Saat:16:17
Haqqımızda

İran kəşfiyyatının Azərbaycana qarşı hazırladığı plan hakerlərin əlinə keçdi - ŞOK FAKTLAR

2023-05-30 11:10:00

İran kəşfiyyatının Azərbaycana qarşı hazırladığı plan hakerlərin əlinə keçdi - ŞOK FAKTLAR

İran Xalq Mücahidləri Təşkilatına yaxın olan “Rejimi devirmək üçün inqilab” haker qrupu internet vasitəsilə İran prezidentinin internet resurslarına nüfuz etdiyini və 120 serverdə məlumat əldə etdiyini bildirib.

Haker qrupu İran prezidentinin kompüterinə, iş və istirahət zonasın;, prezidentin üzgüçülük hovuzu ilə bağlı “gizli” və “tam məxfi” məlumatları, İbrahim Rəisinin İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaniyə etiraz mesajını yayıb.

İran prezidentinin internet saytının sındırılmasından sonra qruplaşmanın sızdırdığı mühüm məlumatlar arasında İran vitse-prezidentinin Ali Rəhbər Əli Xamneyiyə göndərdiyi “gizli” məktubda Suriyanın 2019-cu ilə qədər İrana olan qeyri-hərbi və təhlükəsizlik borclarının təxminən 12 milyard dollar olduğu bəlli olur. Məktubda bu vəsaitlərin Suriyadan mərhələli şəkildə geri qaytarılması mexanizmlərindən danışılır.

Sənədlərin birində universitetlərdəki üsyanları yatırtmaq, etirazlara nəzarət etmək üçün İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik qüvvələrinin hərəkətini, habelə İranın “Tar Allah “korpusunun rəhbərlərinin bütün təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüşləri əks olunur..

Sənədlərin içərisində Azərbaycanla bağlı mühüm məqamlar var. Dərc olunmuş sənədlərin birində Kəşfiyyat Nazirliyinin İran - Azərbaycan münasibətlərinə dair hesabatı əks olunur. Hesabatda deyilir ki, polis Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra səfirliyin binasına 20 dəqiqəlik gecikmə ilə gəlib. Xatırladaq ki, Azərbaycan tərəfi ilk vaxtlardan səfirliyin mühafizəsində qəsdən yol verilmiş səhlənkarlıqlardan bəhs edir, polisin hadisəyə bilərəkdən gec reaksiya verdiyini vurğulayırdı. Amma İran rəsmiləri inadkarlıqla səhlənkarlıqları, səfirliyin mühafizəsinin təşkil olunmamasını, polisin hadisəyə gec reaksiyasını inadla təkzib edir, Azərbaycanı guya məişət məsələsini siyasiləşdirməkdə ittiham edirdilər. Sənədlərdən anlaşılır ki, İranın güc qurumlarından biri (Kəşfiyyat Nazirliyi) bu məsələlərə görə digər qurumu –Daxili İşləri Nazirliyini təqsirkar bilir və məsuliyyəti öz üzərindən atır.

Digər sənədə əsasən, İranın Kəşfiyyat Nazirliyi Rusiyaya təklif edir ki, NATO-nun Azərbaycan Respublikasında hərbi mövcudluğuna həssaslığını artırsın. Bu da olduqca mühüm məqamdır. Yazılarımızda dəfələrlə qeyd etmişik ki, İran mediasının ekspert qismində təqdim etdiyi şəxslər vaxtilə Qasim Süleymaninin davrandığı kimi Rusiyanı Azərbaycana qarşı birgə mübarizə aparmağa, bu məqsədlə Azərbaycanda NATO, Türkiyə və İsrailin mövcudluğuna, bu mövcudluğun Rusiya üçün yaratdığı risklərə inandırmağa çağırışlar edirlər. İndi həmin ekspertlərin başının hara bağlı olduğu aşkarlanır; İran kəşfiyyatı Rusiyanı Azərbaycana qarşı təhrik etmək üçün həm kulisarxası danışıqlarda, həm təbliğat resurslarında planlı iş aparır.

Hakerlər İbrahim Rəisinin ofis meneceri Qulamhüseyn Esmailinin Milli Təhlükəsizlik Şurasının o zamankı katibi Əli Şəmxaninin 2022-ci il etirazları ilə bağlı hesabatlarını tənqid edən məktubunu da yayıblar. Məktubda deyilir ki, təhlükəsizlik xidmətləri ötən il sentyabr və oktyabr aylarında keçirilən etirazların miqyasından təəccüblənib və böhranla mübarizəyə tam hazır olmayıblar. Esmaili əlavə edib ki, Şəmxani öz hesabatlarında xüsusi xidmət orqanlarının ziddiyyətindən danışıb və bu ziddiyyətin necə aradan qaldırılacağını soruşub. Sənədlərdə o da qeyd olunur ki, Rəisi Milli Təhlükəsizlik Şurası tərəfindən onun haqqında analitik hesabat hazırlandığı üçün Şəmxaniyə etiraz edib. Bu da əvvəllər məlumat verdiyimiz kimi Şəmxaninin qəfil istefası ilə bağlı sirlərə aydınlıq gətirir.

Sənədlərdə İran hakimiyyətinin yuxarı eşalonlarında korrupsiyanın və qruplaşmalararası ixtilafın miqyası haqda da müəyyən təsəvvür əldə etmək olar. Haker qrupu silahlı qüvvələrin bir halda Mərkəzi Banka 400 milyon avro dəyərində valyuta satdığına dair sənəd də dərc edib. Mərkəzi Bankın rəhbəri Məhəmməd Rza Fərzinin silahlı qüvvələrin baş qərargah rəisi Məhəmməd Hüseyn Baqeriyə ünvanladığı məktubda deyilir ki, silahlı qüvvələr neft satışından əldə etdiyi valyutanı mərkəzi banka tədarük etməlidir.

Baqeri isə birinci vitse-prezident Məhəmməd Möhbərə yazdığı məktubda neft satışından əldə olunan xarici valyutanın mənimsənilməsi ilə bağlı xəbəri təkzib edib. İndiyədək yalnız SEPAH-ın qeyri -qanuni maliyyə əməliyyatlarında iştirakı deyilirdisə, bu sənəd silahlı qüvvələrin də qanunsuz maliyyə əməliyyatlarında iştirakını ortaya çıxarır. Xatırladaq ki, Şəmxanini istefaya məcbur etmək üçün də onun övladlarının qanunsuz ticarətdə iştirakı və valyuta manipulyasiyaları ilə külli miqdarda vəsait mənimsəməsi iddia olunurdu. Bu ifşa Şəmxanidən sonra SEPAH-ın digər rəqibi Məhəmməd Baqerinin də istefasına səbəb olacaqmı? İranda qruplaşmalararası ixtilaflar, görünür, elə bir həddə çatıb ki, Xalq Mücahidləri kimi ümumi düşmənə informasiya sızdırmaqdan da çəkinmirlər.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR