İranda su üsyanı

2021-11-24 15:08:00

İranda su üsyanı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, İranın cənub-qərbində su çatışmazlığı kütləvi etirazlara səbəb olub. İran dövlət televiziyasının məlumatına görə, quraqlıq fonunda su çatışmazlığına etiraz olaraq, Şəhri Kürd şəhərinin sakinləri nümayiş keçiriblər və hakimiyyətdən problemin kompleks plan-layihə çərçivəsində həllini tələb ediblər.

İranın Çarmahal və Bəxtiyari əyalətinin inzibati mərkəzi olan Şəhri Kürd paytaxt Tehrandan 370 km cənubda yerləşir.

İqlim şəraiti, yağıntıların azalması və dövlətin apardığı siyasət nəticəsində İranın Huzistan, İsfahan, Yəzd, Çarmahal və Bəxtiyari əyalətlərində əhalinin su ilə təmin edilməsində ciddi problemlər müşahidə edilir. Çarmahal və Bəxtiyari əyalətində bulaqlar, çaylar və quyuların suyu quruyub, su anbarlarındakı suyun həcmi azalıb. Təqribən 300-ə yaxın kəndə su maşınlarla gətirilir.

Son illərdə İranda baş verən quraqlıqlar İsfahanda Zayəndə çayının qurumasına səbəb olub və Urmiya gölünü məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qoyub.

Ölkənin müxtəlif rayonlarındakı bir çox göllər və çaylar da qurumaq təhlükəsi ilə üzləşib.

Hürr Tərcüman