İranda cəmiyyətin fərqli təbəqələrindən hökumətə xəbərdarlıq: bahalığın qarşısı alınmasa, acların qiyamı olacaq

2022-05-06 15:17:00

İranda cəmiyyətin fərqli təbəqələrindən hökumətə xəbərdarlıq:  bahalığın qarşısı alınmasa, acların qiyamı olacaq

Regional liderliyə iddia edən və Cənubi Qafqazda vaxtaşırı "araqarışdıran" funksiyası ilə meydan sulamağa çalışan İran özünün ərzaq təhlikəsizliyini təmin etməkdə aciz qalıb. Belə ki, İranda çörək və ərzaq mallarında kəskin qıtlıq yaşanır. Bu barədə İranın Qum şəhərində çəkilən videolarda aydın şəkildə görünür.

Videolarda böyük və kiçik mağazalarda ərzaq piştaxtaları boşalıb və əhali ciddi ərzaq çatızmazlığı ilə üzləşib. Qum şəhərindəki bəzi çörək sexlərinin sahibləri unun qiymətinin dəfələrlə bahalaşmasından sonra çörəyin əvvəlki qaydada bişirilmədiyini, bunun isə şəhərdə çörək qıtlığına gətirib çıxardığını bildirirlər.
Bundan başqa İranda hökumətə "Cəmiyyət bu qədər qiymət artımına hazır deyil" başlıqlı xəbərdarlıq bəyanatı yayılıb. Könüllü tələbə "Bəsic" qüvvələri dünən prezident İbrahim Rəisiyə xitabən yaydıqları bəyanatda ölkədə sosial iğtişaşların başlanması ilə bağlı ciddi xəbərdarlıq ediblər. Bəyanatda əhalinin ölkədə bir sıra əsas ərzaq mallarının qiymət artımına hazır olmadığı vurğulanıb və bu barədə İbrahim Rəisiyə ciddi xəbərdarlıq olunub. Xatırladaq ki, son olaraq İranda un, buğda, makaron, çay, şirniyyat kimi bir sıra əsas qida məhsulları dəfələrlə bahalaşıb. Bu qiymət artımı nəinki iqtisadi mütəxəssislərin, hətta millət vəkillərinin belə hökumətə ciddi narazılığı və xəbərdarlığı ilə nəticələnib.
Üstəlik cəmiyyətin müxtəlif təbəqələrindən olan ictimai fəalların xəbərdarlığına artıq mollalar da qoşulub. Belə ki, "Dideban-e İran" saytının məlumatına görə, İranın Qum elmi-dini hövzəsinin Tədqiqatçılar və Müəllimlər Birliyinin üzvü Məhəmmədtəqi Fazil Meybodi ölkədə son vaxtlarda baş verən kəskin qiymət artımına münasibət bildirib. O deyib ki, bahalığın qarşısı alınmasa, acların qiyamını gözləməli olacağıq.  
O, ölkə prezidenti İbrahim Rəisiyə xitabən yazıb: "Cənab Rəisi, indiyə kimi ölkədə heç bir hökumət hakimiyyətinin ilk ilində xalqın çörəyinin qiymətini bu qədər bahalaşdırmayıb. Xalqın əsas qidası çörək, ət və düyüdür". Meybodi əlavə edib ki, qeyd olunan üç əsas ərzaq məhsulunun əsassız bahalaşdırılması bütün mallar üzərində misli görünməmiş inflyasiyanın yaranmasına səbəb olub. O, sonda ölkənin iqtisadiyyat nazirinin un və makaronun qiymətinin qaçaqmalçılığın qarşısının alınması ilə bağlı bahalaşdırılması iddiasının əsassız olduğunu qeyd edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya