"İran molla rejimi Azərbaycandakı radikal qruplaşmaları hərəkətə keçirməyə çalışır" - TURAN RZAYEV

2022-06-17 16:23:00

"Rəsmi Tehran əslində Taleh Bağırzadənin timsalında "Müsəlman Birliyi Hərəkatı"nı yaratmaqla Azərbaycanda "Livan modeli"ni tətbiq etməyi özünə hədəf seçib"

"Məlum olduğu kimi, bir müddət öncə bir qrup şəxs Azərbaycanın Tehrandakı səfirliyi qarşısında növbəti dəfə aksiya keçirib. Növbəti dəfə deyirəm, çünki bu, ilk belə hal deyil. Mümkündür ki, axırıncı da olmayacaq. Azərbaycan əleyhinə şüarlarla zəngin olan aksiyada növbəti dəfə ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirilib. İran rəsmiləri hadisə ilə bağlı açıqlamasında nə etirazçıların, nə də aksiyada səsləndirilən şüarların rəsmi Tehranın mövqeyi olmadığını bildirsə də aydın məsələdir ki, Azərbaycan səfirliyin qarşısında olan aksiyaların sifarişçisi kimdir və bu aksiya kimlər tərəfindən təşkil olunur". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Turan Rzayev qeyd edib.

Siyasi ekspert bildirib ki, İran molla rejiminin Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları Cənubi Qafqaza da tətbiq etmək istəməsi bilinən bir həqiqətdir: "Rejim bu istiqamətdə Azərbaycan daxilində sosial, ictimai və siyasi sferada, iki başlıca istiqamətdə, genişmiqyaslı təbliğat sistemlərini gücləndirməyə çalışır. Birincisi, etnik separatizim. Azərbaycana qarşı molla rejimi və Ermənistan uzun illərdir ki, birlikdə etnik azlıqları körükləməklə separatizm adı altında qondarma “Dağlıq Qarabağ”, "Tatistan", “Talışstan” və “Ləzgistan” ideyalarının “təbliğatı” ilə məşğuldur. Son illərdə isə bu istiqamətdə intensif konfranslar keçirilir, bir sıra KİV-lər, eləcə də sosial şəbəkələrdə müxtəlif səhifələr yaradılır. İkincisi, molla rejimi dini baxımdan ölkənin konstitusion dövlət quruluşunu devirmək istəyən radikal qruplaşmaları hərəkətə keçirməyə çalışır. Son 20 ildə bu prosesin aktivləşməsi üçün mövhumatçı zəka ilə dərin siyasət yürüdülür. Təəssüf ki, Azərbaycanın məscidlərində savadsız dindarlarla işbirliyi qurularaq, “çevrə düsturu” formalaşdırılıb".

Turan Rzayevin sözlərinə görə, Tehran rejimi Azərbaycandakı mövhumatçı baxışlara malik dindarlara siqqətülislam, höccətülislam, müctəhid, mövləvi, müdərris, mühəddis, müxtəsib, şeyx, müəzzin və digər teokratik "dini rütbələr" verərək Azərbaycan cəmiyyətində hədəflərini rəsmiləşdirmək üçün konkret addımlar atır: "Bütün bunları isə Tehrandakı “Vilayəti Fəqih” (Dünya Müsəlmanlarının Ali Dini Lideri) adlı qondarma strukturu və təbii ki, erməni dezinformasiya maşınının ortaq əli ilə həyata keçirilir".

Siyasi ekspert hesab edir ki, Azərbaycanın Tehrandakı səfirliyi qarşısında keçirilən aksiyanın Müsəlman Birliyi Hərəkatının sədri, Qobustanda həbsxanada olan Taleh Bağırzadənin susuzluq aksiyasına başladığı bir dövrə təsadüf etməsi bu aksiyanın da İran molla rejimi tərəfindən sifarişli şəkildə təşkil edildiyini göstərir: "Təəssüf ki, bu gün Azərbaycanda bir çoxları Taleh Bağırzadənin İran agenti olduğunu bilmir. Bu da azmış kimi, Taleh Bağırzadəyə azadlıq şüarları səsləndirənlər var. Tehran rejiminin “Cənubi Qafqaz masası”nın siyasi avantüra proyektlərinə cəlb olunan Azərbaycan vətəndaşları bu prosesdə iştirak etdiklərinin fərqində belə deyillər. Tehran rejiminin sərgilədiyi ideoloji konsepsiyalara inanaraq, dövlətə qarşı çıxan bu şəxslər Taleh Bağırzadə kimi İran agentləri qəhrəman olaraq görür. İran molla rejimi əslində Taleh Bağırzadənin timsalında “Müsəlman Birliyi Hərəkatı”nı yaratmaqla Azərbaycanda “Livan modeli”ni tətbiq etməyi özünə hədəf seçib. Təsadüfi deyil ki, Bağırzadə 2013-cü ildə həbsdən çıxan kimi “Müsəlman Birliyi Hərəkatı”nı İran ayətullahlarının “xeyir-duası” ilə yaratdı. Daha sonra İraq, Suriya, Fələstin və Livanda olduğu kimi məscidlərdə görüşlər keçirərək əhalinin mövhumatçı dindarlarını öz tərəfinə çəkməyə cəhd etdi. O bu yolla hakimiyyətə gəlməyi və konstitusion quruluşu dəyişməyi hədəfləyirdi. 2016-cı ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun araşdırmaları nəticəsində bəlli olmuşdur ki, Taleh Bağırzadə 68 nəfər tərəfdarı ilə demokratik dövlət modelini dəyişmək və “şəriət” qanunları idarə olunan rejim qurmağı hədəf seçib. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, onun tərəfdarları həm də gizli silahlı qruplar yaradıblar. Bu mənzərə eynilə Tehran rejimi tərəfindən idarə olunan Yaxın Şərq ölkələrindəki radikal cərəyanların taktikasının təkrarı idi. Bütün bunlarla kifayətlənməyən Taleh Bağırzadə həm də radikal dindar qruplarını ədəbiyyatla təmin edirmiş. Həmin əsərlər Tehrandakı terror siyasətini yürüdən cihadçı ideoloqların kitablarından ibarət idi. Bütün bunlar sübut edir ki, Tehran molla rejimi dini, milli azlıqların hüquqları və digər sahələrdə Ermənistanla eyni siyasi prosesdə iştirak edir".

Turan Rzayev əlavə edib ki, İran-Azərbaycan münasibətlərini vaxtaşırı gərginləşdirən səbəblərdən biri də rəsmi Bakının İsraillə sıx münasibətlər qurmasıdır: "Təsadüfi deyil ki, İranda təşkil olunan aksiyalar da ənənəvi olaraq Azərbaycanı İsraillə əməkdaşlıqda günahlandırır, Bakını sionizmə dəstək verməkdə qınayırlar. İranın bəzi rəsmi şəxsləri görünür hələ də anlamaq istəmirlər ki, Azərbaycan müstəqil dövlətdir və istənilən ölkə ilə əməkdaşlıq yolunu özü seçir. Rəsmi Tehran 27 il ərzində müsəlman torpağı olan Qarabağı işğal edən, burada yenə müsəlman Azərbaycan xalqına qarşı soyqırımlar təşkil edən, yaşı yüz illik məscidləri dağıdan, donuz, inək kimi heyvanların saxlanıldığı yerə çevirərək bütün müsəlmanları təhqir edən Ermənistan ilə sıx münasibətlərə malikdir. Onu da deyim ki, İranın erməni sevgisi daha qədim və köklü bir tarixə sahibdir. Qeyri-rəsmi mənbələrə görə, bu gün İranda 100 min erməni yaşayır. İranın konstitusiyasına nəzər saldıqda görərik ki, ölkədə yaşayan bütün etniklər eyni hüquqa malikdirlər. Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Bundan başqa İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır, məktəblərdə erməni ədəbiyyatı, tarixi tədris olunur. Universitetdə isə erməni dili fakültəsində təhsillərini davam etdirə bilirlər. Paytaxt Tehranda sırf ermənilər üçün 23 məktəb var. Eyni zamanda ermənilərin milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır. Erməni Qriqoryan kilsəsinin İran üzrə Atropaten, Tehran və İsfahan yeparxiyaları fəaliyyət göstərir. Ümumilikdə, bu yeparxiyaların tərkibinə 40 kilsə daxildir. Cəmi 100 min erməniyə məxsus bu sərbəstliyin yüzdə biri İranda çoxluq təşkil edən 45 milyon azərbaycanlıya verilmir. Molla rejimi İranda Azərbaycan dilini qadağa edir, yüzlərlə soydaşımızı ana dilində danışdığı təhsil almaq istədiyi üçün həbs edir. Molla rejimi son olaraq 44 günlük müharibə zamanı Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirən 12 nəfəri həbs etmiş, fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən ümumilikdə 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarmışdı".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya