İran niyə narahatdır? - Təhlükəsizlik və müdafiə konsepsiyasında 40 illik geriləmə

2021-10-13 22:23:00

İran niyə narahatdır? - Təhlükəsizlik və müdafiə konsepsiyasında 40 illik geriləmə

İran İslam Respublikasının qurulduğu gündən 2018-ci ilə qədər onun milli təhlükəsizlik və yayılma strategiyasının 4 mərhələdən keçdiyi bəllidir.
 

  1. İraq-İran savaşı dövrü (1980-1988). Daxili gərginliyi, torpaq bütünlüyünü qorumaq;
  2. İraqın və Əfqanıstanın işğalı sonrası (2001-2003): Fürsətdən yararlanıb təsir dairəsini və özünümüdafiə xəttini qonşularının ərazisinə daşımaq. 
  3. Livan-İsrail savaşı (2006): “Şiə hilalı” strategiyasının mənimsənilməsi. İran daha sonra 2014-cü ildə husilərin üsyanı ilə “hilal”ın digər ucu sayılan Yəməndə ciddi uğurlar əldə etdisə də, qarşıdurmalar indiyədək davam edir.
  4. Suriya müharibəsi: Müdafiə səddinin İrandan xeyli uzağa daşınması. İran yetkililəri açıq şəkildə vurğulayırlar ki, xarici düşmənlərə qarşı öz torpağında döyüşməmək üçün Suriyada vuruşmağa məhkumdurlar. 

 
2018-ci ildən etirabən İranın bütün planları alt-üst oldu. Əvvəlcə ABŞ prezidenti Tramp İranla bağlanan nüvə sazişindən geri çəkildi. Ardınca İrana qarşı sərt sanskiyalar tətbiq olundu. Beləcə İran iqtisadi çöküşə sürükləndi. Bu da onun Yaxın Şərqdəki qüvvələrini maliyyələşdirmə problemi yaratdı.
 
2019-cu ildə İraqda Həşdi Şabiyə və İran uzantılarına qarşı üsyan baş verdi. Aylarla davam edən etiraz dalğalarında milyonlarla insan küçələrə tökülüb İrana bağlı qüvvələrin ölkədən çıxmasını tələbini irəli sürdü.
 
Əsas qırılma nöqtəsi isə 2020-ci ildə başladı. İlin ilk günlərində Bağdadda İranın xarici hərbi əməliyyatlara rəhbərlik edən generalı Qasım Süleymanı öldürüldü. Daha sonra koronavirus bəlası İranı tamamən öz içinə qapadı. Beynəlxalq sanksiyaların ağırlığı da bura əlavə olununca, vəziyyət dözülməz həddə gəldi.
 
2020-ci ilin sentyabrında Azərbaycan İranın qırmızı cizgisi elan etdiyi Qarabağ ətrafını işğaldan qurtardı. Bununla da İranın qarnına ağrı doldu. 
 
2021-ci ildə Əfqanıstanda Taliban hakimiyyətə gəldi. Beləcə, İranın müdafiə xəttini qonşularına daşıma planı ilk zərbəsini aldı. Daha sonra Azərbaycan Türkiyə və Pakistan əsgərləri ilə hərbi təlimlər keçirdi. İran bu hərbi təlimləri 2 güclü rəqibinin Azərbaycanda yerləşməsi kimi alqıladı. Üzərindən bir qədər keçəndən sonra isə Azərbaycan ordusu İranın Fars körfəzindən Qara dənizə uzanan nəqliyyat dəhlizində öz postlarını qurdu. İranın sancıları artdı. Artıq İran öz təhlükəsizlik strategiyasını yenidən 1980-1988-ci illərdəki daxili gərginliklər və torpaq bütövlüyü “moduna” gətirdi.
 
Qısası, Əfqanıstanda və Azərbaycanda baş verən proseslər İranın təhlükəsizlik və müdafiə konsepsiyasını 40 il geriyə atdı. \\Ovqat.com