İMTAHAN QABAĞI STRESS VƏ VALİDEYN BASQISI... - Abdulla Şıxlinski: “Stess başqa bir mövzüdür, bu yaşadıqlarımız sosial ümidsizlikdir…”

Məktəbin hər bir kollektiv üzvü üzərinə düşən məsuliyyəti dərk etməli, millətimizin gələcəyi olan şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında, müasir elmi-bilikləri mənimsəməsində onlara yardımçı olmalı və daim yeniləşən dünyada yeni öyrətmə metodlarını öyrənməli və tədbiq etməyi bacarmalıdır. Unutmayaq ki, müəllimin nəticəsi o zaman görünür ki, o, elmli, bilikli, vətənpərvər və dövlətin gələcək inkişafında iştirak edə biləcək layiqli vətəndaş, əsl ziyalını yetişdirməyi bacarır.
Müasir dövrümüzdə texnologiyalar sürətlə inkişaf edir. Bəli, bu inkişafın əleyhinə də deyilik. Texnologiyanın inkişafını çox adam səhv başa düşür. Texnologiyanın inkişafı savadsızlığın nümunəsi olmaq demək deyil. Məktəbdə və yaxud da hazırlıqlarda bu vasitələrin olmağı, sizcə də şagirdlərdə fikirayrılığı formalaşdırmırmı?
Azərbaycanda elə məktəb yoxdur ki, həmin məktəbin hansısa sinifində uşağın əlində telefon görməyək. Əvvəllər kitab, dəftər görürüdük, indi isə telefon. Valideynlərin bir çoxu bəhanə olaraq onu qeyd edirlər ki, uşaqla əlaqə saxlayırıq.
10-15 il bundan qabaq məktəblərdə disiplin daha güclü idi, standart geyim forması var idi, mobil telefon demek olar ki, çox az bir qisimdə var idi. Müəllimlə şagird arasında hörmət daha çox idi. Düzdür, qanunvericilikdə bununla bağlı xüsusi qadağalar mövcud deyil. Lakin etiraf edək ki, bu kimi hallar şagirdlərin dərs prosesində fikrini yayındırır, tədrisin keyfiyyətinə mənfi təsir edir. Bundan başqa, lazımsız şəkillərin paylaşılması, rəylərin bildirilməsi və sair kimi məsələlər şagirdlərə psixoloji baxımdan mənfi təsir göstərir, bəzi hallarda isə yersiz yazışmalar şagirdlər arasında müxtəlif münaqişələrin yaranmasına səbəb olur. Amma çox təəssüf ki, bundan nəticə çıxaran yoxdur. Şagirdlər mobil telefonlardan məktəbdə də mütəmadi şəkildə istifadə edirlər.
Təlim-tərbiyə mühitinin pozulmasında şagirdlərin telefondan istifadəsinin səbəb olduğuna dair kifayət qədər nümunələr gətirmək olar. Bunun da əsas səbəblərindən biri adətən əlaqə vasitəsi kimi düşünülmüş mobil telefon aparatının bu gün daha çox imkanlara malik olmasıdır ki, bu imkanlardan istifadə edərək şagirdlərin müəyyən bir hissəsi sosial şəbəkələrə qoşulur, şəkil çəkir, oyunlar oynayır, internet saytlarında zaman keçirir, sinifdə baş verən xoşagəlməz hadisələri telefonun yaddaşına köçürür. Bunların bir hissəsi şagirdlərin öz əyləncə maraqlarını başqa maraqlardan üstün tutması ilə bağlıdırsa, digər bir səbəb isə dərsin onlar üçün maraqlı, dinlənilən edilməməsi və yaxud da dərsdənkənar söhbətlərin aparılması ilə bağlı deyilmi?
Sosial şəbəkələrdə yayılan neçə-neçə anti-pedaqoji hərəkət və ifadələrin azmı şahidi olmuşuq? Doğrudur, bunların içərisində sağlam olmayan, məkrli niyyət və məqsədlərə söykənənləri olsa da, mütləq əksəriyyəti reallıqdır. Dərs proqramlarını qaydalara uyğun olaraq məzmunlu, müasir, şagirdi düşündürə biləcək qaydada qursaq, onda belə hallar azalar və zaman keçdikcə aradan qalxar. Hesab edirəm ki, azacıq çətinliyə düşən kimi qadağadan əvvəl müəyyən mexanizmlərin düşünülməsi, maarifləndirmə tədbirlərinin aparılması daha faydalı olardı. Əlbəttə ki, qadağalar da ola bilər, amma ən asan yol olan qadağaların da həmişə faydalı olacağını, başqa fəsadlar yaratmayacağını düşünmək sadəlövhlük olardı. Valideynin övladına nəzarət etmək, izləmək, xüsusilə təhlükəsizliyini təmin etmək, zərərli vərdişlərə qurşanmamaq, uyğun olmayan dairələrin təsirinə düşməmək məqsədilə övladına verdiyi əlaqə telefonunun qadağan edilməsinin yarada biləcəyi fəsadlar daha çox ola bilər.
Hal-hazırda demək olar ki, Azərbaycanda 6-ci sinifdən yuxarı şagirdlərə dərs keçilmir. Buna səbəb olaraq isə əlavə hazırlıqların olmasıdır. Hazırda məktəbdə dəsrlər keçirilmədiyindən, hazırlıqlara daha çox üstünlük verilir. Son vaxtlar hətta 9-10-11-ci sinif şagirdlərini məktəbdə görmək qeyri-mümkündür. Kimisi müəllim uşağıdır, kimisi müəyyən bir məbləğ qarşılığında, kimisi isə atası və yaxud da anası vəzifədə işləyir deyə məktəbdən “azaddır”. Bəs, sizcə, bu üsulla uşaqlara daha yaxşı təhsil verib, onları imtahan stressindən az da olsa qoruya bilirikmi?
Məsələ ilə bağlı həkim-psixiatr, müstəqil tibbi ekspert Abdulla Şıxlinski ilə müsahibə zamanı bütün suallara cavab tapmağa çalışdıq.
A.Şıxlinski qeyd edir ki, imtahan qabağı stress hər şeydən əvvəl, çox qəribə də olsa imtahanların özü ilə əlaqəli deyil: “İmtahan qabağı stress ümumiyyətlə istənilən psixoloji gərginlik, cəmiyyətdə, xüsusən də yeniyetmələr arasında bu cəmiyyətin ümumi vəziyyəti ilə əlaqədardır. Əgər valideynlərdə, ərtafda, bütün cəmiyyətdə sabahkı günə ümidsizlik, sabahkı gündən qorxma, inamsızlıq və həyatdan qorxma halları varsa və bu hal bütün cəmiyyətdə mövcuddursa, təbii ki, bu hal yeniyetmələrə və uşaqlara da sirayət edir. Beləliklə, yeniyetmələr yeni bir hadisəni faciə kimi qəbul edirlər. Və təbii ki, onlar hansısa təhsil müəsisəsinə qəbul olmaq istəyir və bununla əlaqədar böyük gərginlik keçirirlər. Ki, gözlədiyi nəticə ilə imkanı olduğu nəticə arasında müəyyən uyğunluq olacaq, ya olmayacaq?!
Çox vaxt insanın imkanı çox az şeyə çatır, amma daxilində yüksək nəticə gözləyir. Bu uyğunsuzluq nəticəsində də insan görəcəyi hər hansısa bir işi axıra çatdıra bilməz. Belə aydın olur ki, stressin əsas mənbəyini yuxarda izah etdik.
İkinci səbəb odur ki, gənclər, yeniyetmələr Azərbaycan cəmiyyətində olan haqsızlıqları görürlər. Xüsusən də artıq orta məktəbin son siniflərində oxuyan uşaqlar bu haqsızlıqları görür və dərk edirlər. Və bilirlər ki, bir tərəfdən onlar üçün təhsil almaq yaxşıdır, həqiqi təhsil almış insanın dünya görüşü geniş olur, başqa adamlardan məlumatlı olur, analitik qabiliyyətləri bir qədər güclü olur… Əslində uşaqlar bunu başa düşürlər. Amma ikinci tərəfdən də onlar görürlər ki, adi taksi sürücülərinin 80 faizi 2-3 ali təhsili olan insanlardır. Fikirləşirlər ki, elmi dərəcəsi olan bir insan taksi sürücüsü işləyirsə, bəs mən niyə əziyyət çəkim, oxuyub mən də iş tapa bilməyəcəmsə.
Valideynlər isə məcbur edirlər ki, oxu. Hətta uşağın yerinə peşəni belə seçirlər. İşsizliyi görən uşaqlarda da ümidsizlik formalaşır.
Əslində, valideynlərdən çox şey asılıdır, uşaqla dost olub, hansı peşəyə marağı varsa ona yönəldilməlidir. Çox təəssüf ki, işsizlik uşaqdan tutmuş böyüyə qədər artıq hər kəsə məlumdur”.
Abdulla Şıxlinski hesab edir ki, intiharların əsas səbəbi cəmiyyətdə olan sosial gərginlik, sabahkı günə inamsızlıq və şəxsi sosial təhlükəsizlik hissinin itirilməsi ilə əlaqədardır: “Sosial təhlükəsizlik hissi insanlarda itib. İnsanların ümidi tükənib. Hətta varlılar, yüksək vəzifədə olanlar və s. onların belə, sabahkı günə ümüdləri yoxdur. Çünki bütün cəmiyyəti korrupsiya sarıb, bütün cəmiyyətin əsas prinsipi odur ki, kimin pulu varsa, o, yaşayır, kimin pulu yoxdursa, o, öləcək.
Dövlət tərəfindən vətəndaşlara yetərincə maddi qayğı göstərilmir. Avropa ölkələr kimi bizə sosial yardım verilmir. Faktiki olaraq işsizlərə sosial yardım olunmur. Verilən sosial müavinət də çox aşağı səviyyədədir. Məktəbi bitirən gənclər ancaq çıxış yolunu xarici ölkələrdə görür. Bəziləri gedir, bəziləri isə gedə bilmir. Bunların hamısı ümidsizliyin, çarəsizliyin əlamətidir. Ölkədə vəziyyət günbəgün pisləşir. Bütün bu saydıqlarım ona gətirib çıxarır ki, cavanlar ümidsizliyə qapılıblar.
Valideynlərə də demək istərdim ki, uşağı çox yükləməsinlər. İndiki uşaqları öz başına buraxsaq, inanın ki, burada oxumaq istəmirlər. Xaricdə təhsilə daha çox üstünlük verilir. Çünki uşaqlar böyüklərə nisbətən başa düşürlər ki, arxalarında vəzifəli şəxslər olmadıqda ölkədə iş tapmaq mümkün deyil. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində pulsuz nəsə etmək mümkün deyil.
Kapitalizmin əsas prinsipi var ki, burada hər şey alınır və satılır: “Mal - pul, pul - mal”. Azərbaycanda isə bu daha eybəcər şəkildə həyata keçirilir. Yeniyetmər də bunu dərk edirlər”.
İmtahan qabağı stress dedikdə, tibbi ekspert hesab edir ki, gərək ilk öncə bunun kökünü araşdırıb tapaq: “Stress “kök”dən yaranır. Yeniyetmələrə azadlıq vermək lazımdır, seçimi özü etməlidir. Stess başqa bir mövzüdür, bu yaşadıqlarımız sosial ümidsizlikdir. Gənclərin çoxlarının arzusu valideynin arzusu ilə üst-üstə düşmür. Uşaqları sosial həyacandan qorumaq lazımdır. Sosial həyacan istənilən halda intiharla nəticələnə bilər. Bu, xəstəlik nəticəsində olan intihar deyil. Statistika göstərir ki, intihar edən şəxslərin yalnız 25 faizi xəstədir, 75 faizi isə tamamilə sağlam adamlardır”.
Hazırladı: Jalə FAMİLQIZI
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya