İRANIN AZƏRBAYCANA ÖTÜRDÜYÜ "AĞ ÖLÜM" - Narkotik alverçilərinin ölkəmizə sərbəst şəkildə buraxılmasında molla rejiminin nə kimi marağı var?

2021-07-09 10:47:00

İRANIN AZƏRBAYCANA ÖTÜRDÜYÜ

Və yaxud son vaxtlar Azərbaycanda narkotik biznesinin “çiçəklənməsi” nə ilə əlaqədardır?

 

Son günlər Azərbaycanda narkotik istifadəsinin pik həddə çatması və istifadəçilərin arasında yeniyetmələrin, gənclərin üstünlük təşkil etməsi barədə sosial şəbəkələrdə həyəcan təbili çalınmaqdadır.

Ölkədaxili sabitliyə cavabdeh olan DİN, sərhədləri qoruyan DSX, prokurorluq, məhkəmə orqanları və ümumiyyətlə cəmiyyət olaraq əhalini deqradasiyaya aparan narkotik bəlası ilə mübarizədə hansı yerdəyik. Əvvəlki dövrlə müqayisədə narkotik alverçilərinin həbsində ciddi artım yaşansa da, nədənsə narkotik alverinin kökü kəsilmək bilmir. Yaxud kiçikmiqyaslı alverçiləri həbsə atmaq aparılan işin keyfiyyətini artırmır. Çünki nəhəng narkotik mafiyasının “iri balıqları”na toxunmadan kiçik alverçiləri neytrallaşdırmaq cinayət şəbəkəsinin çökdürülməsi ilə nəticələnmir. Çox təəssüf ki, belə davam etdikcə, DİN və digər aidiyyəti qurumların vəzifəsinin öhdəsindən effektiv şəkildə gələ bilməməsi ölkəmizdə narkotik alverinin daha da “çiçəklənməsinə” gətirib çıxarır.

Sözsüz ki, “ağ ölüm” ticarətinin hal-hazırda rekord vurmasında “islam ölkəsi”, bölgəmizdə narkotik alverinin “xaç atası” olan İranın rolu danılmazdır. Əfqanıstanda vəziyyətin gərginləşməsi, stabilliyin pozulması da bu ölkə ilə sərhəd olan İranın Avropa ölkələrinə, Rusiyaya və Afrika regionuna narkotik vasitə tədarükündə daha da əl-qol açmasına rəvac verir. Sübhəsiz ki, bundan tranzit ölklərinə də pay düşür.

İctimaiyyətə vaxtaşırı dövlət sərhədinin müdafiəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə məlumat verilir. Misal üçün, may ayında DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının təxmini çəkisi 18 kiloqram 353 qram narkotik vasitənin və 19 754 ədəd güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısının alınması haqda məlumat verildi. Amma nəhəng narkotik trafiki üçün bu miqdar “dənizdə damladır”. Eləcə də, 2020-ci ilin I rübü ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 510, qanunsuz satışı ilə bağlı faktların sayı 147, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 356, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 vahid artıb, bu kateqoriyadan olan digər cinayətlərlə bağlı faktların sayı isə sabit olub. Bu barədə mütəmadi olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilir. Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 656 kq 945,417 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 300 nəfər artıb. Həmçinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tədbirlər silsiləsində Azərbaycanın müxtəlif rayonlarında yabanı halda bitmiş çətənə kollarının yandırılması əks olunur, amma insanlara ən ağır cismani və mənəvi zərbələr vuran, onu şikəst edən narkotiklərin çətənədən daha çox süni istehsal edilən “şüşə”, “patı” deyilən maddə olduğu məlumdur. Yəni bu fəlakətli vəziyyətdən işlənməmiş halda, yabanı şəkildə bitmiş “ot-alaf”ı yandırmaqla çıxmaq mümkün deyil.

İş orasındadır ki, əvvəl narkotik vasitə çox bahalı idi. İndi isə narkotik ticarətinin “çiçəklənməsi” üçün onun süni formada satışa çıxarılması təmin olunub. Məntiqlə düşünsək, mübarizə də daha çox bu vasitələrə qarşı aparılmalıdır, həm də təcili. Çünki “iş çoxdan cığırından çıxıb”. Sosial şəbəkələrdə nümayiş etdirilən narkotik vasitələrə aludəçilikdən əziyyət çəkən şəxslərin də ifadə etdiyi kimi, “şüşə” deyilən sintetik narkotik maddə bazarlarda ayaq açıb yeriyir. Hətta bu məhsul nəinki İrandan Azərbaycana mütəmadi daşınır, üstəlik ölkədə hansısa qaranlıq güclərin himayəsi ilə istehsal olunur.

Son gələn xəbərlərə görə, iki gün əvvəl - 6 iyulda sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən təqib olunmuş, hüquq mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Qurbanov Məzahir Sahil oğlu güllə yarası almış, ona ilkin yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə edilmiş, lakin yolda ölmüşüdür. Digər sərhəd pozucuları isə ərazinin sıx meşəlik, havanın qaranlıq olmasından istifadə edərək geri - İran ərazisinə qaçmışlar. Nəzərə alsaq ki, bu kimi halların sayı son dönəmlər daha da artıb, o zaman İranın Azərbaycan gəncliyi üçün necə bir “qara yara”ya çevrildiyi aydın olur.

Məlumata görə, 2021-ci il 5 iyulda Türkiyənin Ağrı vilayətinin Doğubəyazit bölgəsindəki Gürbulak gömrüyündə İrandan İsveçrəyə (Suis) aparılan 462 kiloqram maye heroin türk gömrükçülər tərəfindən aşkar edilib. Bu haqda “Azad İran” Teleqram kanalı xəbər verib. Göründüyü kimi, İranın murdarlığı sərhədləri aşır.

Qayıdaq ölkəmizə. Şəbəkənin bu yolunu və qolunu iflic etmək birbaşa Dövlət Sərhəd Xidmətinin vəzifəsidir. Çünki narkotrafik marşrutunun bütün istiqamətləri Azərbaycandan keçməklə reallaşdırılır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı transmilli mütəşəkkil cinayət dəstələrinin 5 cinahdan ibarət nəqliyyat qovşağından istifadə etməklə həyata keçirilir:

1. İran – Azərbaycan;

2. Dağlıq Qarabağ – İran – Azərbaycan;

3. İran – Azərbaycan – Rusiya – Yaponiya;

4. İran – Azərbaycan – Gürcüstan – Avropa;

5. İran – Azərbaycan – Rusiya – Ukrayna.

Sözsüz ki, Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi ölkəmizdə və digər tranzit dövlətlərdə satılır. Görülən tədbirlərə rəğmən, bu bədnam ticarətin qarşısının alına bilməməsi, effektivliyin olmaması “içəridən sızmalar” barədə şübhələri ağla gətirir. Necə deyərlər, “xain içəridən olanda qapı qıfıl tutmaz”.

Burada bir haşiyə çıxaraq deyək ki, İranın dünya narkotik bəlasının “çiçəklənməsi”ndə çox böyük “töhfələri” var. Gördüyümüz kimi, 2-ci marşrut Dağlıq Qarabağdan keçir. Buradan İranın niyə Azərbaycanın Qarabağı işğaldan azad etməsinə qarşı çxdığı bəlli olur. Söhbət ondan gedir ki, göz görə-görə xalqın, dövlətin, millətin maraqları sözsüz ki, Azərbaycana qarşı murdar planları olan İran deyilən yerdə qərar tutmuş-fars qeyri-islam qurumunun düşmən iştahına qurban gedir. Böyük zəncirvari narkotik tranzitində çox kiçik fiqurlar olan şəxsləri tutub həbs etmək isə mübarizə sayıla bilməz. Çünki İkinci Qarabağ müharibəsindən sonra sərhədlərin möhkəmləndirilməsi ilə İran narkotik şəbəkəsinin yolları kəsildiyi üçün, istehsalı Azərbaycanın daxilinə daşıdılar, həm də xalqın qanını soran bu cani qruplaşma üzvləri himayədarlaırnın sayəsində məhkəmədən buraxılırlar. Deməli, təcili zəruri addım olaraq içəridəki İran cinayət şəbəkəsi və onların dövlət içində olan nöqtələri çökdürülməlidir. Aşkar edilməlidir ki, transmilli və İran cinayət şəbəkəsinin dövlət içindəki himayədarları kimlərdir? Niyə bu cinayət şəbəkəsinin dövlət içindəki murdar nöqtələri zərərsizləşdirilmir?

Yuxarıda dediyimiz kimi, sərhədlərdən keçə bilməyən İran dəllallarının Azərbaycan daxilində “istehsal təşkil etməsinə” və hətta məktəblərin qarşısında belə, onun satışını təşkil edən “ölüm tacirləri”nin cövlan etməsinə kimlər imkan verir?

İranın hələ İkinci Qarabağ müharibəsində ölkəmizin haqq işinə qarşı ortaya qoydyuğu düşmənçilik münasibətini görə-görə, ölkə gənclərinə qarşı altdan-altdan yürüdülən düşmənçilik planlarına susa bilmərik. Transmilli cinayət şəbəkələrinin əli ilə bizə qarşı törədilən, gənc nəslimizin narkotik asılılığına salınması yolu ilə deqradasiyaya uğradılması siyasətinin qarşısı kəskin kompleks tədbirlər ilə alınmalıdır. Əlbəttə, təkcə dövlət yox, cəmiyyət olaraq da bu mübarizəni bir yerdə aparmalıyıq. Sözsüz ki, anti-narkotik təbliğatı açıq şəkildə müxtəlif formalarda aparılmalıdır, amma bu, yetərli deyil. Əli Həsənov-Ramiz Mehdiyevin məhv etdiyi ideoloji tərbiyə işinin yenidən dirçəldilməsini təmin etməliyik. Azərbaycanda “5-ci kolon”un və İranın təbliğatının kökü “dibindən baltalanmalıdır”.

Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, son vaxtlar İrandan ölkəmizə dəfələrlə narkotik daşınmasına cəhdlər olub. Hətta bu şəxslərin qarşısı alınarkən, sərhədçilərimizə silahlı müavimət göstərdikləri haqda da çoxsaylı faktlar var. Maraqlıdır, necə olur ki, sərhəd pozucularının bu əməllərinə İran tərəfdən göz yumulur və narkotik alverçiləri rahat şəkildə Azərbaycana keçməyə cəhd edirlər. Belə aydın olmurmu ki, bu işin arxasında da İranın dövlət siyasəti dayanır və molla rejimi bu yolla gənclərimizi zəhərləməyə çalışır...

Sonda onu da qeyd edək ki, narkotik maddələrin dövlət sərhədlərini keçəndən sonra ölkə daxilində hərəkətinə məsuliyyət daşıyan orqan Daxili İşlər Nazirliyidir. Amma tutulan şəxslərin bəzi hallarda qısa müddətdə azadlığa buraxılması da faktdır ki, buna da məhz məhkəmə orqanları məsuliyyət daşıyır. Odur ki, məhkəmə və prokurorluq orqanlarının bu mübarizədə necə yer alması, narkoticarətin piyadalarını “tut-burax” (nəyin qarşılığında?) prinsipinin dövlətə, millətə, millətin genefonduna hansı səviyyədə zərər vurmasının da fərqində olmalıyıq.

 

Ülviyyə ŞÜKÜROVA

P.S. Mövzuya qayıdacağıq.