Saat:01:20
Haqqımızda

İRANIN AZƏRBAYCANA QARŞI AÇIQ SAVAŞI - Ermənidən çox “ermənilik” edən fars rejimi ölkəmizə qarşı hər tərəfdən hücuma keçib

2022-08-09 12:19:00

İRANIN AZƏRBAYCANA QARŞI AÇIQ SAVAŞI - Ermənidən çox “ermənilik” edən fars rejimi ölkəmizə qarşı hər tərəfdən hücuma keçib

İngiltərə səfirliyinə hücumun ardınca Təbrizdəki konsulluğumuza qara bayraq asılması nəyin mesajıdır?!

Azərbaycanın dünya miqyasında uğurları müqabilində ötən həftə məruz qaldığı aqressiyaya şahidlik etdik. Həm də bizə özünü “din qardaşı” kimi təqdim edən İran tərəfindən. Lakin bu məsələyə münasibət bildirməzdən öncə, Bakının dünya qaz bazarında etdiyi həmlələri gözdən keçirək.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzü başlayandan bəri Azərbaycan özünün böyük neft və qaz ehtiyatları səbəbindən Rusiya ilə Qərb arasında iqtisadi müharibənin əsas cəbhəsi kimi meydana çıxdı. Ötən həftə isə Azərbaycanı əsl müharibə astanasına gətirmək cəhdləri oldu.

Belə ki, Azərbaycan əsgərinin şəhid edilməsinə cavab olaraq "Qisas" əməliyyatına qərar verildi. Döyüşlər Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Bakıya səfərindən və Avropa İttifaqının Azərbaycan qazının idxalını iki dəfədən çox - 2021-ci ildəki 8,1 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə çatdırmağı nəzərdə tutan yeni ikitərəfli saziş imzaladıqdan bir neçə həftə sonraya təsadüf edir. Azərbaycan Avropanın Rusiyadan enerji asılılığını aradan qaldırmaq səylərinin mərkəzində dayanır. Lakin 2020-ci il müharibəsindən iki ildən az bir müddət sonra döyüşlərin alovlanması elə bir mənəzərə yaratmaq məqsədi ilə körüklənə bilər ki, Qərbin Rusiyadan aldığı qazı əvəzləmək üçün Azərbaycana yanaşmasının uğursuzluğu aşılansın.

Bundan başqa, 44 günlük müharibədən sonra zaman-zaman 3-cü Qarabağ müharibəsinin mümkünlüyü haqda ehtimallar səsləndirilməkdə idi. Ermənistanın ağıllanma prosesi heç cür baş tuta bilmədiyinə görə, bu ehtimallar artmaqdaydı. Və o da bəlli idi ki, 44 günlük müharibə nəticəsində imzalanan Moskva Bəyannaməsinin həyata keçirilməsinə "Dəmir yumruq"la dəstək verilməyincə, ermənilər özlərinin məğlub olduqlarını dərk etməkdə çətinlik çəkəcəklər. Ədalət xətrinə deyək ki, indi onlara bunda mane olan əsas qüvvə İrandır və söhbətimizin gedişində xəbis xislətli qonşumuzun məqsədlərinə toxunacağıq.

Əvvəlki insidentlərdə olduğu kimi, bu dəfə də "Qisas" əməliyyatına səbəb təxribat nəticəsində Azərbaycan əsgəri Anar Rüstəm oğlu Kazımovun şəhid olması oldu. Bu hadisədən dərhal sonra Azərbaycan silahlı qüvvələri şəhidin qisasını almaq məqsədi ilə “Qisas” antiterror əməliyyatına start verdi. Cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Doğrudur, rəsmi Bakının başlatdığı “Qisas” əməliyyatları heç də 44 günlük müharibə kimi genişmiqyaslı, ya da uzunmüddətli nəzərdə tutulmamışdı. “Qisas” əməliyyatı miqyasına görə, bu ilin mart ayında baş verən Fərrux əməliyyatı ilə eyniləşdirilə bilər. Rəsmi Bakı bu əməliyyat nəticəsində Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsini nəzarətə götürmüşdü.

Əslində, Azərbaycan Ordusunun belə bir əməliyyat keçirəcəyi bəlli idi. Çünki, qeyd etdiyimiz kimi, Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli bəyanatın 4-cü maddəsini yerinə yetirmirdi. Həmin maddədə açıqca qeyd edilir ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Amma bu dəfə əsas araqarışdıran-su bulandıran rolunda çıxış edən Rusiya deyil, İrandır. Əlbəttə, bununla Rusiyanın münaqişənin alovlanmasında oynadığı rolu əsla azaltmaq fikrində deyilik. Fəqət, hazırkı gedişatda Rusiyanın başı Ukrayna ilə dərddə olduğuna görə, İran anti-Azərbaycan, anti-sülh missiyasında daha qabarıq rol oynayır.

"Qisas" əməliyyatlarının diqqət çəkən bir məqamı da Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən görüşdən qısa müddət sonra baş verməsi idi. Məlum olduğu kimi, XİN başçıları arasında ikitərəfli görüş münaqişənin nizamlanması baxımından ciddi ümid yaratmışdı. Hətta təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilmişdi. Əslində, bu praktika bir daha göstərmişdi ki, rəsmi İrəvan və Bakı təkbətək qaldıqda münaqişəni nizamlaya bilərlər. Tiflis görüşü hər nə qədər Gürcüstanın təşəbbüsü ilə reallaşmış görünsə də, aydındır ki, pərdəarxasında Vaşinqton var. Ümumiyyətlə, belə görüntü var ki, ABŞ indiki məqamda Ermənistanla Azərbaycan arasında münaqişənin bitməsini istəyir. Bunun əsas səbəbi Avropaya qaz nəqlinin artırılmasında Bakının perspektivinin olması və Ermənistanın Qərbə inteqrasiya prosesi dayanır.

ABŞ-ın dövlət katibi Entoni Blinkenin bir müddət öncə həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana telefon zəngi də, əslində, Vaşinqtonun prosesi nizamlamaqda maraqlı olduğunu göstərir. Əlbəttə, Ağ Evin arbitrliyi şərtilə. Lakin Brüssel formatında olduğu kimi, bu məsələdə də Rusiya moderatorluğu itirməmək üçün prosesə müdaxilə etməkdən çəkilmir. Beləliklə, Qərbin nizamlama prosesində canfəşanlığı səbəbindən rəsmi Bakının "Qisas" əməliyatı keçirməsi həm də Kremlin maraqları çərçivəsində idi. Niyyət Qərbin sözünün yerə düşməsi, nizamlama prosesinin Qərbin balansına keçməsinin gözdən salınması idi. Rusiya indiki məqamda ABŞ-ın və ya başqa bir qüvvənin Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə etməsinə razı deyil. Bundan başqa, konfliktin sönük də olsa davam etməsi rus “sülhməramlıları”nın qalmasını zəruri edir. Burada gərginliyin qalması, zaman-zaman silahlı provokasiyaların baş verməsi Moskvanın marağındadır. Üstəlik də Ermənistanın sülhməramlı kimi fransız əsgərlərini görmək arzusunu ifadə etməsi Moskvanın yenə İrəvanı cəzalandırmağa meylli olmasını zəruri edir.

Amma bu cəzalandırmanın motivasiyası da Ermənistanın Qərblə yanaşı, İranla əlbir olmasıdır. İranla əlbirlik həm də Naxçıvan yolu adlandırılan Zəngəzur dəhlizinə pəl vurmaq istiqamətində aparılan işbirliyində əks olunur. Maraqlıdır ki, həm "Qisas" əməliyyatı, həm Azərbaycanın Britaniyadakı səfirliyinə hücum, həm dünən Azərbaycanın Təbriz konsulluğu binasının qarşısına qara dini bayraqların asılması Ermənistan-İran sərhədi üstündə Mehri məntəqəsindən keçən Zəngəzur dəhlizinin açılması fonunda baş verir. Demək olar ki, hər gün müxtəlif tipli İran rəsmiləri bölgəsəl sərhədlərin dəyişməzliyi, İranın Ermənistanla sərhədinin dəyişməsinə dözməyəcəyi barədə bəyanatlar verir. Xatırladaq ki, son günlər İranlı ekspertlərin anti-Azərbaycan çıxışlarında xüsusi artım ifadə olunur. Əlbəttə, Ermənistan İranın himayəsinin əleyhinə deyil, amma Ermənistanın Azərbaycan qarşısında çarəsizliyi Paşinyanın rəsmi Bakıya qarşı daha yumşaq bəyanatlar verməsilə sonuclanır. Yəni Azərbaycanın təzyiqləri qarşısında Ermənitanın yumşaq ritorikası özünü biruzə verir.

