İranın Dünya Azərbaycanlılarının V Qurultayını pantürkistlərin toplantısı adlandırması bizim üçün təhqir yox, əksinə ən gözəl tərifdir”,- politoloq Turan Rzayev

2022-04-21 15:51:00

“İranın Dünya Azərbaycanlılarının V Qurultayını pantürkistlərin toplantısı adlandırması bizim üçün təhqir yox, əksinə ən gözəl tərifdir”,- politoloq Turan Rzayev

Xəbər verildiyi kimi, İranın “Sepah” və kəşfiyyat nazirliyi - ETTELAAT nazirliyinə yaxın media qurumları bu günlərdə Şuşada keçiriləcək Zəfər Qurultayına qarşı təxribat xarakterli yazılar dərc edir və qurultayı pantürkistlərin anti-İran toplantısı adlanrırırlar.

 “Dəflərlə bildirilmişdi ki, Əliyev Qarabağı nəzarətə götürsə, bizim sərhədlərimiz anti-iran və separatçıların fəaliyyət mərkəzinə çevriləcək. Qarabağda keçirilməsi nəzərdə tutulan qurultay öz-özlüyündə anti-İran hərəkətidir və burada pantürkist qrupların toplaşması İrana qarşı müharibə elan etməkdir. Qurultayda İsrail casusları və MİT-in məmurları başqa adlar altında iştirak edəcəklər”, - deyə ETTELAAT-a yaxın “Azəriha” saytının "Telegram" kanalı yazıb.

 

Bununla yanaşı, İranın bir sıra sosial media qruplarında qurultayın keçirilməsi ilə bağlı mənfi yazılar dərc edilib və bunun İranı hər tərəfdən mühasirəyə almaq cəhdi kimi dəyərləndirilib.

 

Politoloq Turan Rzayev  “Hurriyyet”az.-a açıqlamasında sözügedən məsələyə münasibət bildirib:

“Azərbaycan növbəti tarixi hadisənin astanasındadır. Bu hadisəni ən yeni tariximizin başlanğıcı da adlandırmaq olar. Söhbət 22-23 aprel tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayından gedir.

Şuşa Azərbaycan üçün istər mənəvi, istərsə də mədəni baxımdan mühüm bir şəhərdir. Təsadüfi deyil ki, geridə qoyduğumuz 28 illik işğal dövründə Şuşa şəhəri qələbəyə olan inamın rəmzi kimi qiymətləndirilirdi. Şuşa şəhərinin işğal prosesi dövründə misli ilə artan dəyəri, simvolik mənası bu gün də özünü göstərir. Belə ki, Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı həm də Zəfər Qurultayı kimi tarixə düşəcək”.

Politoloq sözügedən tarixi hadisəni ləkələmək, mahiyyətini məqsədyönlü şəkildə qaralamaq istəyən qüvvələrin olduğunu təəssüflə qeyd edib: “Söhbət İran mediasının Şuşada keçiriləcək Zəfər Qurultayına qarşı təxribat xarakterli yazılar dərc etməsindən gedir. Yazıların bir çoxu ilə tanışam. İran media qurumları qurultayı pantürkistlərin anti-İran toplantısı adlandırırlar.

Ümumiyyətlə bu yanaşma doğru olmadığı kimi xəstə təfəkkürün məhsuldur.

Əvvəla, ona görə ki, Azərbaycanın heç vaxt heç bir ölkəyə qarşı təxribat xarakterli fəaliyyəti olmayıb. Xüsusilə də İrana qarşı. Amma buna baxmayaraq, İran Azərbaycana qarşı hər zaman öz çirkin niyyətini göstərib. Misalçün, 44 günlük müharibə zamanı Ermənistana göndərilən 500 tona yaxın silah-sursat məhz İran ərazisindən keçərək Ermənistana çatıb. Sual yaranır- Azərbaycan İrana qarşı anti-İran toplantısı təşkil edir, yoxsa İran Azərbaycana qarşı türkfob siyasət aparır?

Turan Rzayev həmçinin bildirib ki, İranın Dünya Azərbaycanlılarının V Qurultayını pantürkistlərin toplantısı adlandırması bizim üçün təhqir yox, əksinə ən gözəl tərifdir: “Hətta qürurla deyə bilərəm ki, qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Bu işğaldan azad edilən ərazilərin əsl sahibinə qayıtdığını dünya miqyasında elan etmək üçün əvəzsiz fürsətdir. Əlbəttə qalib Azərbaycanı gözü götürməyənlərin bağrını çatdadmaq üçün də.

Nəticə etibarilə Dünya Azərbaycanlılarının V Qurultayını ən yeni Azərbaycan tarixinin başlanğıcıdır. Bizim üçün mühüm tarixi hadisədir. İran bu qurultaydan özü üçün istənilən sərsəm, əsassız, məntiqi dayağı olmayan nəticə çıxara bilər. Biz öz haqq işimizi hər zaman beynəlxalq təzyiqlərə rəğmən görmüşük. Bu gün də davam edirik”,- deyə Turan Rzayev fikrini tamamlayıb.

RUNA

 

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya