Saat:10:15
Haqqımızda

İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə başlaması nə ilə bağlıdır?

2021-09-21 09:46:00

İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə başlaması nə ilə bağlıdır?

"İranın təlimləri Azərbaycan, Türkiyə və bəzi dost dövlətlərin xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir"

Samir Hümbətov: "İrandakı bəzi qüvvələrin atdığı təxribatçı addımların əsas məqsədi bölgədə süni gərginliyi daha da artırmaq və qeyri-stabilliyi qalıcı etməkdir"

Asif Nərimanlı: "İranın dini müstəvidə Azərbaycana müdaxilə rıçaqları xeyli zəiflədilsə də, hələ də qalır və qarşıdakı dövrdə yenidən aktivləşdiriləcək"

Əli Hacızadə: "İran da Rusiya kimi, Ermənistanı və Xankəndidəki separatçı qalıqlarını dəstəkləməkdə son dərəcə maraqlıdır"

Azərbaycan-Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimləri, o cümlədən Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İran nömrəli maşınların polislərimiz tərəfindən yoxlanılması şovinist fars-molla rejimini ciddi şəkildə əndişələndirib. Belə ki, quyruğu qapı arasında qalan İranın SEPAH qüvvələri buna cavab olaraq, Azərbaycanla sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verib. Hələ bu, azmış kimi, İranın dini lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana hədə-qorxu gələrək, "şirin quyruğu ilə oynamamağı" məsləhət görüb. Deyəsən, bu zavallı hələ də qanmır (bəli, anlamır yox, məhz qanmır- V.B.) ki, bu gedişlə şiri sirkdə əl meymunu kimi oynadacaqlar.

"İranın Azərbaycana qarşı təhdidi təkcə sərhəddə hərbi təlimlərlə bitmir, eyni zamanda ideoloji və psixoloji baxımdan da təhdid etməyə çalışır"

Təbii ki, İranın siyasi, hərbi və ideoloji təhdidləri Azərbaycanı yolundan döndərən, rəsmi Bakının siyasi kursunu dəyişən deyil. "Hürriyyət"in məlumatına görə, mövzuya təxminən, bu konteksdən yanaşan "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov da hesab edir ki, İranın Azərbaycana qarşı təhdidi təkcə sərhəddə hərbi təlimlərlə bitmir, eyni zamanda ideoloji və psixoloji baxımdan da təhdid etməyə çalışır: "İran yenə öz ağlına görə bizi təhdid etməyə çalışır. İranın əsas kəşfiyyat qüvvələrindən hesab edilən SEPAH qüvvələri Arazın o tayında, yəni İran ərazisində hərbi təlim keçirməyə başlayıb. SEPAH-ın təşkil etdiyi bu təlimlər Horadizin paralel istiqamətdə yerləşən Aslandüzdən İranın Culfa ərazilərinədək geniş ərazini əhatə edir. Nəzərə almaq lazımdır ki, II Qarabağ savaşında Horadizdən başlayaraq, Mehri rayonuna qədər işğal altında olmuş ərazilərimizin işğaldan azad olunub. Sözügedən təlimlər də məhz bu ərazidə keçirilir. O zaman buradan belə qənaətə gəlmək olar ki, İranın atdığı bu addım Azərbaycanı hərbi müdaxilə ilə təhdid etmək anlamı daşıyır. Məsələ burasındadır ki, İranın Azərbaycana qarşı təhdidi təkcə sərhəddə hərbi təlimlərlə bitmir, eyni zamanda ideoloji və psixoloji baxımdan da təhdid etməyə çalışır. Belə ki, daim Azərbaycana qarşı düşmən münasibəti ilə tanınmış İranın dini lideri Ayətullah Xameneinin Ərdəbil üzrə nümayəndəsi və eyni zamanda, imamcüməsi olan ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana qarşı təhdid xarakterli fikirlər səsləndirib. O, cümə xütbəsində Azərbaycana "şirin quyruğu ilə oynamamağı" məsləhət görüb. Buradan belə başa düşmək olar ki, Amili İranı şirə bənzədir. Amilidən soruşmaq lazımdır ki, İran şirdirsə, nə zamandan bəri şirlə Ermənistan kimi çaqqal qardaş olub? Amili bu xütbəsində təkcə Azərbaycanı deyil, eyni zamanda qardaş ölkələr Türkiyə və Pakistanı da hədələmək eşqinə düşüb".

Siyasi ekspert onu da əlavə edib ki, İranın Azərbaycandakı səfiri Abbasəli Musəvinin son ay yarımda iki dəfə prezidentin köməkçisi Hikmət Hacıyevlə və bir dəfə baş nazirin müavini Şahin Mustafayevlə görüşünü təsadüf hesab etmək olmaz: "Eyni zamanda, Azərbaycanın İrandan Ermənistana gələn Gorus-Qafan yolunu bağlaması da tam qanunauyğun hal kimi qəbul edilməlidir. Əgər İranın niyyəti təmizdirsə, niyə Azərbaycanın atdığı addımlar ona qarşı qıcıqlandırıcı gəlir? Əgər İran həqiqətən də Azərbaycanı qardaş ölkə bilirsə, o zaman niyə atdığı addımlarda Azərbaycanın mövqeyini nəzərə almır? Fikrimcə, İrandakı bəzi qüvvələrin atdığı bu təxribatçı addımların əsas məqsədi bölgədə süni gərginliyi daha da artırmaq və qeyri-stabilliyi qalıcı etməkdir".

"Amilinin açıqlamasından sonra "Hüseyniyyun" qruplaşması da hərəkətə keçdi, Türkiyənin Azərbaycanda mövcudluğuna dil uzadır, İranın Xankəndiyə yük daşımasına, separatçılara dəstəyinə haqq qazandırır"

Siyasi ekspert Asif Nərimanlı isə bu qənaətdədir ki, Arazboyu təlimə başlayan İran "Azərbaycan legionu"na da Bakıya qarşı hücum əmri verib: "Keçmiş Azərbaycan vətəndaşları, müharibədən öncəyə qədər Azərbaycanın inanclı auditoriyası üzərində mollaların təbliğatını aparan "nur-az" səhifəsinin idarəçiləri olan "Hüseyniyyun" qruplaşması yenidən aktivləşdi. Bu qruplaşmaya Tohid İbrahimbəyli, Orxan Məmmədov, İsgəndər Hüseynzadə və digərləri daxildir. II Qarabağ müharibəsində İran Azərbaycana qarşı hücuma ara verən kimi bu qruplaşma və onların təbliğatı da yoxa çıxdı. Hərçənd, Tovuz döyüşləri ilə Vətən müharibəsi arasındakı dövrdə Türkiyənin Azərbaycana dəstəyini Şah İsmayıl-Sultan Səlim müstəvisində təqdim edir, "Türkiyə Azərbaycanı işğal edəcək" iddialarını tirajlayırdılar. Müharibə və sonrakı dövrdə Azərbaycana "fitva", Ermənistana real dəstək verən İran Bakının praktiki reaksiyası ilə üzləşən kimi "dişini qıcadı". Hərbi təlimlər keçirir və bəyanatlar verir". Onun fikrincə, Tehranın Bakıya qarşı ən "təsirli" rıçağı məhz dini müstəvidə təbliğatıdır: "Xameneinin nümayəndəsi, Ərdəbil imam cüməsi Seyid Həsən Amilinin "quyruqlu şir" açıqlamasından sonra bu Vətən xainləri də hərəkətə keçdi. Orxan Məmmədov yenidən Türkiyənin Azərbaycanda mövcudluğuna dil uzadır, İranın Xankəndiyə yük daşımasına, separatçılara dəstəyinə haqq qazandırır. Bu, prosesin başlanğıcıdır və daha şiddətli formada davam edəcək. İranın dini müstəvidə Azərbaycana müdaxilə rıçaqları xeyli zəiflədilsə də, hələ də qalır və qarşıdakı dövrdə bu rıçaqlar yenidən aktivləşdiriləcək".

"Bu gərginliyin zirvəsi Bakının İrandan qanunsuz şəkildə Qarabağa gedən qaçaqmalçılıq axınını dayandırması və Bakı ilə Ankara arasında artan xəttlə davam edən aktiv hərbi əməkdaşlıq olub"

"Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Əli Hacızadə isə məsələyə bir qədər geniş baxmağı doğru hesab etdiyini vurğulamaqla yanaşı, İranın da Rusiya kimi, Ermənistanı və Xankəndidəki separatçı qalıqlarını dəstəkləməkdə son dərəcə maraqlı olduğunu ifadə edib: "Müharibə zamanı İran tərəfi SEPAH-ın böyük qüvvələrini İran-Azərbaycan sərhədi boyunca, habelə, o zaman hələ işğal altında olan və hərbi əməliyyatların getdiyi ərazilərə yaxın cəmləmişdirmişdi. Daha sonra isə Tehran müxtəlif vasitələrlə müharibənin nəticələrindən narazılığını ifadə edirdi. Azərbaycandakı İran agentlərinin bəh-bəhlə reklam etdiyi "İrandan gələn təbrik" mesajlarına çox fikir verməyin, bu fars siyasətinin, ana ünsürüdür. Sözlərə yox, əməllərə baxmaq lazımdır. Azərbaycan sərhədçiləri Zəngəzur istiqamətində bizim sərhədi nəzarətə götürdüyü vaxtda isə İran hərbi nümayəndə heyəti İrəvana təcili səfər edir, onların ardınca isə Ermənistandakı İran səfiri də Zəngəzura yollanaraq "mübahisəli" əraziləri ziyarət edir. Bütün bu müddət ərzində İran tırları müxtəlif təyinatlı yükləri Qarabağın müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilən hissəsinə daşımağa davam edirdi. Sözsüz ki, İran da Rusiya kimi, Ermənistanı və Xankəndidəki separatçı qalıqlarını dəstəkləməkdə son dərəcə maraqlıdır".

İran mediasının və siyasətçilərinin Azərbaycan əleyhinə şər, təhdid və böhtan kampaniyası apardığını deyən Əli Hacızadə də hesab edir ki, bu gərginliyin zirvəsi Bakının İrandan qanunsuz şəkildə Qarabağa gedən qaçaqmalçılıq axınını dayandırması və burada qanun-qayda yaratmaq cəhdi və əlbətdə ki, Bakı ilə Ankara arasında artan xəttlə davam edən aktiv hərbi əməkdaşlıq olub: "Bütün bunlar Tehranda olan narahatlığı biraz da artırdı. Bu fonda İran Azərbaycan sərhədlərində irimiqyaslı hərbi təlimlərə başladı. Təlimlərdə əsasən SEPAH qüvvələri iştirak edir və bu qüvvələr Tehranın əlində olan ən döyüşkən qüvvələr sayılır. İran ordusunun isə vəziyyətini anlamaq üçün təlimlər zamanı özlərinin vurduğu təyyarə və gəmilərinə baxmaq olar. Prinsipcə, istədikləri qədər təlim keçirə bilərlər. Bu təlimlər Azərbaycan və Türkiyənin, habelə, bəzi dost dövlətlərin xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. Bizim isə İrana hücum etmək kimi bir planımız yoxdur".

"Biz SEPAH-ı və İran mollalarını özündən çıxarmışıq, onları narkotrafikdən gələn gəlirdən məhrum etmişik"

Bundan başqa, İranda sıravi narkotacirlərin gününün qara olduğunu deyən siyasi şərhçinin sözlərinə görə, bu sahə, xüsusən ixrac hissəsi SEPAH başda olmaqla, yerli xüsusi xidmət orqanlarının əlindədir: "1990-cı illərin ortalarından sonra Ermənistan prezidenti olmuş Qarabağ separatçıları, işğal olunmuş ərazilərimizdə narkotik istehsalına başlayır. Onlar İran tərəfi ilə də əməkdaşlıq quraraq, iranlılar üçün narkotrafik qurmağa şərait yaradır. İrandan gələn narkotik vasitələr, Qarabağda istehsal olunan narkotiklərlə birlikdə Ermənistan üzərindən Avropa və Rusiyaya göndərilir. Bu sxem onilliklərlə işlədi və sahiblərinə yüzmilyonlarca dollar gəlir gətirirdi. Qeyd edim ki, İranda sıravi narkotacirlərin "günü qaradı", onlara "işləməyə" imkan vermirlər. Bu sahə, xüsusən ixrac hissəsi SEPAH başda olmaqla, yerli xüsusi xidmət orqanlarının əlindədir. 44 günlük müharibə nəticəsində İran-Azərbaycan sərhədi tam nəzarətə götürüldü və bu trafikə son qoyuldu. Uzun sözün qısası, biz SEPAH-ı və İran mollalarını özündən çıxarmışıq, onları narkotrafikdən gələn gəlirdən məhrum etmişik. Bundan əlavə, Qarabağa gedən qaçaqmalçılığın da qarşısını alırıq. Belə getsə, Ermənistan bunlar üçün vasitə olmaqdan çıxacaq".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR