"İran Taleh Bağırzadə üzərindən öz çirkin siyasətini davam etdirir" - TURAN RZAYEV

2022-06-23 16:40:00

"Tehran rəsmi Bakıya qarşı məzhəbçi destruktiv siyasətini davam etsə, Cənubi Azərbaycanın müqəddəratını təyin etmə prosesi gözləniləndən də tez olacaq və o zaman Azərbaycan buna səssiz qalmayacaq"

"Molla rejiminin Azərbaycana qarşı ənənəvi siyasətinin daha da aqressivləşdirməsinin əsas səbəbi 44 günlük müharibənin qələbəmizlə nəticələnməsi, ölkəmizin bölgədə güclənərək nüfuz sahibinə çevrilməsi, Türkiyə və Pakistanın Azərbaycanın yanında olması, İsrailin dost münasibətləridir"

"İranın Azərbaycana qarşı destruktiv siyasətini məshəbçi cihad sferasına keçirib. İstər bir müddət öncə bir qrup şəxsin Azərbaycanın Tehrandakı səfirliyi qarşısında keçirdiyi etiraz aksiyası, istərsə də son günlər bir qrup şəxsin paytaxtın fərqli yməkanlarında etiraz aksiyası təşkil etmək cəhdi bunu təsdiqləyir. Təəssüf ki, Tehran rejiminin “Cənubi Qafqaz masası”nın siyasi avantüra proyektlərinə cəlb olunan dini inanclı Azərbaycan vətəndaşları hansı prosesin içərisində olduğunun fərqində belə deyillər. Bununla belə, səsləndirdikləri şüar və tələblər eynidir: “Allahı niyə təhqir edirlər?”, “Taleh Bağırzadəyə azadlıq”. Tehran rejiminin sərgilədiyi ideoloji konsepsiyalara inanaraq, dövlətə qarşı çıxan bu şəxslər təəssüf ki, Taleh Bağırzadə kimi İran agentlərini qəhrəman olaraq görür". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Turan Rzayev bildirib. 

Siyasi ekspertin sözlərinə görə, reallıq isə ondan ibarətdir ki, həm Müsəlman Birliyi Hərəkatı, həm də rəhbəri Taleh Bağırzadə birbaşa İrana bağlıdır: "İranın Azərbaycana qarşı sərgilədiyi destruktiv siyasət və məzhəbçi cihad əslində heç də yenilik deyil. Rəsmi Bakı müstəqilliyini qazandığı gündən etibarən faktiki olaraq İranın hədəfindədir. İran molla rejimi Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları bu gün Azərbaycana da tətbiq etmək istəyir və bu istiqamətdə Azərbaycan daxilində sosial, ictimai və siyasi sferada genişmiqyaslı təbliğat sistemlərini gücləndirməyə çalışır. 2013-cü ildə həbsdən çıxan kimi “Müsəlman Birliyi Hərəkatı”nı İran ayətullahlarının “xeyir-duası” ilə yaradan Taleh Bağırzadə daha sonra məscidlərdə görüşlər keçirərək mövhumatçı dindarları öz tərəfinə çəkməyə cəhd etdi. O bu yolla hakimiyyətə gəlməyi və konstitusion quruluşu dəyişməyi hədəfləyirdi. Təsadüfi deyil ki, 2016-cı ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun araşdırmaları nəticəsində bəlli oldu ki, Taleh Bağırzadə 68 nəfər tərəfdarı ilə demokratik dövlət modelini dəyişmək və şəriət qanunları ilə idarə olunan rejim qurmağı hədəf seçib. Bu məqsədlə o, hətta gizli silahlı qruplar yaradıb. Bu mənzərə eynilə Tehran rejimi tərəfindən idarə olunan Yaxın Şərq ölkələrindəki radikal cərəyanların taktikasının təkrarı idi".

Turan Rzayev hesab edir ki, İran bu gün də həbsdə olan Taleh Bağırzadə üzərindən öz çirkin siyasətini davam etdirir: "İranın Azərbaycana qarşı ənənəvi siyasətinin daha da aqressivləşdirməsinin əsas səbəbi isə heç şübhəsiz 44 günlük müharibənin qələbəmizlə nəticələnməsi və Azəbaycanın bölgədə güclənərək nüfuz sahibinə çevrilməsi, üstəlik Türkiyə və Pakistanın Azərbaycanın yanında olması, İsrailin dost münasibətləridir. Təbii ki, bütün bunlar İranı qıcıqlandırmaya bilməzdi. Artıq Cənubi Qafqazda söz sahibi olmadığını görən molla rejimi Azərbaycanı özü üçün potensial təhlükə hesab edir. Məhz buna görə də bizim maraqlarımızın əleyhinə getməklə mövcud situasiyanı öz xeyrinə dəyişmək istəyir. “Allahın təhqir edilməsi” məsələsi isə Tehranın əlini gücləndirmək üçün formalaşdırdığı uydurma bir informasiyadan başqa heç nə deyil. İran son günlər Azərbaycana qarşı xüsusilə dini inanclı, başıbağlı, çadralı qadınların iştirakı ilə aksiyalar təşkil etməyə çalışır. Belə aksiyalardan biri nə isə ötən gün cəhd edildi. Yenə eyni irad: Allahı niyə təhqir edirlər? Aydın məsələdir ki, İran Azərbaycanı daim qorxu altında saxlamağı, onun maraqlarına uyğun siyasət aparmağımızı istəyir. Bunun üçün isə qadın, uşaq, qoca fərq etmədən bütün resurslarından istifadə etməyə hazırdır. İnsanların imanı ilə manipulya edən, bu istiqamətdə qadınları belə önə atan molla rejimi bir daha göstərir ki, onun “ali” maraqları naminə edə bilməyəcəyi şey yoxdur".  

Siysai ekspert onu da qeyd edib ki, İranın məzhəb siyasətinə qarşı rəsmi Bakının Cənubi Azərbaycan məsələsini qaldırmalı olduğunu təklif edənlər var. Lakin o, bunun doğru yanaşma olmadığı qənaətindədir: "Birincisi, Azərbaycan heç bir ölkənin ərazisinə iddia etmir və bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir. Yəni belə bir şey bizim özümüz üçün əks-təsir doğura bilər. İkincisi, Azərbaycan təkcə 10 milyon azərbaycanlının deyil, həm də 40 milyondan çox cənublu soydaşlarımızın vətənidir. Bu gün Cənubi Azərbaycanın şimalın dəstəyini istəməsi hər kəsə bəllidir. Ancaq güneydə soydaşlarımızın ayağa qalxmamasının səbəbi də Azərbaycan dövlətidir. Rəsmi Bakı heç vaxt Tehranın təxribatçı siyasətinə cavab olaraq cənublu soydaşlarının qanının axmasına yol verə bilməz. İranın bu siyasətinə qarşı bu gün Cənubi Azərbaycan kartından istifadə etsək, bu, İranın dini inanclı şəxslər üzərindən apardığı siyasətdən fərqlənməz. Bununla belə Cənubi Azərbaycan gec-tez öz müqəddəratını özü təyin edəcək. İran rəsmi Bakıya qarşı məzhəbçi destruktiv siyasətini davam etsə, bu proses gözləniləndən də tez olacaq. Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsinə isə şübhəsiz Azərbaycan səssiz qalmayacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya