Saat:18:52
Haqqımızda

“İndi Nəcməddin Sadıkov ortada yoxdur” – 20 milyonu necə bölüblər?

2024-09-16 09:28:40

“İndi Nəcməddin Sadıkov ortada yoxdur” – 20 milyonu necə bölüblər?

Müdafiə Nazirliyində 143 milyonluq yeyinti ittihamı ilə bağlı mühakimə edilən general Nizami Məmmədov və qoşunların maliyyə-xidmət rəislərinin məhkəməsi davam edir.

Hurriyyet.az  “Qafqazinfo”-ya istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən zabitlərin iki həftə əvvəl qaldırdıqları vəsatətlərə baxılıb. Bundan əlavə, müdafiə tərəfi onları maraqlandıran bir sıra yeni məsələlərə toxunub.

Təqsirləndirilən Bayram Bayramov ona verilmiş ittihamın həcmi ilə bağlı narazılıq etmişdi. İddia edirdi ki, onun adına yazılmış N saylı hərbi hissədəki yeyintinin 719 min manatı ezam olunmuş və ehtiyatdan gəlmiş hərbçilərin xərclərinə sərf olunub. Bayramov bunu müəyyən etmək üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəmişdi.

Bu gün məhkəməyə sədrlik edən hakim Fikrət Əliyev bəyan edib ki, həmin məsələ ilə bağlı Müdafiə Nazirliyinin Hüquq İdarəsinə sorğu göndərilib. Amma hələ cavab verilməyib.

Müttəhim Cəlal Kazımovun mühasibatlıq ekspertizasının təkrar keçirilməsi və hərbi hissələrdə yoxlama aparan şəxslərin şahid kimi məhkəməyə çağırılması istəkləri isə əsassız sayılaraq rədd edilib.

Bundan başqa, Kazımovun vəkili qanunsuz olaraq adlarına pul köçürülmüş şəxslərin dindirilməsini istəyirdi. Burada söhbət hərbi hissədə işləyən maliyyə-xidmət rəislərinin adlarına pul köçürdüyü qohumlarından, həmçinin hərbi hissədə işləməyə-işləməyə adına pul yazılan şəxslərdən gedir.

Dövlət ittihamçısı bu vəsatəti də əsassız hesab edib, dindirilən şahidlərin dediklərini yetərli bilib.

Prosesin davamında təqsirləndirilən Vüsal Əlizadə ipotekada olan 120 min manatlıq evini dövlətə dəymiş ziyanın ödənilməsi üçün satmaq istədiyini deyib. Amma bu məsələdə ziddiyyət yarandığını məhkəmənin diqqətinə çatdırıb. Əlizadənin dediyinə görə, həbs olunduqdan sonra əvvəlki aylarda evin kreditini ardıcıl ödəyib. Amma bir neçə ay sonra bank ona ödəmə qrafiki verməyib. Buna görə də krediti ödəyə bilməyib.

Onun ifadəsindən məlum olub ki, krediti ödəyə bilmədiyinə görə hazırda bank onu məhkəməyə verib. İş Laçın Rayon Məhkəməsinin icraatındadır. Əlizadə bu məsələnin həlli üçün məhkəmədən kömək istəyib.

Hakim Fikrət Əliyev təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, bu məsələ başqa işin predmetidir. Həmin işə müdaxilə edilə bilməz. Hakim işin aydınlaşdırılmasını özlərinə həvalə edib.

Vüsal Əlizadənin başqa ünvanda yerləşən 101 min 632 manatlıq, Cəlal Kazımovun isə 110 minlik evi satılaraq pulu dövlət hesabına qoyulub. Bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilib.

Təqsirləndirilən şəxslərin istəyi ilə dövlətə dəymiş ziyanın bu günə kimi ödənilmiş hissəsini dəqiqləşdirmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.201270