Lakin bu sülhə gətirə bilirmi? Göründüyü kimi yox. Hətta artıq aydın olmağa başlayıb ki, İrəvan yumşalmaya getsə də İran buna imkan verməyəcək. Hətta bu fikir İran tərəfindən müxtəlif səviyyələrdə ifadə olunub və olunur. İran Ermənistan yumşalsa belə, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini açıqca bildirir və ölkəmizi təhdid edir. Bu dəfə belə qərəzli hücum açıqlamasını İranın beynəlxalq məsələlər üzrə siyasi şərhçisi Ehsan Movəhhedian SƏHƏR-Azərbaycan telekanalına müsahibəsində bölgədə gedən proseslərlə bağlı səsləndirdi. O, öz “Twitter” hesabında “SƏHƏR televiziya kanalında yayımlanan “Hüquq jurnalı” verilişində İranın Zəngəzur dəhlizinin yaradılmasına qarşı həssaslığının səbəblərini və bu kontekstdə Türkiyə ilə Bakının ambisiyalarını şərh etdiyini bildirib. Ehsan Movəhhedian, "Ermənistanın özü İranla bu sərhədi saxlamaqda ciddi iradə ortaya qoymasa belə, İran onu qorumaq üçün bütün mümkün üsullardan istifadə edəcək”, - sözləri ilə İranın Türkiyə ilə Azərbaycanı quru yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinə qarşı mənfi mənada qətiyyətini ifadə etmiş oldu. Necə deyərlər, "xoruzun quyruğu göründü", yaxud İran mus-mus deyə-deyə əvvəlini deyib sonunu gətirə bilmədiyi "Mustafa"nı demiş oldu.

Beləliklə, Ermənistana 10 Noyabr 2020-ci il razılaşmalarına məğlub qismində imza atmasına baxmayaraq, onun özünü məğlub kimi aparmasına hec cür imkan verməyən əsas qüvvənin İran olması "siyasi ekspert"in diliylə səslənmiş oldu. Səbəb?

Məlumdur ki, Cənubi Qafqazın da daxil olduğu Böyük Yaxın Şərq yenidən şəkillənərkən hər üç dövlət - Rusiya, Türkiyə, İran əsas regional güc olmaq uğrunda mübarizə aparırlar. Hər üç ölkənin ərazisində imperiya mövcud olub. Osmanlı, Azərbaycan, Rusiya imperiyaları. Hərçənd, Azərbaycan imperiyasının ərazisi 1925-ci ildə İran adlı süni dövlətə transfer olunaraq indi İran kimi təqdim olunur, 1925-ci ildən əvvəl türk kimliyinə sahib Qacarlar imperiyası idi. Yeni geosiyasi-geoiqtisadi şəkillənmədə yeni ticari-nəqliyyat yollarının formalaşması ilə logistika şəbəkələri yaradılır və bu şəbəkələrə hakim olan dövlətlərin digərlərinə nisbətən daha geniş imkanlara malik, söz sahibi yeni güc mərkəzi olacağı aydın görünür. Üstəlik, Rusiyanın əvvəlki imperiya keçimişinə dönmə cəhdi müşahidə olunduğu kimi, həm regionda, həm dünyada olan dövlətlərin əvvəlki ehtişamına dönmə çalışmaları görülür. Türkiyənin də, İranın da bu cəhdləri sezilir. Dövlətlər dünyanın ticari şah damarı olan Yeni İpək Yolu marşrutunun onun ərazisindən keçməsinə çalışır. Əvvəl imperiya formatında olan güc mərkəzləri indi logistika mərkəzlərinə çevrilmə üzərindən keçmişlərini bərpa etməyə çalışırlar. Türkiyə Xəzərdən keçməklə Mərkəzi Asiyaya, İransa Türkmənistandan keçməklə Mərkəzi Asiyaya uzanmağa çalışır. Mehridən keçən Zəngəzur dəhlizi-Naxçıvana yol Azərbaycanla Türkiyə üçün müsbət mənada hansı əhəmiyyətə malikdirsə, İran üçün o qədər arzuedilməzdir. Bu dəhlizin baş tutacağı təqdirdə Türkiyə Türk Dövlətləri Birliyinin iqtisadi şəkillənməsini tam oturuşduracaq. İransa Türk Dövlətləri Birliyinin mühasirəsinə düşəcək ki, bu da gələcək perspektivdə Güney Azərbaycanın Şimal Azərbaycana qovuşmasını təmin edə bilər. Əlbəttə ki, İran məhz bu baxımdan narahatdır.

Amma hazırkı İran özünün süni qurum olmasının fəqrində olmalıdır. Zəngəzur dəhlizinin reallaşması gerçəkləşdikcə İran daha çox aqressivləşir. Bəs, İranın bu aqrressiyasını körükləyən Zəngəzur dəhlizinin reallaşması nə qədər əsaslıdır?

Burada bir məqama toxunmaq gərəkdir - Soçi görüşünə. 5 avqust tarixində Rusiyanın Soçi şəhərində Rusiya-Türkiyə, Putin-Ərdoğan görüşü baş tutdu. 4 saatlıq görüşdə iki ölkə arasında bir sıra vacib məsələlər müzakirə edilsə də, şübhəsiz ki, onlardan biri də Zəngəzur dəhlizi olub. Rusiyanın Ukraynadakı müharibə səbəbi ilə düşdüyü təcrid vəziyyətində ona hava-su kimi vacib olan transport yollarından biri Azərbyacanı qurudan Türkiyəyə bağlayan Zəngəzur dəhlizidir ki, Moskva bunda Azərbaycanla Türkiyə qədər olmasa da maraqlıdır. Əslində, əlacsızlıqdan. Rusiyanın mal-məhsullarının hər tərəfə yolu kəsilir. Doğrudur, Rusiya Gürcüstandan keçməklə də Türkiyəyə gedə bilər, amma Ermənistanı gözdən çıxara bilməz. Eyni zamanda Ermənistanın İranın nəzarətində olmasındansa öz nəzarətində olmasını daha çox istəyər. Belə anlaşılır ki, Rusiya Zəngəzur dəhlizinə nəzarəti əldə saxlamaqla həm Türkiyəyə, oradan da aşaığı istiqamətə quru yolu əldə edir, həm də bu quru yolun keçdiyi Azərbaycanla Ermənistana nəzarəti əldə saxlamaq imkanı qazanır. Bu səbəbdən, İranın öz ərazisindən Azərbaycana Naxçıvanla birləşmək üçün verdiyi yox, Ermənistandan keçməklə Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi Rusiya üçün gərəklidir. Bildiyimiz kimi, İran da buna qarşıdır və İranla Rusiya bu nöqtədə toqquşur.

İranın aqressiyası o həddə yüksək səviyyələri fəth edib ki, hətta onun səs-sorağı Londondan gəldi. Daha doğrusu, Azərbaycanın Londondakı səfirliyindən. Hadisənin üstündən bir-neçə gün keçməsinə baxmayaraq, hələ də öz "təravətini itirməyib". Məsələyə toxunan bir sıra ekspertlər səfirliyə hücumun müəllifinin “İngiltərədə yaranıb, boya-başa çatmış, ərsəyə gəlmiş" radikal şiə təşkilatının olmasını, onun İrana qarşı da nə vaxtsa insidentə imza atmasını əsas gətirərək, rəsmi Tehranı sudan quru çıxarmağa çalışırlar. Amma İranın Azərbaycan səfirliyinə məhz bu terror təşkilatının dəstəyi ilə hücum təşkil etməsi Tehranın özünü ünvanına deyiləcək ittihamlardan sığortalamaq cəhdi ilə də əsaslandırıla bilər.

Digər tərəfdən, aydındır ki, diplomatik missiyamıza qarşı təxribat aktının Azərbaycanı 44 günlük müharibədə BMT TŞ-da dəstəkləyən tək dövlət - Böyük Britaniyanın paytaxtı Londonda baş verməsi rəsmi Bakıya xəbərdarlıq mahiyyəti daşıyır və bu, "səni dəstəkləyən müttəfiqinin paytaxtında səni təhdid edə bilərəm" deməkdir. Eləcə də çoxillik dövlətçilik ənənələri olan Britaniyanın bu hücumdan "xəbərdar olmaması" maraq doğurur. Əcaba, bu "ev sahibi" tərəfindən hücuma "şərait yaratmaq" kimi anlaşıla bilərmi? Əgər səbəbin nə olduğu sual olunarsa, Rusiya-Türkiyə yaxınlaşması fonunda Azərbaycanın da yer alması cavab kimi yerinə düşərmi? Çünki istər-istəməz ağla 1925-ci ildə İranı yoğurub-yapanın, onu Qacarlar dövlətindən İrana çevirənin Britaniya olması gəlir. Bu ehtimalın nə qədər gerçək olub-olmaması məlum deyil. Amma hər halda "qoca adada" Azərbaycanı Britaniyadan incik salmaq istəyən, yaxud müharibədə BMT TŞ-da onu dəstəkləyən tək dövlətlə arada intriqa körükləmək istəyən qüvvənin olması ehtimalı diqqətdən qaçmamalıdır.

Burada bir haşiyə çıxaraq deyək ki, Xamneinin Güney Azərbaycan təmsilçisinin "İmam Mehdi türklərlə savaşacaq" açıqlaması, Azərbaycanın Britaniya səfirliyinə hücum çəkənlərin "Mehdi xidmətçiləri" adlanması təsadüfə oxşamır və dəfələrlə dediyimiz kimi sübut edir ki, İranı geniş miqyasda Böyük Yaxın Şərqdə türk faktorunun möhkəmlənməsi tədirgin edir. Bu tədirginlik onu çarəsizlikdən çapalamağa vadar edir və içindəkini biruzə verməyə, Azərbaycanla Türkiyəyə kin-küdurət qusmağa qədər gətirib çıxarır.

Sonda isə deyək ki, İranın bizə qarşı iştahının qabarması bölgəyə də, elə onun özünə də yaxşı şeylər vəd etmir və Tehrana ən dolğun cavab Türkiyə XİN naziri Mövlud Çavuşoğlunun "dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç bir zaman yalnız deyildir" ifadələridir. Odur ki, molla rejimi bu həqiqətləri bir daha gözdən keçirməlidir…

Ülviyyə ŞÜKÜROVA   

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR