İran-Azərbaycan münasibətləri DAHA DA GƏRGİNLƏŞİR

"İranın Azərbaycan əleyhinə Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsi göstərişi Xamenei tərəfindən verilib"
Məhəmməd Əsədullazadə: "Tehranın əsas planı Ermənistanı Azərbaycanla sülh müqaviləsinin imzalanmasından yayındırmaqdır"
Samir Hümbətov: "Tehran rejimi bir tərəfdən danışıqlar aparmaq görüntüsü yaratmaq istəsə də, digər tərəfdən təxribatlarını dayandırmır"
Elxan Şahinoğlu: "İran-Azərbaycan münasibətlərinin normallaşması üçün tərkibinə diplomatlarla yanaşı, güc strukturlarının nümayəndələrinin və deputatların da qatılacağı daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var"
Aqşin Kərimov: "Azərbaycan-İran münasibətlərindəki kəskinləşən ritorika Tehrandan getdikcə zilə qalxan hərbi təhdidlərlə müşayiət ediləcək"
Bugünlərdə, daha dəqiq desək, aprelin 7-si və 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Tərəflər telefon danışığı zamanı iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla, o cümlədən Bakı ilə Tehran arasında ikitərəfli münasibətlərin inkişafı və bəzi regional məsələlərlə bağlı geniş müzakirələr aparıblar. Qeyd edək ki, Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacibliyini də vurğulayıb. Həmçinin, Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub və nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Onu da nəzərinizə çatdıraq ki, sözügedən telefon danışığının ardınca Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb. Rəsmi informasiyada tərəflərin ikitərəfli gündəliyi, İran-Ermənistan əlaqələrinin inkişafını, həmçinin regiondakı vəziyyəti müzakirə etdikləri qeyd olunsa da, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, "Vətən" partiyasının lideri Artur Vanetsyan bəyan edib ki, Ermənistan və İran Türkiyə-Azərbaycan planlarından qaynaqlanan ümumi çağırışlar və "təhdidlərə" qarşı birləşə bilər. Bununla bağlı axar.az-da yer alan məlumata görə, Artur Vanetsyan bildirib ki, Bakı və Ankaranın Cənubi Qafqazdakı siyasəti təkcə Ermənistana qarşı deyil, həm də İrana qarşı yönəlib: "Zəngəzur planları, yəni dəhliz açmaq təkcə Ermənistan üçün deyil, həm də İran üçün birbaşa "təhlükədir". Regional sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyini dəfələrlə bəyan edən Tehranın hərəkətləri və ritorikasının səbəbi budur. Bəyanatlar bir yana qalsın, İran ordusu vaxtaşırı təlimlər keçirərək, boş oturmayacağını açıq şəkildə ortaya qoyur. Tehran bu davranışı ilə Azərbaycan və Türkiyə "təhlükəsi" fonunda Ermənistanın ərazi bütövlüyünü qorumağa çalışır. Dost və qardaş İranın bu səylərini yüksək qiymətləndiririk. Bakı və Ankaranın Cənubi Qafqazdakı siyasəti təkcə Ermənistana qarşı deyil, həm də İrana qarşı yönəlib. Bu münaqişə ilk baxışda təsəvvür ediləndən daha qlobal xarakter daşıyır". Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru əlavə edib ki, bu istiqamətdə əməli addımlar atılmalıdır: "Əgər Ermənistan və İran təhlükəsizlik sahəsində əməkdaşlığa daha çox diqqət yetirsəydilər, ikitərəfli münasibətlərdə tam etimad mühiti yaratsaydılar, o zaman regionda indiki çətin vəziyyət olmazdı".
"Tehranın Ermənistana verdiyi dəstək fonunda İran-Azərbaycan əlaqələrinin normallaşması gözlənilmir"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Ermənistanla İran arasında hərbi-müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin bağlandığını bildirməklə yanaşı, İranın Azərbaycan əleyhinə Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsi göstərişinin birbaşa Seyid Əli Xamenei tərəfindən verildiyini deyib: "Ermənistanla İran arasında hərbi-müdafiə sahəsində ümumi razılıq və sazişin imzalanması istiqamətində addımlar atılır. Bildiyiniz kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb. İki ölkənin Təhlükəsizlik Şurası katibliyi səviyyəsində aparılan danışıqlarda Zəngəzur dəhlizi və Tehranın Ermənistana hərbi yardımı müzakirə edilib. İranın Təhlükəsizlik Şurasının katibinin birbaşa İranın ali dini rəhbəri Seyid Əli Xameneiyə tabe olmasını nəzərə alsaq, demək, İranın Azərbaycan əleyhinə Ermənistanla hərbi-müdafə və təhlükəsizlik sahəsində əməşdaşlığın inkişaf etdirilməsi göstərişi birbaşa Seyid Əli Xamenei tərəfindən verilib. İranla Ermənistan arasında hərbi-müdafiə və təhlükəsizlik sahəsində memorandumların imzalanmasından sonra bu ölkədə SEPAH-ın fəaliyyətinə icazə verilməsi gözlənilir".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Tehranın əsas planı Ermənistanı Azərbaycanla sülh müqaviləsinin imzalanmasından yayındırmaqdır: "Qeyd edim ki, İrəvanın mövcud siyasəti ABŞ-ın Cənubi Qafqazdakı regional siyasətinə zidd olmaqla yanaşı, İranın regionda geosiyasi mövqeyinin güclənməsinə xidmət edir. Ötən ay ABŞ-ın dövlət katibi Entoni Blinken Konqresdə xarici əlaqələr komitəsində çıxışı zamanı Cənubi Qafqazda İranın artan təzyiqlərinin qarşısını almağın və İranla Azərbaycan sərhədinin uzunluğuna görə Azərbaycanı müdafiə etməyin lazımlı olduğunu vurğulamışdı. Belə olan təqdirdə, ABŞ-ın dəstək verdiyi Ermənistan hakimiyyəti isə İranın Azərbaycana qarşı fəaliyyətə keçməsinə şərait yaradır və Tehranı regionda aktivləşdirmək üçün sazişlər imzalayır. Rəsmi Bakı bu konteksdə Vaşinqtona çağırışlar etməli, Ermənistan-İran əlaqələrinin regionda sülhü təhdid etdiyini və ABŞ-ın regional siyasətinə qarşı olduğunu vurğulamalıdır. Sonda onu da bildirməliyəm ki, Tehranın Ermənistana verdiyi dəstək fonunda İran-Azərbaycan əlaqələrinin normallaşması gözlənilmir".
"İran və Azərbaycan arasında yaranmış belə gərgin münasibətlərin qısa zamanda düzələcəyi inandırıcı görünmür"
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov isə bu qənaətdədir ki, Tehran rejimi 4 səfirlik əməkdaşının Azərbaycan tərəfindən "persona-non-qrata" elan edilməsi və ölkə xarici edilməsindən sonra vəziyyəti düzəltmək üçün yeganə çıxış yolunun özünün bu danışıqlara başlamasından keçdiyini anlamağa başlayıb: "İran XİN başçısı Hüseyn Əmir Abdullahianın Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefon danışığı və bu danışıq zamanı müzakirə edilən mövzulardan aydın olur ki, İran tərəfi hələ indi anlamağa başlayır ki, vəziyyəti sözün həqiqi mənasında korlayıblar. Telefon danışığında dörd əsas nüans qabarıq şəkildə nəzərə çarpdırılıb. Birincisi, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. İkincisi, Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. Üçüncüsü, Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb. Və nəhayət, nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər. Fikrimcə, Tehran rejimi 4 səfirlik əməkdaşının Azərbaycan tərəfindən "persona-non-qrata" (arzuolunmaz şəxs) elan edilməsi və ölkə xarici edilməsindən sonra vəziyyəti düzəltmək üçün yeganə çıxış yolunun özünün bu danışıqlara başlamasından keçdiyini anlamağa başlayıb. Təbii ki, İran və Azərbaycan arasında yaranmış belə gərgin münasibətlərin qısa zamanda düzələcəyi inandırıcı görünmür".
Politoloq onu da qeyd edib ki, Tehran rejimi bir tərəfdən danışıqlar aparmaq görüntüsü yaratmaq istəsə də, digər tərəfdən təxribatlarını dayandırmır: "Təbii ki, Azərbaycanla danışıqlar üçün hər zaman qapı açıqdır, amma bunun üçün Tehran rejiminin yerinə yetirməli olduğu bir neçə şərt var. Belə ki, İran mediasında anti-Azərbaycan yazılarının qarşısı alınmalı, 27 yanvar 2023-cü il tarixdə Tehrandakı səfirliyimizə edilən terror aktı obyektiv araşdırılmalı, Azərbaycan daxilində təxribata səbəb olan casus şəbəkəsinin formalaşdırılması dayandırılmalı, o cümlədən mövcud şəraitdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına mane olunmamalıdır. Hesab edirəm ki, ilkin olaraq bu addımların atılmasından sonra tərəflər arasında etimad mühitini bərpa etmək mümküm olar. Əks təqdirdə gərgin münasibətlərin normallaşması inandırıcı görünmür".
"Münasibətlərin normallaşması üçün qərarı SEPAH və ona aid strukturlar verməlidir, əks halda İran Xarici İşlər Nazirliyi istəsə belə, münasibətləri normallaşdıra bilməyəcək"
İran və Azərbaycan xarici işlər nazirlərinin iki gün dalbadal telefonla danışmalarının təbii olduğunu vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə iki ölkə arasındakı münasibətlər dibin də aşağısında, faktiki müharibənin astanasında olduğunu bildirib: "Bu, nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Ancaq münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları Tehran atmalıdır. Birincisi, Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verilməlidir. İkincisi, deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi təsdiq olunarsa, Tehran buna aydınlıq gətirmək məcburiyyətindədir. İranın sərhədə qoşun birlikləri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsində müzakirə olunmalıdır. İki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azalacağına inam azdır. Belə telefon danışıqlar keçmiş aylarda da olub, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib. Çünki İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir. İranda Azərbaycanla bağlı qərarları güc strukturları – İran İslam Keşikçiləri Korpusu (SEPAH-V.B.) və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə, münasibətləri normallaşdıra bilməyəcək, nazirlərin hər telefon danışığından sonra növbəti təxribatla üzləşəcəyik və gərginlik azalmayacaq. Digər tərəfdən, İran parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edir. İran Xarici İşlər Nazirliyi parlamentlərini inandırmalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz. İran XİN bunu edə biləcəkmi və ya bunu etmək istəyəcəkmi? Misal üçün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı illərdir təkrarladıqları fikri deyib: "Düşmənlər İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalanırlar". Aydındır ki, iranlı diplomat düşmənlər dedikdə İsraili və ABŞ-ı nəzərdə tutub. Yenə də eyni hava. ABŞ və İsrail Tehranın düşməni ola bilər, ancaq Azərbaycanın bu iki dövlətlə tərəfdaşlıq münasibətləri var. Tehran bunu qəbul etməyincə münasibətlərin normallaşmasından danışmaq yersizdir. Elə Ceyhun Bayramov da telefon danışığında iranlı həmkarının diqqətinə çatdırıb ki, Azərbaycan milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, iki ölkə arasında gərginliyin azalması və münasibətlərin normallaşması üçün daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var: "Bu komissiyada yalnız iki ölkənin diplomatları deyil, güc strukturlarının nümayəndələri və deputatları da iştirak etməlidir. Çünki Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər. Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb, bu məsələlərə də aydınlıq gətirilməlidir, bu məsələlərin həlli İran Xarici İşlər Nazirliyinin səlahiyyəti xaricindədir. Eyni zamanda, İranın ali dini liderinin (Seyid Əli Xamenei-V.B.) mollalarına Azərbaycan haqqında danışarkən diqqətli olmalarını tövsiyyə etməlidir. Nazirlər telefon danışığı zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə ediblər. İki ölkə arasında ortaq layihələrin icrası vacibdir. Ancaq münasibətlərdə gərginlik azalmadan, İrandakı bütün strukturlar Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyincə, təxribatlarını durdurmadıqca, ortaq iqtisadi layihələrin reallaşması çətin olacaq".
"İran həm aşkar, həm də gizli olaraq öz niyyətlərini həyata keçirməyə cəhd edəcək"
Siyasi şərhçi Aqşin Kərimov isə bu fikirdədir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon vasitəsilə geniş müzakirələrin aparılması aqressiyanı azaltmağa doğru istək kimi qiymətləndirilə bilər: "Azərbaycan-İran danışıqlarının iki ölkənin köklü siyasətinə təsir edəcəyini gözləmək əbəsdir. Ən azından, ona görə ki, nə Azərbaycan Ermənistan üzərindəki şərtlərindən, İsraillə əlaqələrinin dərinləşməsindən əl çəkəndir, nə də İran radikal dini-siyasi baxışları beynindən siləndir. Münasibətlərdə müvəqqəti "mehribanlıq" yaşansa belə, Bakı-Tehran münasibətlərindəki kəskinləşən ritorika İrandan getdikcə zilə qalxan hərbi təhdidlərlə müşayiət ediləcək. Lakin bir məqam diqqət çəkməyə bilməz, hələ nə Azərbaycan, nə də İran müştərək iqtisadi layihələrin gələcəyini sual altına qoyan bəyanatlar səsləndiriblər. Xüsusilə, iki dövlətin iqtisadi platformada maraqlarını eyniləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir. Bayramov-Abdullahian danışıqlarında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılığın ifadə edilməsi həm ikitərəfli münasibətlərin iqtisadi cəhətlərini, həm də dəhliz çərçivəsində çoxvektorlu aspektləri özündə ehtiva edir".
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan və İran xarici siyasət idarələri arasındakı təmasların davamı kimi ortaya bir səfər də çıxıb: "Söhbət Rusiya prezidentinin köməkçisi İqor Levitinin Tehrana səfərindən gedir. Levitin Tehranda İranın xarici siyasət lövhəsində "at fiquru" olan Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Marşrutu üzrə müzakirələr aparıb. Əli Şamxani son zamanlar İran xarici siyasətində barışdırıcılıq fəaliyyəti ilə diqqət çəkir, o, regional əlaqələri yaxşılaşdırmaq üçün Səudiyyə Ərəbistanı ilə danışıqların fiquru rolunda çıxış etdi. Levitinlə Şamxaninin görüşündə Azərbaycan-İran gərginliyinə son qoyulması "Şimal-Cənub"un əhəmiyyəti fonunda müzakirə oluna bilər. Çünki Rusiya bu dəhlizə yarımçıqlıq kompleksi gətirən problemləri aradan qaldırmaqda, Rəşt-Astara dəmiryol xəttinin tikintisinin yekunlaşmasında maraqlıdır. Şamxaninin "Şimal-Cənub"un müzakirə predmetinə gətirilməsi fonunda "bu strateji layihə ilə bağlı iki ölkə rəhbərliyinin qərarlarının həyata keçirilməsinə əngəl törədən bütün maneələr yaxın vaxtlarda aradan qaldırılmalıdır" sitatı diqqət çəkir. Ancaq bu o demək deyil ki, İran Azərbaycanın strateji maraqlarını yuxarıda tutur. Əksinə, bəlkə də, Rusiya ilə birlikdə dəhlizdəki "təmiri" Azərbaycanın aktivlərini azaldacaq, ancaq Bakı üçün cəlbedici görüntü yaratmaq tərzində nəzərdən keçirir. Bu nə ola bilər? Azərbaycanın Zəngəzur dəhlizi layihəsinin strateji əhəmiyyətini kiçiltmək və onun sırf "Şimal-Cənub"un bir qolu kimi inkişafına baxış bucağı İranın şüurunda yer ala bilər. Əli Şamxaninin Levitindən sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşünün notları da yəqin ki, həmin maraqlara uyğun yazılmışdı". Aqşin Kərimovun qənaətincə, Abdullahian sadəcə, Azərbaycanı sakitləşdirmək üçün Bayramovla danışıb: "Deməli, İran həm aşkar, həm də gizli olaraq öz niyyətlərini həyata keçirməyə cəhd edəcək. İndi əsas diqqət Rusiyanın necə oynayacağı və Türkiyənin buna necə reaksiya verəcəyidir. Hərçənd ki, Moskva hələ bu zamana qədər Azərbaycanla əməkdaşlığın ruhunu İranın regional təhdidlərinə qurban verməyib. Bu baxımdan, ortaq məxrəcə gəlmək üçün diplomatik-siyasi kanallarda var-gəllər davam edəcək, Azərbaycan-Türkiyə-Rusiya üçbucağında da müzakirələrin davam edəcəyi gözləniləndir. Amma müzakirələrin xarakterindən asılı olmayaraq Azərbaycanla İran arasındakı gərgin münasibətlərin nüvəsi soyumaya bilər".
Vazeh BƏHRAMOĞLU
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya