İnsan ömrü 100 ildir: Bəs Adnan Oktara niyə 8 min il həbs cəzası verilib? - ŞOK SƏBƏBLƏR
İnsan ömrünün məhdud olduğu bir dövrdə məhkəmələrin min illərlə ölçülən həbs cəzaları çıxarması cəmiyyətdə ciddi suallar doğurur. Xüsusilə Adnan Oktara verilən 8 658 il həbs cəzası “bu qədər uzun müddətli hökmün hüquqi mənası nədir?” sualını gündəmə gətirib.
Bu məsələ ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, sözügedən qərar Türkiyə qanunvericiliyi ilə tənzimlənir və hər bir dövlətin cəzaların təyin olunması ilə bağlı öz hüquqi mexanizmi mövcuddur.
Hüquqşünasın sözlərinə görə, bəzi ölkələrdə bir şəxs bir neçə ağır cinayət törətdikdə, hər bir cinayət epizodu üzrə ayrıca cəza müəyyən olunur və nəticədə bu cəzalar toplanır. Bu zaman ortaya insan ömründən qat-qat artıq olan rəqəmlər çıxa bilir:
“Azərbaycan Respublikasında cəzaların təyini zamanı cinayətlərin məcmusu nəzərə alınır. Bu, ya cəzaların toplanması yolu ilə, ya da daha ağır cəzanın az ağır cəzanı əhatə etməsi prinsipi ilə həyata keçirilir. Nəticədə şəxsə yekun cəza təyin olunur”.
Ramil Süleymanov qeyd edib ki, bəzi hallarda dövlətlər bu cür çox yüksək illərlə ifadə olunan cəzaları daha çox ictimai rezonans yaratmaq, hadisənin ağırlığını və ictimai təhlükəliliyini vurğulamaq məqsədilə də tətbiq edirlər.
Hüquqşünas əlavə edib ki, Azərbaycan qanunvericiliyində azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi konkret illərlə məhdudlaşdırılıb:
“Azərbaycan Respublikasında maksimum olaraq 25 il azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası tətbiq edilə bilər. Yəni bizdə min illərlə ifadə olunan cəza anlayışı mövcud deyil”.
Qeyd edək ki, Adnan Oktara verilən 8 658 il həbs cəzası onun törətdiyi çoxsaylı cinayət epizodları üzrə ayrıca cəzaların cəmlənməsi nəticəsində formalaşıb və bu, hüquqi baxımdan simvolik xarakter daşıyır.
Aynurə İsmayıl

