“İnsanlar öləndən sonra tədbir görüləcək?” – ŞİKAYƏT / FOTOLAR
““Azəriqaz” insanların həyatını təhlükəyə atıb, qaz xəttini yaşayış binasının içindən keçirir”
“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı özünün “Facebook” profilində SOCAR-ın tabeçiliyndə olan "Azəriqaz"ın qanunsuzluqları ilə bağlı faktları açıqlayıb.
Hurriyyet.az onun açıqlamasını olduğu kimi təqdim edir:
“Səhiyyə Nazirliyinin rəyi ilə xaricdə müalicəyə ehtiyacı olan 1-ci dərəcəli Qarabağ əlili (qazi) Bədəlli Məğrub Ağamalı oğlunun Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətini olduğu kimi dərc edirik.
Şikayət "Azəriqaz"ın və ADSEA-nın Prezidentin 2181 N-li Fərmanını sabotaj etməsindən, Nizami rayonu, Babək prospekti 71 saylı və s. yaşayış binalarında yaşayan insanların həyatını təhlükəyə atmasından, dələduzluqla, rüşvət almaq məqsədilə FHN-ə saxta rəy verməsindən, FHN TTNDA-nın bu açıq saxta rəylərə görə tədbir görməməsindəndir:
“Prezidentin 14.06.2023 tarixli, 2181 nömrəli fərmanının icrasına ADSEA və "Azəriqaz" dələduzluqla, rüşvət almaq amacı ilə 10 aydır qadağa qoyub. ADSEA 10 il qabaq "Azərsu"nun verdiyi 06.01.2015-ci il tarixli texniki şərt əsasında sayğac quraşdırılan qeyri-yaşayış binasının altından 2025-ci ildə kanalizasiya xəttinin keçdiyinə dair saxta rəy verib(06.01.2015-ci il tarixli texniki şərtin obyektin altından su və kanalizasiya xətti keçmədiyini təsdiq edən sxemi və ADSEA-nın 2025-ci il tarixli obyektin kanalizasiya xəttinin üstündə tikilməsi barədə saxta rəyi əlavə olunur). FHN TTNDA isə saxtalıq tam ortada olmağına baxmayaraq, bu cinayətə qiymət vermir. Elə polis, prokurorluq, təhlükəsizliyə cavabdeh qurumlar da. Qaz xətti isə obyektin çölündən keçdiyi halda mənfi rəy verilib ki, olmayan pilləkən qəfəsinin içindən keçir (əlavə olunur). FHN TTNDA da məndən ADSEA-ya və "Azəriqaz"a müraciət etməyi tələb edir. Niyə? Bəs TTNDA nə işinə baxır? Prezident 2181 nömrəli fərmanı ilə bunu FHN-ə tapşırıb.
“Azəriqaz” insanların həyatını təhlükəyə atıb, qaz xəttini yaşayış binasının içindən keçirir. Partlayış olsa, insanlar ölsə, kim cavab verəcək? İnsanlar öləndən sonra tədbir görüləcək?
Mənə verilən ADSEA-nın və "Azəriqaz"ın cinayətkar saxtalığını sübut edən videolinki, 2015-ci il tarixli texniki şərti və 2025-ci il tarixli saxta cavabı əlavə edib, Prezident fərmanının icrasına saxtalıqla qadağa qoyan qaz və su idarəsinin cinayətinə qiymət verməyi, FHN-in, hüquq mühafizə orqanlarının qaz idarəsinin insanların həyatını təhlükəyə atmasına görə tədbir görməsini tələb edirəm.
Qoşma:
1.Qaz xəttinin Babək prospekti, 71 saylı binanın yanındakı qeyri-yaşayış binasının çölündən, həmin yaşayış binasını qapalı yerindən keçməsini sübut edən videolink;
2-3. 06.01.2025-ci il tarixli texniki şərt və obyektin altından su və kanalizasiya xəttinin keçmədiyi haqqında sxem;
4. ADSEA-nın 25.08.2025-ci tarixli obyektin su və kanalizasiya xəttinin üstündə tikilməsi haqqında saxta rəyi;
5. Bakı RQİİ-nin (rəis Zamin Mehrəliyev) 05.12.2025-ci il tarixli “Azəriqaz”a gələn şikayətimə saxta cavab.
M. Bədəlli, 05.12.2025”.
"Azəriqaz"ın dələduzluqla insanların həyatını təhlükəyə atmasını sübut edən və rüşvət məqsədilə saxta məlumatını göstərən videonun linkini də əlavə edirəm”.
Hazırladı: Jalə FAMİLQIZI
Hurriyyet.az



