Saat:16:40
Haqqımızda

İran yenə həddini aşdı, SEPAH dayanmır: “Yaxın iki həftə ərzində... ”

2023-03-29 13:24:00

İran yenə həddini aşdı, SEPAH dayanmır: “Yaxın iki həftə ərzində... ”

Tehran Qarabağla bağlı "sürprizlər olacaq" anonsunu verir; olmaya, molla rejimi Şuşa Bəyannaməsini unudub?

Fars-molla rejimi odla oynamağa davam edir. SEPAH az qala, hər gün Azərbaycan dövlətini hədələyir. “Yeni Müsavat” bildirir ki, SEPAH özünə yaxın KİV-lərdə ölkəmizə qarşı hədyanlar, başından yekə iddialar səsləndirir. Hətta hansısa “ilhaq”dan dəm vurur, “yaxın iki həftə ərzində Qarabağla bağlı sürprizlər olacaq", - deyirlər.

Bu dəfə yayılan fotoda Azərbaycan bayrağını yarıb keçən “Şahid-132" PUA-sı əks olunub. Aşağıda isə Qurandan "İnnə min əl mucrimunə muntəqimu" ayəsi (tər. həqiqətən günahkarları intiqam gözləyir) qeyd olunub. Gələn məlumatlara görə, İran, üstəlik, sərhəddə, xüsusən də Naxçıvan istiqamətində hərbi texnika yığır, təlimlərə hazırlaşır.

Kəsəsi, generallarını sərhədlərimizin yaxınlığına göndərir. Bütün bunlar cənub qonşunun düşmənçilik siyasətini davam etdirdiyini göstərir. Xatırladaq ki, 11 mart 2023-cü ildə İrana məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirmişdi. Uçuş bəzi hallarda düz sərhəd xətti üzərindən olmuşdu. Azərbaycan XİN İrana hadisəyə görə nota təqdim etmişdi. İran Azərbaycana qarşı təhdidlərindən niyə əl çəkmir? Fars-molla rejimi Azərbaycan xalqına qarşı nə hazırlayır? İran antiislam rejimi gerçəkdənmi düşünür ki, hərbçi və generallarının az qala yarısı azərbaycanlı olan ordusu ilə, həm də Güney Azərbaycan amili dura-dura, Azərbaycan dövlətinə meydan oxuya bilər? Olmaya, molla rejimi Şuşa Bəyannaməsini unudub? Ya bəlkə qardaş Türkiyənin başının seçkilərə və zəlzələyə qarışdığını zənn edib Azərbaycanı yalqızmı sayırlar? Yaxın iki həftə ərzində Qarabağla bağlı nə “sürpriz” ola bilər?

Bir daha xüsusi vurğulayırıq: Azərbaycan İranın uda biləcəyi tikə deyil! İran nə qədər gec deyil, bölgədəki yerini bilməli, boyundan yuxarı tullanmağa çalışmamalıdır. “İranın Naxçıvanla sərhəddə hərbi qüvvələr cəmləşdirməsi ilk növbədə təbliğat məqsədlidir. Yəni həm ermənilərə motivasiya vermək, həm də baş verə biləcək savaşda öz ciddiyyətini göstərmək üçündür”. Bu sözləri Axar.az-a Təbriz Araşdırmaları İnstitutunun mütəxəssisi Babək Şahid İran ordusunun Naxçıvanla sərhəddə yerləşməsi və təlimə hazırlaşması haqda danışarkən deyib. O bildirib ki, İranın Naxçıvan istiqamətində hər hansı işə əl qoyacağını düşünmür: “Naxçıvan Türkiyənin qarantı altındadır və ümumiyyətlə, Azərbaycan ərazisi Şuşa Bəyannaməsi ilə artıq həm də Türkiyənin məsuliyyətidir. İranın Naxçıvana hər hansı hərbi müdaxiləsi müzakirə mövzusu ola bilməz, əks halda, Tehran üçün çox ağır nəticələri olar”.

Ekspert qeyd edib ki, İranın Azərbaycanla mümkün münaqişə halında Ermənistana hərbi yardımı birbaşa olmayacaq: “İran mümkün münaqişə halında Ermənistana iki şəkildə yardım göstərə bilər: birincisi, "Hüseyniyyun" kimi müxtəlif terror təşkilatlarını bölgəyə göndərə bilər; İkincisi isə Ermənistana silah-sursat və PUA-lar verə bilər". Babək Şahid həmçinin deyib ki, rəsmi olaraq İran hərbi qüvvələrinin Zəngəzura dəvət olunması da mümkündür: “Bu zaman İran ordusu Qərbi Zəngəzura yerləşə bilər”.

Arzuxan Əlizadə: “Azərbaycan bu situasiyadan məharətlə istifadə etməlidir”

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir: “Fars-molla rejimi 30 ildir ki, bu siyasəti yürüdür. Sadəcə, Vətən müharibəsindən sonra Tehranın düşmənçiliyi tamamilə üzə çıxdı. Amma İrandan Azərbaycana hərbi eskalasiyanı istisna edirəm və düşünürəm ki, bizimlə müharibə etməzlər. Əvvəla, SEPAH-da Azərbaycan türkləri var, İran ərazisində 30 milyon azərbaycanlı yaşayır və müharibə elan etsələr, daxildə ciddi müqavimətlə qarşılaşa bilərlər. Ona görə bu təhdidləri yağdırmaqla basqı altında saxlamağa ümid edirlər”. A.Əlizadənin fikrincə, bu gərginliyi artırmaqla Tehran hansısa məqsədlərinə çatacağına inanır: “Amma İranın ciddi daxili problemləri var və digər müsəlman ölkələrinə də düşmən olmaqla yanlış siyasət aparmaqdadır. Azərbaycanın dövlət maraqları var və heç bir halda İranın istəklərinə uyğun siyasət yürüdə bilmərik. Belə olan halda İran düşmən mövqeyini davam etdirəcək, ermənilərə havadarlığı artıracaq. Gərək molla rejimi çöksün ki, bu gərginliyə son qoyulsun. Azərbaycan öz müstəqil siyasətini aparır və İranın arzularını ifadə edə bilmərik. Şuşa Bəyannaməsini, Türkiyənin bölgədə varlığını həzm edə bilmədikləri üçün bu hədələri səsləndirməkdədirlər. Ancaq heç bir nəticəsi olmayacaq. Lakin qarşıda İrandan yumşalmalar da gözləmirəm”.

Güneylilərin ən güclü silahı budur – Məsud Haray

Məsud Haray

Güneyli jurnalist Məsud Haray deyib ki, son vaxtlar İran hakimiyyəti Azərbaycan Respublikasına qarşı düşməncə davranışlar sərgiləyir: "Bundan narazı olan Güney Azərbaycan türk milləti İl bayramından (Novruz) başlayaraq, ev və küçələri Azərbaycan bayrağı ilə bəzəyir, bu minvalla İrana cavab verir". Güney Azərbaycanda və İranın bir neçə şəhərində Azərbaycan bayrağının asılmasının böyük məna daşıdığını bildirən güneyli yazar molla rejiminin bayraq məsələsinə aqressiv yanaşdığını diqqətə çatdırıb: "Bayraq bütöv Azərbaycanın bayrağıdır. Bu da İrana “biz mübarizəmizi davam edirik, birik, bütöv Azərbaycanı quracağıq” mesajı vermək və meydan oxumaqdır. Odur ki, İran hakimiyyəti Azərbaycan bayraqlarını kimin əlində tutsa, onu “casusluq” ittihamı ilə çox ağır şəkildə cəzalandırır. Bu ittihamla onlarla milli fəalımız tutularaq, həbsə atılıb. İranın Azərbaycana davranışları dəyişməsə, Güney Azərbaycanda bayraqlarımızın dalğalanmasını çox görəcəyik. Çünki bu, rejimə qarşı seçdiyimiz mübarizə üsullarından biridir".

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR