Saat:14:35
Haqqımızda

İranda rejim azğınlaşıb, hər şey edir… - Mərdani

2023-02-01 09:12:00

İranda rejim azğınlaşıb, hər şey edir… - Mərdani

Güney Azərbaycan Öyrənci Hərəkatının (AZOH) sözçüsü Əmir Mərdaninin Axar.az-a müsahibəsi:

- Azərbaycan Öyrənci Hərəkatının fəaliyyət istiqaməti nədir?

- Milli mənfəətlərin və bütün haqların əldə olunmasını özümüzə hədəf seçmişik. Bu, bizim manifestimizdə də qeyd olunub. Millətin öz müqəddaratını təyinetmə yolunda haqqının bərpa olunmasını istəyirik. Müstəqil Güney Azərbaycana, yaxud da Bütöv Azərbaycana nail olduğumuz günə kimi əlimizdə olan bütün imkanlardan faydalanmağa çalışırıq. Odur ki, AZOH–un gördüyü işlər sırasında İranın daxilində, yaxud da xaricdə aksiyaların keçirilməsi, müxtəlif çap vasitələri ilə paylaşımlarımız, seminar və konfransların təşkili, divar yazılarının yazılması kimi işlərin olduğunu deyə bilərəm. Milli düşüncəyə aid olan sözləri evlərin divarına yazmaq bəlkə adi gələ bilər, amma təsiri böyükdür. Bu işləri hər zaman etmişik. Son 5 ay ərzində İranda vəziyyətin gərginləşməsi ilə vəzifələrimiz daha da artdı. Bunlardan biri Güney Azərbaycanda aksiyaların qurulması idi. Həmçinin, içəridə baş verən hadisələri, xəbərləri geniş şəkildə və sürətlə paylaşmaq lazım idi. Tutulanların son durumunu izləmək və bu barədə medialara bilgi paylaşmaq mühüm olduğundan əsas bu istiqamətdə fəaliyyətimizi davam edirdik.

- Güney Azərbaycanın hansı problemini qabartmısınız?

- Urmu gölünün ekoloji fəlakətə uğramasını gündəmə gətirmək əsas məqsədlərimizdən biri olub. Bunun üçün seminar və konfranslar təşkil etdik. Avropanın 40-a yaxın parlament nümayəndəsi və Amerika Senatının bəzi şəxsləri ilə görüşlərimiz olub. Nəhayət, Avropa Komissiyasından İranın Urmu gölünün qurumasının qarşısını almağa dair bir qərar alınmasına nail olduq. Belə məsələlərdə digər milli fəallarımız da bizimlə birgə olur. Lakin fars müxalifətinin əlində olan media bizim səsimizi batırmaq üçün durmadan çalışır. Avropa Parlamentinin nümayəndələri ilə görüşə getdiyimiz zaman məlum oldu ki, bizim haqqımızda onlara doğru olmayan xəbərlər çatdırılıb. Sonra biz haqlı olduğumuzu isbatlaya bildik. Bütün bu çətinliklərə baxmayaraq, işlərimizi davam etdiririk. Türkiyədə, Şimali Azərbaycanda mütamadi olaraq seminar və iclaslar təşkil edirik. Bu iş birliyimizi dərinləşdirmək niyyətindəyik. Həmçinin, bəzi təşkilatlarla əməkdaşlığımız var. İranda yaşayan qeyri-fars millətlərin təmsil olunduğu qurumlarla da danışıqlarımız olub və onlarla gələcəkdə əməkdaşlıq qurmağa cəhd edirik.

- İranda baş verən son etirazlarda azərbaycanlı tələbələr nə tələb edirdilər?

- Etiraz edən nümayişçilərin yaşı 20-30 arasında idi. Bu etirazlara qatılanların çoxu da tələbədir... Həmçinin, Güney Azərbaycanda baş tutan aksiyalarda da ön sırada gənclər və tələbələr idi. Tələbələrin bu fəallığı hər zaman olub. Güney azərbaycanlı gənclərin aktivliyini İranda baş verən bütün etirazlarda görə bilərik. Fars və ya qeyri-fars millətlərə baxdığımızda onların etirazlardakı fəallığı haqqında birmənalı danışmaq olmur. Amma azərbaycanlılar, istisnasız olaraq, ön sıradadılar. “Traktor”un oyunlarına onminlərlə azarkeş qatılır. Onlar da milli şüarlar səsləndirir. Oyunu izləyənlərin çoxu gənc və tələbələrdir. Fəallıq göstərdiyi üçün tutulanlar arasında tələbələrin sayı çox olur. Etirazlarda daha çox dörd tələbimizin həyata keçirilməsini istəyirdik. Bunlar gender bərabərliyi, dini tolerantlıq, hakimiyyətdə təmsil olunan bir qrup oliqarxın ölkə sərvətlərini mənimsəməsinə son qoymaq, qeyri-farslara olan ayrı-seçkilik siyasətinin qarşısını almaqdır. Tələblərimiz qəti idi və haqlarımızın bərpası yolunda ölən, tutulan və hələ də xəbər ala bilmədiyimiz öyrəncilərimiz oldu.

- Təbriz Universitetinin tələbəsi Aylar Həqqinin qatillərinin nə vaxtsa cəzalanacığına ümid edirsinizmi?

- Aylar Həqqinin qatillərinin nə vaxtsa cəzalandırılması bu rejimdə mümkün olmayacaq. Bu, birinci dəfə deyil və təəssüf ki, sonuncu da olmayacaq. Bənzər hadisələr çox olub. Hətta qətl törədən şəxslər bəlli olsa da, onlara heç bir cəza verilməyib. 2006-cı il may qiyamında bizim bir çox şəhidimiz oldu. Qatilləri məlum idi, ailələr şikayət edib, onların cəzalandırlmasını istədilər. Məcbur qalıb bu işləri görən şəxslərin adlarını açıqladılar, lakin cəza vermədilər. Deməli, bu sistem heç bir zaman istəmir ki, öz adamlarını mühakimə etsin. Yeri gələndə gənclərin qatilləri mükafatlandırılır və vəzifələrini artırırlar.

- Hələ də İran həbsxanlarında etirazlar fonunda saxlanılan, həmçinin universitetdən xaric edilən tələbələr var...

- Son aksiyalarda millətimizin nümayəndələrindən çox insan tutulmuşdu, adlarını belə qeyd edə bilməmişik. Onların adının mediada işıqlanmasına nail olmağa səy göstəririk. Bəlkə, bunun bir yardımı dəyər və rejim tutulanlara qarşı sərt davranmaz. Təbriz Universitetinin tələbəsi olan Puriya Fəridi də səs-soraq ala bilmədiyimiz gənclərdəndir. Son məlumata görə o, yanvarın 8-də səhər vaxtı Təbrizdə öz evində tutulmuşdu. Bundan artıq bir bilgi əldə etmək mümkün olmayıb. Rejim budəfəki etirazlarda tutulanlara qarşı daha sərt və amansız davranır və öz vəhşi simasını ortaya qoyub. Keçmiş vaxtlarda bu qədər qorxunc deyildilər. İndi rejim getmək qorxusunu hiss etdiyindən əlindən gələni edir.

- İranda tələbə, xüsusilə də azərbaycanlı tələbə olmaq nə deməkdir?

- Azərbaycanlı tələbələrin İranda oxumasını bir çox kateqoriyada dəyərləndirmək mümkündür. İlk olaraq azadlıqdan danışmaq lazımdır. Müstəqil həyata qədəm qoyan insan zənn edir ki, azaddır və onun ifadə, söz və bir sıra hüquqları var. Beynində olan düşüncələri dilə gətirmək, mübahisə etmək və fikir bildirmək istəyirsən. Bunların hamısını gənc olaraq insan yaşamaq istəyir. İranda sən bunların hamısından məhrumsan, Tehran və Təbriz universitetlərində etiraz aksiyaları keçirilmişdi. Bu aksiyanı dağıtmaq üçün kənardan polis qüvvələri qeyri-qanuni olaraq aksiyaya müdaxilə etdi. Bəzi tələbələri döyüb, bəzilərini zindana atdılar. Yəni, bizim İran daxilində azadlıq anlayışımız budur. Həm də bir türk və azərbaycanlı olaraq da başqa basqılara məruz qalırsan. Öz ana dilində təhsil almağın yasaqdır. Öz kimliyimiz və düşüncələrimiz haqqında danışmaq mümkün deyil. Yaxşı təhsil almaq və oxumaq üçün gərək iqtisadi baxımdan da rahat və azad olasan. Gənc yaşlarında bir tələbənin həyatını qurması asan deyil. Müstəqil deyil, öz ailələri ilə birgə yaşamağa məcburdur. Bu isə ailəyə yükdür və öz övladlarını təmin etməkdə çətinlik çəkirlər. İş tapa bilmək də çox çətindir. Çünki işsizlik problemi ölkəni bürüyüb. Özüm həm Avropada, həm İranda təhsil aldığım üçün ilk olaraq təhsilin keyfiyəti arasında böyük bir fərqin olduğunu deyə bilərəm. Avropada təhsilin səviyyəsi çox yüksəkdir. İran təhsil sistemi isə keçmişə aid olan bir sistemdir, nəticəsi də yaxşı olmur. Elm öyrədilmir, sadəcə, tələbələr məktəb sistemi kimi universitetlərə davam edir. Sanki hələ də məktəbdə oxuyurlar. Tələbələr imkan düşən kimi xaricdə təhsilə üstünlük verirlər. Belə olanda da daxildə sağlam düşüncəli insanlar azalır. Bunun İranın gələcəyi üçün təhlükəli olduğunu isə rejim belə etiraf edir.

- İranda sizin hərəkatdan savayı başqa hansı tələbə birlikləri var?

- İranda Güney Azərbaycan, türkmən, qaşqay, eləcə də qeyri-farslara və farslara aid olan öyrənci birlikləri haqqında danışmaq olar. Güney Azərbaycan, qaşqay və türkmən tələbə birlikləri ilə əlaqələrimiz daha sıxdır. Bir çox dərnəklərdə, birliklərdə fəaliyyət göstəririk. Bu barədə ətraflı danışmaq onların həyatı üçün təhlükəli ola bilər deyə, ümumi məlumat verirəm. Bu kateqoriyadan olan tələbə birlikləri ilə sıx əlaqəmiz olub və bir sıra uğurlar da əldə etmişik. Qeyri-farslarla əlaqələrimiz keçmişdə necə var idisə, yenə də davam edir. Ortaq bəyanatlarımız və birgə aksiyaların qurulmasında işbirliyimiz olub. Fars öyrəncilərin qruplarına gəlincə, bu öyrənci hərəkatı 2009-cu ilə qədər güclü idi. Əhmədinejat hakimiyyətə gəldikdən sonra fəaliyyətdə olan dərnək və qrupları ağır basqılara məruz qaldılar. Hazırda qrup şəklindən daha çox fərdi fəaliyyət göstərirlər. Onlarla bir o qədər də əlaqəmiz qalmayıb.

- Güney Azərbaycan məsələsinin həlli, soydaşlarımızın haqlarını bərpa etməsi üçün nə kimi addımlar atılmalıdır?

- Güney Azərbaycan milli hərəkatında millətin səadəti və azadlığı bir quş kimi təsvir edilir. Quşun bir qanadı Güney Azərbaycanda yaşayan milli fəallar, digər qanadı isə xaricdə yaşayan milli fəallardır. Bu qanadlar güclü olmalıdır və birgə hərəkət etməlidir ki, uça bilsin. Xaricdə yaşayan fəalların ən mühüm vəzifəsi lobbiçilikdir. Lakin bu fəaliyyət bir az zəifdir. Görülən işlər qanedici deyil.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR