İqtisadçı ekspertdən HƏYƏCAN TƏBİLİ - "ÖLKƏDƏ BAHALAŞMA 43 FAİZƏ YÜKSƏLİB"

2022-11-25 12:48:00

İqtisadçı ekspertdən HƏYƏCAN TƏBİLİ -

Nemət Əliyev: "Bu, əhalini var-yoxdan çıxaran, aşağı gəlirli yüz minlərlə vətəndaşları, ünvanlı yardımlara möhtac on minlərlə ailəni, saysız-hesabsız işsizləri lüt-üryan vəziyyətinə gətirə biləcək bahalaşmadır"

"Ölkədə bahalaşma səviyyəsi 43 faizə yüksəlib. Əhalini var-yoxdan çıxaran bu böyük bahalaşma dalğası bütün sosial müdafiə tədbirlərinin təsirini heçə endirib, əməkhaqqı, pensiya, təqaüd və sosial müavinət artımlarından əsər-əlamət buraxmayıb. ƏDV yığım səviyyəsi ilə istehlak bazarının həcmi arasındakı əlaqələrin təhlili 13-14%-lik bahalaşmaya dair Dövlət Statistika Komitəsinin verdiyi açıqlamaları, hökumətin istinad etdiyi mənbələrin etibarını yerdən-yerə vurub". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Nemət Əliyev qeyd edib. 

İqtisadçı ekspert bildirib ki, Maliyyə Nazirliyinin yaydığı məlumatlara görə, Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir yerdə bu ilin yanvar-sentyabr dövründə 5,322 mlrd manat, ötən ilin yanvar-sentyabr dövründə isə 3,886 mlrd manat ƏDV toplayıb: "Başqa sözlə, ƏDV üzrə yığım göstəricisi bu il 37% artıb. ƏDV yığım səviyyəsinin 37% artması həm də istehlak bazarının nominal həcminin 37% artmasını ifadə edir. Ona görə ki, ƏDV yığım səviyyəsi ilə istehlak bazarının nominal həcmi arasında düz mütənasib əlaqə (y=kx) var və bu iki göstəricidən birinin hər-hansı nisbətdə artması və ya azalması digərinin də həmin nisbətdə artması və ya azalmasına səbəb olur".

Nemət Əliyev hesab edir ki, istehlak bazarının nominal həcminin dəyişməsinə nəzəri cəhətdən iki amil təsir göstərir: "Birincisi, bazarın fiziki və ya real həcminin dəyişməsi, ikincisi isə bahalaşma və ya ucuzlaşma. Əvvəlcə 1-ci amilin təsirini dəyərləndirək. Statistika Komitəsi rəsmi məlumat yayaraq elan edib ki, ötən ilin eyni dövrünə nəzərən, bu ilin yanvar-sentyabr dövründə istehlak bazarının real həcmi guya 4,3% artıb. Amma yanvar-sentyabr dövründə ölkədə oturuşmuş şərtlər daxilində istehlak bazarının real həcminin, yəni onun fiziki çəkisinin artması inandırıcı deyil. Çünki ortada kəskin bahalaşma hadisəsi və bu hadisənin təsiri ilə alıcılıq qabiliyyəti göstəricisinin əhəmiyyətli dərəcədə pisləşməsi faktı var. Alıcılıq qabiliyyəti pisləşibsə, real alqı-satqı dövriyyəsi nəinki arta bilməz, hətta aşağı düşməliydi. Məsəl üçün, dünən 2 manata satılan mal bu gün ticarət piştaxtalarından 7 manata təklif olunursa, bu vəziyyət heç şübhəsiz ki, əvvəlcə alışların, sonra satışların, daha sonra istehsal və idxal həcmlərinin düşməsinə səbəb olur. Dünən 6 manat xərcləyib 3 ədəd mal alan alıcı bu gün həmin pula 1 ədəd mal ala bilməyəcəyini başa düşüb dərhal qənaət rejiminə keçir, digər istiqamətdə pul məsrəflərini ixtisar etmək məcburiyyətində qalır və bu yolla 3 ədəd malın pulunun üzərinə 1 manat da əlavə edib ancaq 1 ədəd mal əldə edə bilir. Belə bir ağır şəraitdə alıcı kəmərini bir az da sıxsa, ən yaxşı halda 14 manat xərcləyib 2 ədəd mal ala bilər. Onun 21 manat xərcləyib 3 ədəd mal ala bilməsi, başqa sözlə, dünənki ehtiyacını tam ödəmək istəyi isə arzuya çevrilir. Alıcıların satın ala bilmədiyi mallar bu yolla ticarət piştaxtalarında yığılır və satışların əvvəlki həcmi, heç şübhəsiz ki, aşağı düşür. Bu təsir daha sonra yerli istehsalçılara və idxal fəaliyyəti ilə məşğul olan sahibkarlara ötürülür".

İqtisadçı ekspert əlavə edib ki, şəraitə adekvat davranmaq məcburiyyətində qalan istehsalçılar və sahibkarlar isə satılmayan malları ya xarici bazarlara daşımalı, ya da istehsal və ixdalın həcmini azaltmalıdırlar: "Di gəl, Dövlət Statistika Komitəsinin hesabdarları verdikləri açıqlamalarda bu elementar gerçəkləri görməzdən keçirlər. Gərək o dərəcədə qeyri-ciddi, gərək o dərəcədə qeyri-peşəkar olasan ki, belə bir şəraitdə alıcının heç olmasa 3 ədəd də deyil, hətta 4 ədəd mal alması kimi absurd fikir irəli sürəsən və sonra da bu absurd fikrə başqalarını inandırmağa cəhd edəsən. Bu səbəblərdən bahalaşmanın əhaliyə, elə həm də istehlakçı müəssisə və təşkilatlara göz verib işıq vermədiyi hazırkı şəraitdə istehlak bazarının real həcminin artmasından deyil, yalnız azalmasından danışmaq olardı ki, Statistika Komitəsi də bunu etməyib. Odur ki, istehlak bazarının nominal həcminə 1-ci amil, yəni real həcmin azalması artırıcı deyil, azaldıcı təsir göstərib və bütün artırıcı təsirlər yalnız 2-ci amilin, yəni bahalaşmanın hesabına baş verib. Satistika Komitəsinin açıqladığı məlumatın əksinə olaraq, istehlak bazarının real həcminin 4,3% azala biləcəyini təxmin edib hesablamaları davam etdirsək, bazarın böyüməsinə bahalaşmanın 43% artırıcı təsir etməsi qənaətinə gələ bilərik: (100+37)/(100-4,3)•100-100≈43%. Deməli, bu ilin 9 ayında istehlak bazarları orta hesabla 43% bahalaşıb. Qorxulu bahalaşmadır. Bu dərəcədə bahalaşma faizinə hansı əməkhaqqı artımı, hansı pensiya artımı, hansı sosial müavinət, hansı təqaüd, hansı yardım artımı tab gətirə bilər? Maliyyə Nazirliyi 9 aylıq dövlət büdcəsinin icrası çərçivəsində məlumat açıqlayaraq bildirib ki, sosialyönümlü xərclər (əməkhaqlarına, təqaüd və sosial müavinətlərə, dərman və ərzağa yönələn vəsaitlər) bu dövrdə cəmi 10,3% artıb. 10,3% və 43% arasındakı məsafənin böyüklüyünə diqqət edirsinizmi? 10,3%-lik artım 43%-lik bahalaşmanın fonunda bir heçdir. Bu dərəcədə bahalaşma, heç şübhəsiz, əhalini var-yoxdan çıxaran, aşağı gəlirli yüz minlərlə vətəndaşları, ünvanlı yardımlara möhtac on minlərlə ailələləri, saysız-hesabsız işsizləri lüt-üryan vəziyyətinə gətirə biləcək bahalaşmadır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000117