“İnstagram”da işə düzəltmək adı ilə yüzlərlə insanı aldatdı... – ZƏRƏRÇƏKƏNLƏRDƏN MÜRACİƏT
Bakı şəhər sakinləri - Seyidova Esmira Xanhüseyn qızı, İbrahimova Rəfaqət Fazil qızı, Nağıyeva Nərmin Saleh qızı, Baloğlanzadə Aygün Asəf qızı və adlarının açıqlanmasını istəməyən digər sakinlər tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Dələduzluğa məruz qaldıqlarını deyən şikayətçilər saytımız vasitəsilə səhaliyyətli qurumlara müraciət edirlər:
“Yazaraq bildiririk ki, təxmini 1-2 ay bundan qabaq “İnstagram” sosial şəbəkəsində “Bal bala” adlı baxça səhvəsində iş elanının olduğunu görmüşük. Müxtəlif vaxtlarda bu səhifəni işlədən dələduzla danışıb, müəyyən qədər ödənişlər etmişik.
Səhifədə ilk əvvəl bizdən CV istənildi. Daha sonra işə başlamazdan əvvəl kurs keçiriləcəyini bildirdilər. Təlim üçün isə ödəniş tələb etdilər. Hər birimiz tələb olunan vəsaiti ödəmişik. Ödəniş məbləği 405, 250 və350 manat olub. Sonra aldadıldığımız məlum oldu. Əlimizdə çekimiz, qarşı tərəfin əlaqə nömrəsi də var.
Mən, Seyidova Esmira Xanhüseyn qızı, aldadıldığımı bilən kimi, həmin səhifənin adını kopyalayıb, qarşısına “dələduzdur” sözünü yazdıb. Bununla səhifədə olan digər izləyicilərin mənim kimi aldanmamalarına səbəb oldum. 20-25 nəfər adam bu addımıma görə mənə öz təşəkkürünü bildirdi.
Hər birimiz ödədiyimiz pulların çeklərini saxlamışıq. Hətta kart sahiblərini də araşdırıb tapmışıq. Məlum olub ki, bu kartlar 2 qardaşa aiddir, həm də Dəvəçi sakinləridir.
Pulu bizdən alan, əlimizdə səs yazısı olan xanımdır. Biz onsuz da aldanmışıq. Bu dələduzlar bilirlər ki, 500 manatdan yuxarı məbləğ olanda cinayət işi açılır, bu səbəbdən də rahat işlərini görürlər. Bu, heç də düzgün qərar deyil. Ən pisi də odur ki, həmin səhifə hələ də gün ərzində 5-10 nəfəri aldatmağa davam edir.
Məsələ ilə bağlı Baş Polis İdarəsinə, prokurorluğa və DİN-in 102 xidmətinə müraciət etmişik. Hələ heç bir nəticə yoxdur.
Biz səlahiyyətli qurumlardan kömək istəyirik”.
Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə məlumat verilib.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.