İranın Bakı siyasəti ifşa olundu: Xamenei açıq hücum edir

2022-07-21 14:55:00

İranın Bakı siyasəti ifşa olundu: Xamenei açıq hücum edir

İranın Azərbaycana qarşı onillərdir davam edən siyasəti hər zaman hansısa ifadələr və ibarələrlə ört-basdır edilib: ancaq Vətən müharibəsi gedişində İran bütövlükdə öz simasını ortaya qoydu.

Xatırlayıram:

- İran ordusu Xudafərin ətrafında Ordumuzun önünə çıxmış, onun hücumunu ləngitmiş, guya anlaşılmazlığı aradan qaldırmağa çalışmış, nəticə etibarilə qaçan ermənilərin vaxt qazanmasına və toparlanmasına səbəb olmuşdu;

- Gürcüstan Rusiyadan Ermənistana silah daşınmasının qarşısını almaq üçün Rusiya hərbi nəqliyyat təyyarələri üçün hava məkanını bağlamışdı, İran isə Ermənistana silah daşınması üçün çox aktiv rol oynayırdı. Sərhədə yığılan yüzlərlə yük maşınının üzərində hərbi texnikaların Ermənistana daşınmasını əks etdirən görüntülər də yayılmışdı;

- İran müharibə zamanı və müharibədən sonra Ermənistanın yanacaqla təmin olunmasında müstəsna rol oynayırdı. Həm də yalnız Ermənistanı deyil, müharibədən qısa müddət sonra İran yük maşınlarının Xankəndidəki separatçı tör-töküntülərinə yanacaq daşıdığı ortaya çıxdı;

- İran şirkətlərinin həm işğal zamanı, həm də Vətən müharibəsindən sonra rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşma aparan ermənilərə tikinti materialları ilə yardım etdiyi də medianın üzə çıxardığı faktlardandır...

İran 30 illik işğal dönəmində Ermənistanın əsas iqtisadi dayağı olub: Azərbaycanın blokada siyasəti və Ermənistanı iqtisadi baxımdan çökdürmək, işğal siyasətindən imtinaya vadar etmək təşəbbüslərinin böyük ölçüdə uğur qazanmasına hər zaman İran mane olub. İran Ermənistana yalnız siyasi dəstək göstərməyib, iqtisadi yardımları ilə bu ölkənin işğalı davam etdirməsinə vəsilə olub.

İran Azərbaycana molla-təbliğatçı göndərib, burdan müxtəlif adlarla “nəzir-niyaz” yığdırıb, Ermənistana isə yanacaq, qida, tibb ləvazimatları hədiyyə edib – aşkarda; digər məxfi yardımların da olduğu ehtimalı çox yüksəkdir.

Müharibədən sonra İranın Araz sərhədinə yüzminlik ordu toplaması və Azərbaycanı hədələməsi də ötən ilin hadisəsidir – hər kəsin yaxşı yadındadır.

Birinci Qarabağ savaşında İranın Ermənistana aktiv yardımı, ABŞ ordusunun qətlə yetirdiyi məşhur general Qasım Süleymaninin ermənilər tərəfdən Qarabağda olması və erməni terrorçularla birgə fotoları da yaddan çıxmamalıdır.

İran Azərbaycanın zəif, parçalanmış, torpağı işğal edilmiş olmasını istəyib, istəyir və istəyəcək.

Xameneinin son tviti sübut etdi ki, Ermənistanın 10 noyabr 2020-ci il bəyanatının tələblərini yerinə yetirməməsinin əsas səbəbkarı Tehrandır. İran Azərbaycan Ordusunun canı-qanı hesabına geri aldığı torpaqlar haqda bir söz deyə bilmir, ancaq rus sülhməramlıların nəzarəti altında qalan ərazilərin “dondurulması” üzərində işləyir.

10 noyabr bəyanatına görə Zəngəzur yolu dəhliz statusundadır və bunu hər kəs yaxşı bilir: İran ən sərt şəkildə bunu Ermənistanla sərhədinin bağlanması kimi “qəbul” edir və birmənalı və net şəkildə buna imkan verməyəcəyini bildirir – həm də bunu “min illərdir mövcud olan yol” deyə, riyakarcasına tarixi saxtalaşdırmaqla edir.

Ermənistanın bir-birinin ardınca təzadlı bəyanat və açıqlamalarının da səbəbini burda axtarmaq gərəkdir. Ən son təzadlı açıqlamaların səbəbini isə Əli Şamxaninin İrəvana səfərində axtarmaq lazımdır. Əli Şamxani Ermənistan TŞ katibi Armen Qriqoryanla görüşdə “Meğri azad iqtisadi zonasının” çiçəkləndirilməsi və inkişaf etdirilməsindən, Şimal-Cənub dəhlizindən, Zəngəzurun iqtisadi inkişafı üçün İranın əlindən gələni edəcəyindən danışdı, Paşinyanla görüşdə isə “geosiyasi vəziyyəti dəyişməyə cəhd edənlərə” barmaq silkələdi, “yalnız və yalnız sərhədlərin bütövlüyü və ölkələrin suverenliyi qorunmaqla” kommunikasiyaların açılmasına razı olacaqlarını bildirdi.

Birbaşa Azərbaycana, Türkiyəyə qarşı aparılan siyasətdir: İran Azərbaycanın Naxçıvanla koridorla birləşməsinə və Türkiyədən Bakıya qədər maneəsiz əlaqənin olmasına imkan verməmək üçün hər şey edir!

30 illik işğal zamanı ölkələrin ərazi bütövlüyünün İranın “qırmızı xətti” olmasını bircə dəfə də dilə gətirməyən İran az qala hər gün Ermənistanla bağlı “ərazi bütövlüyünün” “qırmızı xətti” olmasından bəhs edir!

Bütün beynəlxalq qurumlarda, bütün ölkələr tərəfindən Azərbaycanın ərazisi daxilində qəbul edilən Xankəndinin məhz Azərbaycan şəhəri olduğunu İran bircə dəfə də dilə gətirib, Azərbaycanın ərazi bütövlüyünü indi də “qırmızı xətti” adlandırmayıb - əksinə, Xankəndidəki separatçılara yanacaq, qida, tikinti materialları hədiyyə etməklə ərazi bütövlüyümüzü pozur.

Xameneinin - bu azərbaycanlının Azərbaycana düşmənçiliyi hələ Heydər Əliyevin İran səfərində üzə çıxmışdı. Xamenei rəsmi mərasimdə farsca nitqini ruscaya çevirtdirmiş, bunu guya “bəs, elə bilirik sizin rəsmi diliniz ruscadır” utanmaz hiyləgər-yalançılığı ilə izah etməyə çalışmışdı.

Heydər Əliyevin ona necə cavab verdiyini BURADAN oxuyarsınız.

Hələ Xəzər dənizini “Mazandaran gölü” adlandırmaq məsələsi, 1999-cu ildə su sərhədimizi İran gəmilərinin çıxarıb atması və qırıcılarını Cəlilabada qədər göndərməsi...

Həmin günlərdə Türk Şahinlərinin Bakı səmasından İrana göz dağı verdiyi də hər kəsin yadındadır.

Eyni siyasət davam edir – ancaq indi daha açıq, daha aqressiv şəkildə.

İndi malalamırlar, ört-basdır etmirlər, birbaşa Ermənistanı dəstəklədiklərini nümayiş etdirirlər və həddən artıq yanlış bir siyasət yeritdiklərinin də fərqində deyillər.

Regionda vəziyyət dəyişdi: İranın dəstəklədiyi Ermənistan məğlub oldu, darmadağın edildi, işğalçı siyasətə son verildi, Türkiyənin dəstəklədiyi Azərbaycan öz siyasi, hərbi, iqtisadi qüdrəti ilə regionun mənzərəsini cızır.

İran 30 illik siyasətindən – Ermənistana onmilyardlarla vəsait xərcləməsindən geri dura bilmir, uduzmasını qəbul etmir və qalibin, həm də adilin, ədalətin və haqqın yanında durub, daha mükəmməl siyasət aparmağı bacarmır. Aparmayacaq da...

Ona görə də Şimali Azərbaycanda hər zaman İsrail sevgisini görəcək: yalnız ona görə yox ki, “düşmənimin düşməni dostumdur”, həm də ona görə ki, 44 günlük savaşda Azərbaycan İsrail “Harop”ları ilə İranın ötürdüyü zirehli texnikaları məhv edirdi.

Həm də ona görə ki, Bakını Dəmir Qübbə də qoruyurdu.

Həm də ona görə ki, məsələn, Aqarunov Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşub, Milli Qəhrəmanımızdır, Qasım Süleymani isə Ermənistan ordusuna təlim keçirdi...

İsrailin Bakıdakı səfiri Corc Dikin tviti ona görə bu qədər sevgi ilə qarşılandı – çünki “azərbaycanlı” Xameneinin Bakıya qarşı aqressiv atmacasına mükəmməl cavab idi.

İranın Bakıdakı səfirinin cavabı isə ona görə sosial şəbəkələrdə təhqirlərlə müşayiət olunur...

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.076055