İqtisadçı naziri sərt TƏNQİD ETDİ – “400 manata işləməyə kim razı olar ki?!”
"Növbəti hüquqşünas nazir, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib ki, biz minimum əməkhaqqının mütəmadi olaraq artırılmasını təmin edirik. Minimum əməkhaqqını 130 manatdan 400 manata çatdıra bilmişik.
2018-ci ilin yanvarın 1-də ölkədə minimum əmək haqqı 130 manat idi, bəli, indi 400 manatdır. Bəs yaxşı inflyasiya, yəni, rəsmi rəqəmlər necə dəyişib?”
Hurriyyet.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, 2018-ci ildən bəri qeydə alınan qiymət artımlarını nəzərə aldıqda, minimum əməkhaqqı olduqca az artıb:
“2018-ci ildə 2,3%, 2019-cu il 2,6%, 2020-ci il 2,8%, 2021-ci il 6,7%, 2022-ci il 13,9%, 2023-cü il 8,8%, 2024-cü il 4,9%, bu il isə hələlik 6% civarındadır.
Yaxşı, 2018-ci ildə ət neçəyə idi – kilosu 10-11 manat, indi neçəyədi – 20 manat civarında. 2018-ci ildə yağ neçəyə idi – 14-15 manat, indi neçəyədi – 22-25 manat arası.
Kommunal xidmətlər, nəqliyyatda gediş haqqı, ərzaq və dərman qiymətləri 2018-dən bəri nə qədər artıb?! Hüquqşünas nazir nədən müqayisəni yarımçıq aparıb?!
Minimum əmək haqqının artmasından əziyyət çəkən, bəli-bəli, əziyyət çəkən yüzminlərlə insan var – VÖEN-lə çalışanlara böyük yük düşür. 2018-ci ildə minimum əmək haqqı 130 manat olanda VÖEN-lə çalışanlar DSMF-yə 32 manat 50 qəpik ödəyirdilər, indi 400 manat olub, DSMF-yə 100 manat, özü də, ayda nə qədər dövriyyən olur-olsun, yenə də 100 manat ödəməli olursan”.
Ekspert diqqətə çatdırıb ki, minimum əmək haqqı məsələsi formal göstəricidir:
“Hökumətin hüquqşünaslardan ibarət iqtisadi komandasına dəfələrlə müraciət etmişik, publik çıxışlarımızda demişik ki, qanunvericilikdə VÖEN-lə çalışanların DSMF ödənişlərinin minimum əmək haqqına bağlılığını qaldırın, qanundan o cümləni çıxardın, daha doğrusu, Milli Məclisə elə təkliflə gedin – etmirlər. Bu bağın, o cümlənin qalması kiçik sahibkarlara əlavə yükdür, sabah, məsələn, minimum əmək haqqı, lap elə 800 manat oldu, o zaman hər ay 200 manat ödəməli olacaqlar axı, bu ədalətsiz və məntiqsiz yanaşmadır.
Onu da deyim ki, minimum əmək haqqı məsələsi formal göstəricidir, 400 manat olması nəyə təsir edir ki?! Hə, dövlət-özəl bu rəqəmdən aşağı maaş verə bilməz (əslində verir, yarımştat rəsmiləçdirərək), amma, indi bəyən 400 manata işləməyə (Bakı və Abşeronda, böyük şəhərlərdə) kim razı olar ki?! Ay ərzində nəqliyyat və nahar pulu belə 400 manatdan çox olur...”
