“İran onsuz da illər boyu “Qarabağ Azərbaycandır” deyib”
“İran prezidenti Həsən Ruhaninin “Qarabağ Azərbaycandır” deməsi reallığın dərk edilməsi kimi anlaşılmamalıdır. İran onsuz da illər boyu “Qarabağ Azərbaycandır” deyib və bundan əvvəl də bir çox iranlı rəsmilər bu ifadəni işlədib. Lakin Tehran real vəziyyətdə müəyyən proseslərin ləngidilməsinə dair açıqlamalar da verib. Əsas narahatedici məqam isə bundadır”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri yenisabah.az-la söhbətində Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) lideri Fazil Mustafa deyib.
O, noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Həsən Ruhaninin Qarabağla bağlı söylədiyi fikirlərə münasibət bildirib.
Rəsmi Tehranın Azərbaycanla bağlı siyasətindən söz açan millət vəkili xəbərdarlıq edib ki, biz bu kimi məsələlərdə diqqətli olmalıyıq:
“İranla Naxçıvana gedən yolun çəkilməsi ilə bağlı razılığın əldə edilməsi müsbət bir tendensiyadan xəbər verir. Əgər bu olarsa, İran bütün hallarda bir qonşu dövlət kimi özünün də faydasına olacaq prosesə köməklik etmiş olacaq. Amma “Qarabağ Azərbaycandır” ifadəsini hələlik reallığın dərki saymaq olmaz. Çünki bu, sadəcə, ifadədən o tərəfə gedən bir məsələ deyil. Burada əsas ifadə o olmalıdır ki, Zəngəzur dəhlizi açılsın. İran bu məsələdə daha çox israrçı olsa, bölgədə böyük işlərin başlamasına rəvac verəcək və Tehran İrəvanı dekonstruktiv addımlarla cəsarətləndirməyəcək”.
BQP sədri deyib ki, bu gün Ermənistanın cəsarətlənməsində İranın da davranışları özünü büruzə verir:
“Bu da bizim üçün məqbul sayılmır, ona görə ki, vaxtında qonşuluq prinsiplərinə zidd açıqlamalar verildi. Hər halda Tehranın indiki perspektivdə daha əqli-səlim siyasətə və düşüncəyə yönəlməsi bütövlükdə bölgənin faydasınadır. Ona görə də “3+3” formatındakı müzakirələrin İranda təşkil olunmasınının özü də müsbət bir irəliləyişdir”.
F. Mustafa əmin edib ki, Azərbaycan bu məsələlərdə bütün konstruktiv ideyaları dəstəkləməyə hazırdır:
“Biz umu-küsüyə, o cümlədən hansısa əvvəlki münasibətlərdəki anlaşılmazlıqlara baxmadan yeni münasibətlərin qurulması üçün fədakarlıq etməyi müəyyən dərəcədə özümüz üçün məqbul hesab edirik ki, təki bölgədə barışıq, sülh və əmin-amanlıq olsun”.