İran parlamentində Naxçıvanı ələ keçirmək çağırışı səslənib

2022-11-15 16:02:00

İran parlamentində Naxçıvanı ələ keçirmək çağırışı səslənib

Bir qrup iranlı deputat Azərbaycan prezidenti İlham Əliyevin Türk Dövlətlərinin 9-cu Sammitində Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların dil hüquqları haqqında fikirlərinə kəskin reaksiya verib.

Noyabrın 14-də deputat Seyed Alborz Hosseyni Azərbaycan prezidentinə Azərbaycan Respublikasının İranın bir hissəsi olduğunu, şimali Azərbaycan ərazisinin Gürcüstan müqaviləsinə əsasən İrandan ayrıldığını xatırladıb, bu barədə Tehran Times qəzeti yazır.

"Azərbaycan prezidenti türklərin məskunlaşdığı ərazilərlə bağlı irad irəli sürüb. Ona hansı ərazinin hansı ərazidən ayrıldığını başa düşmək üçün Gülüstan müqaviləsini oxumağı təklif edirəm. Dövlətlərin ərazi bütövlüyü haqqında belə ifadələr Azərbaycan prezidentinə yaraşmır", deyə Hosseyni bildirib.

O, Əliyevin iradlarını qeyri-realist adlandırıb, deyib ki, Gülüstan müqaviləsi olmasaydı, Azərbaycan İranın bir hissəsi olardı. Deputat İranın Xarici İşlər Nazirliyini və Məclisi bu iradlara reaksiya verməyə çağırıb.

Əli Nikzad qeyd edib ki, "nəvə öz babasını inkar edə bilməz" və Azərbaycan prezidentinin iradları əsassızdır.

Deputat Məhəmməd Reza Mirtacuddini Naxçıvanı ilhaq etməyə çağırıb. O, Əliyevin öz imkanlarını aşan iradlar tutduğunu deyib və Azərbaycan prezidentini tarixi bilməməkdə ittiham edib. Deputat Əliyevə xitabən belə deyib: "Diqqət edin ki, Azərbaycan İrandan ayrılıb, əksinə deyil".

İranlı deputatların iradları Əliyevin Türk Dövlətləri Təşkilatının 9-cu sammitindəki bəyanatına cavab olaraq səslənib.

"Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır", deyə Əliyev bildirib.

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.

Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır".

O, əlavə edib: "Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik".

Azərbaycan və İran arasında gərginlik səfirlərin akkreditə olunduqları ölkələrin xarici işlər nazirliklərinə dəvət edilməsinə və qonşu ölkələrdə düşməncə nəşrlərin yolverilməz olduğu haqqında notalar verilməsinə gətirib çıxarıb.

Amma dünən xarici işlər nazirləri Ceyhun Bayramov və Hüsey Əmir Abdullahyan arasında telefon söhbəti zamanı XİN başçıları dialoq və qarşılıqlı anlaşma çərçivəsində ictimai ritorika və digər mövcud problemlərlə bağlı narahatlıqları aradan qaldırmaq zərurətini qeyd ediblər. Xarici işlər nazirliklərinin mətbuat katibləri arasında əlaqə yaratmağın faydalı olduğu qeyd edilib. 

Turan İnformasiya Agentliyi


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.115375