İran nəyi həzm edə bilmir? - ZİBİLƏ DÜŞMÜŞÜK...

2022-06-16 16:24:00

İran nəyi həzm edə bilmir? - ZİBİLƏ DÜŞMÜŞÜK...

Azərbaycanın Vətən müharibəsində möhtəşəm zəfəri təkcə Ermənistanı deyil, digər ölkələrin, o cümlədən cənub qonşumuz İranın da yuxunu qaçırmış kimi görünür.

Müharibəyə qədər də Azərbaycanı haqq işində dəstəkləməyən, gözünün qarşısında Ermənistanın işğal etdiyi əraziləri talan etməsinə səsini çıxarmayan İran müharibədən sonrakı davranışları ilə də ancaq təəssüf doğurmağa davan edir.

İranda müxtəlif səviyyəli şəxslərin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər, ölkəmizi hədələməyə qədər gedib çıxan açıqlamalar, rəsmi Bakının ünvanına söylənən əsassız ittihamlar, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qanunsuz yükdaşıma cəhdləri, rəsmi səviyyədə “Ermənistanın sərhəd toxunulmazlığı bizim üçün “qırmızı xətdir” bəyanatları və daha nələr, nələr...

Son günlər isə İrandan Azərbaycan əleyhinə növbəti addımların şahidi oluruq. Qonşu dövlət Azərbaycandakı emissarlarını fəallaşdırmaqla yanaşı, öz daxilində də hərəkətə keçib.

Bu günlərdə bir qrup şəxs Azərbaycanın Tehrandakı səfirliyi qarşısında aksiya keçirib. Azərbaycan əleyhinə şüarlarla zəngin olan aksiyada növbəti dəfə ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirilib.

Aksiya iştirakçıları ənənəvi olaraq Azərbaycanı İsraillə əməkdaşlıqda günahlandırıb, Bakını sionizmə dəstək verməkdə qınayıblar.

Aksiya keçirənlərin, əsas da onu təşkil edənlərin Azərbaycana hansı ölkə ilə əməkdaşlıq etməyin yollarını göstərmək niyyəti onların sağlam düşünmək qabiliyyətini itirdiyi qənaətini ortaya qoyur. İranın bəzi rəsmi şəxsləri anlamaq istəmirlər ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə əməkdaşlıq etmək yolunu da özü seçir. Azərbaycanın İranla da çox yaxın, sıx əməkdaşlığı var. Ancaq bu, o demək deyil ki, buna görə Bakı başqa ölkələrlə, o cümlədən İsraillə münasibətlər qurmalı deyil. Xüsusən, Azərbaycanın ərazilərini 30 ilə qədər işğal altında saxlamış Ermənistana heç vaxt “Azərbaycanın sərhəd toxunulmazlığı bizim üçün “qırmızı xətdir” şərti qoymayan Tehran bu gün ölkəmiz əleyhinə bu ittihamları səsləndirmək haqqını özündə hardan görür?

Ermənistan 30 il ərazində Azərbaycanın məhz İranla 130 km-lik sərhədini işğal altında saxlayıb, cənub qonşumuzun gözü qarşısında bu əraziləri istismar edib, talayıb. Sərhəd toxunulmazlığı niyə onda İranı narahat etmirdi? Əskinə, cənub qonşumuzun işğalçılara qoşulub Azərbaycanın ərazilərinin talanında iştirak etdiyi də təəssüf ki, acı həqiqətdir. Bütün bunlar faktlarla ortadadır. Hamının hər şeydən xəbəri var.

O ki qaldı Azərbaycanın İsraillə əməkdaşlığına, Bakı bu əməkdaşlığın mövcudluğunu heç vaxt inkar etməyib. Niyə də etsin ki? Azərbaycan-İsrail münasibətləri həmişə yüksək səviyyədə olub. İranın bundan narahat olmasına isə dəyməz. Çünki bu əməkdaşlıq hər zaman şəffaf olub. Biz İrandan fərqli olaraq üzdə bir, arxada başqa cür davranmamışıq. Azərbaycan əməkdaşlıq etdiyi bütün dövlətlərlə qarşılıqlı hörmət, şəffaf, anlayışlı münasibətlərin tərəfdarıdır. O cümlədən İranla... İran da, nəhayət, bunu anlamalı, əsassız ittihamlardan əl çəkməli, Azərbaycandakı əlaltılarını lazım olanda hərəkətə gətirmək cəhdlərindən vaz keçməli, normal, qarşılıqlı maraqlara söykənən münasibətlərə üstünlük verməlidir. Azərbaycanın Tehrandakı səfirliyi qarşısında təşkil olunmuş ürəkbulandıran aksiya, o aksiyada səsləndirilən şüarlar iki ölkə arasında münasibətlərə heç cür töhfə verə bilməz.

Azərbaycan İranla daim sağlam əməkdaşlığın, normal münasibətlərin tərəfdarı kimi çıxış edir. Bir faktı vurğulamaq yerinə düşər ki, Bakı heç vaxt İrana qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb. Prezident İlham Əliyev də açıq şəkildə bəyan edib ki,

Azərbaycan həmişə İrana qarşı sanksiyaların əleyhinə olub. Bunun qarşılığında İranın etdiklərinə nə ad vermək olar? İran nədən narahatdır, nəyi həzm edə bilmir? Vətən müharibəsində möhtəşəm zəfərimizi? Azərbaycanın güclənməsini, regionda yeni reallıqlar yaratmasını, getdikcə lider dövlətə çevrilməsini? Nəyi?.. (APA)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya