Saat:00:30
Haqqımızda

İngiltərə-Fransa böhranı – Makronu “Tənəkə Napoleon” adlandırdılar

2021-11-27 14:51:00

İngiltərə-Fransa böhranı –  Makronu “Tənəkə Napoleon” adlandırdılar

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, İngiltərənin Baş naziri Boris Consonun Manş dənizində 31 nəfərin ölümü ilə nəticələnən faciədən sonra Fransa Prezidenti Emmanuel Makrona göndərdiyi və Fransanı məsuliyyətli olmağa çağırdığı məktub iki ölkə arasında böhrana səbəb olub. Məktubun göndərilməsindən sonra Fransanın Daxili İşlər naziri britaniyalı həmkarı ilə görüşünü ləğv edib. İngiltərə mediası isə “Makron qəzəb tutması keçirir” deyərək ona “Tənəkə Napoleon”, yəni “Napoleon konserv qutusu” ləqəbini verib.

Conson Makrona yazdığı məktubda miqrantları daşıyan qayıqların Fransadan çıxmasının qarşısını almaq üçün ölkələrin bir-birinin quru sularında ortaq patrul nəzarəti, havadan müşahidə aparması, kəşfiyyat mübadiləsi təklifi də daxil olmaqla, 5 maddəlik birgə fəaliyyət planını təklif edib.

İngiltərə mediası Fransa Prezidenti Emmanuel Makronun qəzəb tutmaları keçirdiyini və məntiqsiz siyasət irəli sürdüyünü bildirərək ona yeni bir ləqəb qoyub. İngiltərənin Avropa İttifaqından çıxmasından sonra Fransa Prezidentinin xarici siyasətinin relsindən çıxdığını qeyd edən “Deyli Meyl” qəzeti Makronu “Tənəkə Napoleon” adlandırıb. İngiltərə ictimaiyyəti Makronun “Breksit”in qisasını almaq üçün bütün cəbhələrdə Londonun əleyhinə siyasət yürütdüyü fikrindədir.

Fransanın Daxili İşlər naziri Jerald Darmanin də britaniyalı həmkarı Priti Patelin Fransada keçiriləcək iclasa daha dəvət edilmədiyini bildirərək, ikitərəfli görüşü ləğv edib. Fransalı nazir “məktub tamamilə məyusluq doğurur, vəziyyəti daha da ağırlaşdırır” deyərək, İngiltərəyə keçən miqrantları Fransanın geri qaytarmasını tələb eləməsi səbəbindən bu addımın atıldığını bildirib. Digər tərəfdən də fransız balıqçılar dünən keçirdikləri etiraz aksiyasında Manş dənizində iki ölkə arasındakı dəniz nəqliyyatının qarşısını kəsiblər. Limanları blokadaya salan balıqçılar nəqliyyat gəmilərinin İngiltərəyə keçidinə imkan verməyiblər. Hadisənin İngiltərədə yeni bir tədarük böhranına səbəb olacağı narahatlıq doğurur.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR