İran həbsxanasında oğlumun psixoloji durumunda ciddi problemlər yaranıb
İranda casusluq etmək niyyəti ittihamı ilə həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin səhhətində problemlərin yarandığı bildirilir.
Səfərlinin anası Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, oğlu ilə hər gün telefonla danışır.
“Son vaxtlar çox gərgindir. Fərid xaraktercə sakit təbiətli insandır. İndi o qədər aqressivdir ki, xırda bir problemə qeyri-adekvat reaksiya verir. Hətta son vaxtlar Azərbaycanın konsulluq işçiləri ilə, öz vəkili ilə dəfələrlə konfliktlər yaşayıb. Onlar da bunun fərqindədirlər. Mənimlə danışanda bildirirlər”, o qeyd edib.
Ananın sözlərinə görə, həbsxanada da bunun fərqində olublar, Fəridi həkim müayinəsindən keçiriblər.
“Həkim dərman yazıb və dərmanı içməsinin vacib olduğunu bildirib. Fərid dərmanları içməyib. Həbsxana rəhbərliyi Fəridlə görüşüb dərmanları içməsinin vacib olduğunu deyib. Deyib ki, dərmanları içməsə məcburi qaydada içirəcəklər. Fərid isə cavab verib ki, dərmanları məcburi içirtsələr özünə qəsd edəcək. Bundan sonra ondan əl çəkiblər. Mən soruşdum ki, niyə dərmanları içmirsən? Dərmanı iç sakitləş. Dedi ki, onlar məni günahsız yerə saxlayıblar, onların dərmanını da içmək istəmirəm. Fərid artıq iki aydır normal yatmır. Bunun ciddi fəsadları ola bilər. Telefonda bir qədər gec cavab verən kimi səsinin tonunu ucaldır. Tanıya bilmirəm. Bu, o sakit təbitəli Fərid deyil. Psixoloji durumu çox pisdir. Qorxuram ki, özünə xəsarət yetirər. Çünki durumu ilə barışa bilmir”, ana qeyd edib.
Ana oğlundan dərmanlarını içməsini xahiş edib.
“O söz verdi ki, dərmanları içəcək. Bilmirəm mənin ovutmaq üçün deyirdi, yoxsa dərmanları içəcək. Mən gözləyirəm və inanıram ki, müalicəyə başlayacaq”, o deyib.
Əsgərova oğlunun psixoloji durmunda problemlərin yaranmasını onun ümidlərinin azalması ilə izah edib.
“Fərid əvəllər düşünürdü ki, onun azad edilməsi ilə bağlı çalışırlar. O deyirdi ki, Azərbaycan hökuməti onu azad edəcək. Bu barədə danışıqlar gedir. Ümid edirdi ki, bu ilin yanvarınadək azadlığa çıxacaq. Amma vaxt uzandıqca sanki ümidləri azalır. Əvvəl kamerada qaldığı insanlarla da münasibəti daha yaxşı iddi. İndiki insanlar tamamilə fərqlidirlər. Sanki kamerada tək yaşayır. İnternet yoxdur, televiziya fars dilindədir. Beş-altı kitab götürüb oxuyub. Özünün aldıdığı kitabları da ingilis dilindədir deyə, deyirlər məzmununu bilmirlər və bu səbəbdən həbsxanaya buraxmırlar. Hazırda Fəridin demək olar ki, heç bir məşğuliyyəti yoxdir. Ancaq axşam və sabahı gözləyir”.
Ana Azərbaycanın baş prokuroru ilə İranın baş prokuroru arasındakı danışıqlar zamanı Fərid Səfərlinin məsələsinə toxunulduğuna işarə edərək bildirib ki, bu danışıqların nəticəsi olmadıqca Fəridin azad ediləcəyinə ümidləri azalır.
Ana oğlu ilə görüşmək üçün də ona müracət edib.
“Fərid buna razı deyil. Deyir ki, məni onu məhbus kimi görməyimi istəmir”.
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.
Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.
Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.
Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib.
Azərbaycan Baş Prokuroru Kamran Əliyev sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.
Daha sonra Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayəti təmin etməyib.
\\Gununsesi.info