Saat:12:38
Haqqımızda

“İran rejiminin dini cəhaləti rəsmiləşdirməkdən başqa niyyəti yoxdur”

2022-11-26 09:44:00

“İran rejiminin dini cəhaləti rəsmiləşdirməkdən başqa niyyəti yoxdur”

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın “Yeni Sabah”a müsahibəsi:

-  Prezident Əliyev ADA-da keçirilən konfransda qeyd edib ki, İranda minlərlə erməni məktəbi olmasına baxmayaraq, bir dənə də olsun azərbaycandilli məktəb yoxdur. Bu açıqlamanı necə qiymətləndirirsiniz?

-  Əslində, bu, tamamilə doğru bir açıqlamadır. Çünki biz İranın daxili işlərinə qarışmırıq. Amma orada olan soydaşlarımızın problemi müəyyən dərəcədə insan haqları kontekstində gündəmə gətirilməlidir və Prezident bunu çox doğru və yerində qeyd edib. Çünki Azərbaycan həm də çevrəsində olan ölkələrin insan və mədəni haqlara dəyər verməsində maraqlıdır. Biz həm də soydaşlarımızın yaşam şərtləriylə bağlı sıxıntılarını da müəyyən dərəcədə həssaslıqla qarşıladığımızı göstərməliyik. Çünki bu həssaslıq həm də bizim milli borcumuzu yerinə yetirir.

Amma bu cür çıxışlar heç bir halda daxili işlərə qarışmamaq kimi anlaşılmamalıdır. Biz tövsiyələrimizi edirik və ümid edirik ki, bu tövsiyələr də nəzərə alınacaq. Mən bu ideyanı dəstəkləyirəm.

-  Sizcə, bu çıxışdan sonra mümkündürmü ki, İranda Azərbaycan məktəbləri ilə bağlı tələb kütləvi hal alsın?

- İndiki vəziyyətə bu, mümkün görünmür. Çünki indiki rejim demokratiya ilə müəyyən dərəcədə barışan rejim deyil. Onun üçün, ancaq dini cəhalətin rəsmiləşdirilməsindən başqa bir niyyət yoxdur. Amma bütün hallarda bu fikirlər deyilməlidir. Ümid edək ki, ən azı İranda hansısa bir şəkildə bu məsələ bir daha gündəmə gələcəkdir. Çünki Prezident səviyyəsində deyilən fikirlər sadə fikirlər deyil. Bu, nəticəyə yönəlik mütləq bir hadisəni doğura bilir.

- Ölkə rəhbəri Gürcüstandakı məktəblərdən də söz açdı. Biz bilirik ki, Gürcüstanda azərbaycandilli məktəblər birbaşa Azərbaycan tərəfindən maliyyələşdirilir. Bəs gələcək perspektivdə İranda azərbaycandilli məktəblərin açılması üçün Azərbaycan dövləti maliyyə dəstəyi verə bilərmi?

- Əlbəttə, bu məsələ müzakirə edilməlidir və başqa dövlətin bunu maliyyələşdirməsinə icazə verilə bilməz. Amma Gürcüstanda bu, iki ölkənin razılığı əsasında həyata keçirilir. Həm də dərslikləri Azərbaycan təmin edir. Xüsusilə Azərbaycan dili və Ədəbiyyat dərsliklərini təmin edən Azərbaycan dövlətidir. Ona görə də bu kimi məsələlərdə bir az baxış bucağı fikrimcə, bir qədər fərqli olmalıdır. İranda isə bunun əsas İran dövlətinin özünün etməsi daha məqsədəuyğundur. Bu, həm də İranın özünün də müəyyən dərəcədə xalq və milli-etnik kimliklər içərisində nüfuzunu artıra bilər. Çünki bu, həm də Konstitusiyanın tələbidir. İranda isə Konstitusiyaya əməl edilmir. Yəni orada çoxluğu təşkil edən xalqın dilinin məhdudlaşdırılması birbaşa insan haqları, o cümlədən İran Konstitusiyasının özünün pozuntusudur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR