Saat:00:31
Haqqımızda

İndi Qurban Qurbanovu da incidən 2 qəpiklik hücumçu

2025-12-11 21:02:00

İndi Qurban Qurbanovu da incidən 2 qəpiklik hücumçu

Hə... Bu da belə!

Nəriman Axundzadə getsin papağını göyə fırlatsın ki, onun baş məşqçisi mən deyiləm, Qurban Qurbanovdur.

«Ayaks»la bu oyundan sonra komandanın kandarından içəri buraxmaram onu. Deyərəm, get, balaca uşaqların topunu daşı, bazaya yaxın gəlmə, gözümə uzaqdan da görünmə.

Nə qədər ki stadionda fitə basılmayıb, qulağı eşidə-eşidə ünvanına ağır ifadələr işlədilməyib, məsləhət görərdim futbolun daşını atsın.

Gedib özü üçün məhlədə-zadda top qovsun. «Qarabağ»ın forması onun əyninə çox böyükdür.

Bu geyimə yaraşmır o.

Dünyanın harasıdır, Qurbanov da artıq «bilmirəm Nəriman haqda nə deyim» söyləyir. 23 yaşlı bir gənc hücumçu üçün bundan ağır gün ola bilməz e!

İllərdir arxasında dayanan, bütün tənqidlərə, təzyiqlərə rəğmən, ona güvənən və güvənməkdən çəkinməyən, «yanındayam» deyən baş məşqçini belə çarəsiz vəziyyətə salmaq, sözünü tükətmək Axundzadənin bütün məziyyətlərini, iç dünyasını deşifrə edir.

Bu yaşda olasan, belə hissisiz, duyğusuz, həmdəmxəyasl olasan...

Önünə atılmış topu rəqib qapısına doğr apara, ayaqlarına hakim ola bilməyən hücumçunu nə formada tənqid etsələr, yenə azdır!

Hər aldığı topu rəqib müdafiəçilərə “bağışlayan”, bəzən topun hansı ayağında olduğunu unudan, qıçları bir-birinə dolaşan hücumçunun real qiyməti 2 qəpikdir.

«Transfermarkt» səhvən 2 milyon avro qiymət qoyub Nərimana. Beş manat versələr də çoxdur onun üçün.

Psixoloji testdən keçirmək vacibdir Nərimanı. Təcili! Başında, ağlında nə var, nə yox, təcili surətdə üzə çıxarılmalıdır.

Bilinməlidir dərdi nədir. Özü xəstə deyilsə də, camaatı infarkt edəcək.

Bəlkə də qara qızın dərdi var, hardansa yenə təklif alıb və qəsdən belə edir ki, Qurban Qurbanov vaxtından əvvəl «Qarabağ»dan getməsinə icazə versin.

Ayda 10-12 min manat civarında maaş alan gənc bu gün «Qarabağ»da inkişaf etməyi bacarmırsa, gedəcəyi yerdə, uzaqbaşı, 5-10 ay qaz vurub, qazan dolduracaq, oradan da tez qovulacaq.

KAMİL