Saat:05:00
Haqqımızda

İran-Azərbaycan münasibətlərində yeni mərhələ?

2021-11-30 11:08:00

İran-Azərbaycan münasibətlərində yeni mərhələ?

 

Rəsmi Tehran Azərbaycanla səmimi əlaqələrin qurulmasında həqiqətən də maraqlıdır?

Məhəmməd Əsədullazadə: "Azərbaycan İrana dost əlini uzadır və Tehran bundan sonra Azərbaycana qarşı destruktiv siyasəti bir müddət həyata keçirməyəcək"

Turan Rzayev: "Bu, Tehranın səhvini anladığını və Bakı ilə gərginliyin uzadılmasının mənasız olduğunu dərk etdiyini göstərir"

“İndiki halda Azərbaycan üçün İranla gərginlikdən çox, əməkdaşlıq daha vacibdir. Məsələ ondadır ki, Türkmənistan ilə Azərbaycan arasında türkmən qazının Azərbaycana ixracı, buradan da Avropa bazarına çıxmasına dair razılıq var. Bunun reallaşması isə hələ ki, İran üzərindən mümkündür"

 

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirilib. Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb.

Görüşdə eyni zamanda Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırılıb.

 

Maraqlıdır, Azərbaycan və İran prezidentlərinin bu görüşündən sonra ölkələr arasında əlaqələr yüksələn xətlə inkişaf edəcəkmi?

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Bakı və Tehran arasında siyasi əlaqələrin intensiv şəkildə başlaması və XİN rəhbərlərinin mütəmadi əlaqələri Bakı və Tehran arasında buzların müəyyən qədər əriməsinə gətirib çıxarıb: "Azərbaycan-İran əlaqələri yeni mərhələyə keçir. Bildiyiniz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatınınn (İƏT) Aşqabad zivrə görüşü çərçivəsində prezident İlham Əliyevlə İran prezidenti İbrahim Rəisi arasında görüş baş tutdu. Qeyd edim ki, İranın ikinci Qarabağ müharibəsindən sonra regionda yeni geokonfiqurasiyanı qəbul etməməsi, "Zəngəzur" dəhlizinə qarşı çıxması və Azərbaycan sərhədlərində hərbi təlimləri iki ölkə arasında ciddi siyasi və diplomatik böhran yaratmışdı. Azərbaycanın geri çəkilməməsi, prinsipial olaraq yeni reallıqlara uyğun davranması, nəticədə, Tehranı geri addım atmasına gətirib çıxardı. Təbii ki, burada Ankara və Moskva amilini də nəzərə almaq lazımdır. İranın Ermənistanla yaxınlaşması, Qafan-Gorus yoluna alternativ yol çəkmək planı və Yerevanı Azərbaycana qarşı dəstəkləməsi demək olar ki, baş tutmadı. Bakı və Tehran arasında siyasi əlaqələrin intensiv şəkildə başlaması, XİN rəhbərlərinin mütəmadi təmasları müəyyən qədər Bakı və Tehran arasında buzların əriməsinə gətirib çıxardı".

Məhəmməd Əsədullazadə onu da vurğuladı ki, Azərbaycan İrana dost əlini uzadır və Tehran bundan sonra bir müddət ölkəmizə qarşı destruktiv siyasət həyata keçirməyəcək: "Aşqabadda baş tutan görüşdə aydın oldu ki, İran Zəngəzur dəhlizini qəbul edir və regionda gedən geosiyası proseslərlə barışır. Prezidentlərin bu görüşü iki ölkə arasında böhrandan sonra Tehranın yeni hökuməti ilə yeni əməkdaşlıq mərhələsinin başlandığını göstərir. Azərbaycan İrana dost əlini uzadır və Tehran bundan sonra bir müddət ölkəmizə qarşı destruktiv siyasət həyata keçirməyəcək. Nəzərə almaq lazımdır ki, İranda mühafizakarlar, hərbçilər hakimiyyətdədir və Tehranın region siyasəti dəyişə bilər. Buna baxmayaraq, İranı dəyişən regional şərtlərlə barışmağa məcbur edildi. Həm də İran-Ermənistan əlaqələri bundan sonra Azərbaycan əleyhinə formalaşmayacaq. Həmçinin, İran Xəzərin statusu ilə bağlı qəbul edilən son sənədi parlamentdə ratifikasiya edə bilər".

Politoloq Turan Rzayev bu görüşün Tehranın səhvini anladığının və Bakı ilə gərginliyin uzadılmasının mənasız olduğunu dərk etdiyinin göstəricisi olduğunu dedi: "İƏT-in XV Zirvə Toplantısının ardınca liderlər arasında ikili görüşlər baş tutdu. Bu görüşlərdən ən diqqət çəkəni isə bəlkə də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan görüşü idi. Bir müddətdir rəsmi Bakı və Tehran arasında davam edən və rəsmi Tehrandan qaynaqlanan soyuq münasibətlər fonunda bu görüşün necə keçəcəyi hər kəs üçün maraqlı idi. Rəisinin sözlərinə Qarabağ məsələsi ilə başlaması və İranda İslam İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır” şəklində ifadə etməsi Tehranın səhvini anladığını və Bakı ilə gərginliyin uzadılmasının mənasız olduğunu dərk etdiyini göstərir".

Turan Rzayev bildirdi ki, indiki halda Azərbaycan üçün də İranla gərginlikdən çox, əməkdaşlıq daha vacibdir: "Hesab edirəm ki, Rəisi “ali rəhbərdən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyini” ifadə edərək, bir müddət öncə aktual olan “şirin quyruğu” məsələsini birdəfəlik qapatmaq istəyir. Prinsip etibarilə İranla gərginliyin davam etməsi rəsmi Bakı üçün də arzuolunan hal deyil. Onsuz da məsələnin bu qədər böyüməsi İranın günahı idi. Rəsmi Bakı sadəcə özünü müdafiə edirdi. İndiki halda Azərbaycan üçün İranla gərginlikdən çox, əməkdaşlıq daha vacibdir. Məsələ ondadır ki, Türkmənistan ilə Azərbaycan arasında türkmən qazının Azərbaycana ixracı, buradan da Avropa bazarına çıxmasına dair razılıq var. Bunun reallaşması isə hələ ki, İran üzərindən mümkündür".

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR