İlqar İmamquliyev: "Qarabağ"a görə üç klubla əməkdaşlıqdan imtina etdik"

2022-06-21 19:47:00

İlqar İmamquliyev:

"Qarabağ"a görə Azərbaycan Premyer Liqasının 3 klubu ilə əməkdaşlıqdan imtina etmişik".

Hurriyyet.az  bildirir ki, bunu Report-a açıqlamasında Azərbaycanın ilk idman geyimi brendi "İl Azero"nun təsisçisi İlqar İmamquliyev "Qarabağ"la əməkdaşlıq barədə danışarkən deyib.

O bildirib ki, hədəfləri hər zaman "Qarabağ" olub və ən yaxşıdan başlamağa çalışıblar: "Ötən il Premyer Liqanın 3 klubundan təklif oldu. Hətta anlaşma həddinədək çatmışdıq. Amma imtina etməli olduq. İki əsas hədəfimdən biri "Qarabağ"ı geyindirmək idi. Buna nail oldum. Ona görə də digər klubları təxirə salmalı olduq".

İmamquliyevin sözlərinə görə, "Qarabağ"la əməkdaşlıq ötən ilin sonlarından başlayıb: "Klub "Adidas" şirkəti ilə bağlı şayiələrdən sonra verdiyimiz müsahibəni mənəvi dəstək olaraq gördü və təşəkkür etmək üçün mənimlə əlaqə saxladı. Klub rəsmiləri ilə görüşdə ilk şərtləri sağlam rəqabət mühitinin formalaşdırılması olub. Bilirsiniz ki, "Qarabağ" dünya brendləri ilə işləyir. Dedilər ki, keyfiyyət bizi qane etsə, böyük məmnuniyyətlə sizinlə əməkdaşlıq edəcəyik. Əvvəlcə bunu sınaqdan keçirmək istədilər. Uzun yol oldu. Əlimizdən gələni etdik. Dünyəvi brendlərlə rəqabətə girmək bizim üçün fəxrdir. Nəticədə hər iki tərəf razı qaldı. "Qarabağ" gətirdiyimiz nümunələri çox bəyəndi. Bundan sonra əməkdaşlıq etmək qərarına gəldik".

UEFA-nın "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovla bağlı məlum qərarından sonra "Adidas" şirkətinin klubla müqaviləni pozması barədə məlumat yayılmışdı. İmamquliyevin sözlərinə görə, həmin məsələnin "İl Azero" ilə Azərbaycan çempionu arasında əməkdaşlığa heç bir aidiyyatı yoxdur: "Əslində bu, şişirdilmiş problem idi. "Qarabağ" pulunu verib, malını alır. "Adidas"ın "Qarabağ"dan imtina edə biləcək söz sahibliyi də yox idi. Çünki bu, texniki sponsorluq deyil, sadəcə, əməkdaşlıqdır. Sabah tərəflərdən biri razı qalmasa, əməkdaşlıq dayandırılır. Çox dərinə getmək istəmirəm. Çünki məsələnin içində deyiləm".

O, "Qarabağ"ın pula qənaət etdiyi üçün milli idman brendini seçməsi ilə bağlı yayılan iddialarla razılaşmadığını söyləyib: "Qarabağ" o qədər böyük klubdur ki, burada qənaət kimi cılız məsələ müzakirə mövzusu deyil. Klub baxır, seçir, hansı uyğundursa, ona da qərar verir. Bu gün həmin qərarın içində bizim adımız olduğu üçün çox xoşbəxtik. "Qarabağ" başqa brendləri də geyinə bilərdi. Yəni, bizə heç də çıxılmaz vəziyyətdə qaldığına görə müraciət etmədi. Qətiyyən belə bir şey yoxdur. Bəlkə də standartlardan kənara çıxmaq üçün bizi seçdilər. Biz də öz keyfiyyətimizlə sübut etdik ki, niyə də olmasın, niyə öz Azərbaycan brendimizi ölkə xaricində tanıtmayaq?! "Qarabağ" elə klubdur ki, hamı onu geyindirmək istəyər. Müqavilə ödənişli əsasda, normal qaydada bağlanılıb. Klub pulunu ödəyib, formalarını alıb. Hər hansı sponsorluq anlaşmasından söhbət gedə bilməz".

İmamquliyev deyib ki, "Adidas" kimi dünya brendindən sonra Ağdam təmsilçinin geyim sponsoru olmaq böyük məsuliyyətdir: "Adidas" uşaqlıqdan çox sevdiyim brendlərdən biridir. Özümüzü bu şirkətlə müqayisə etmək böyük təkəbbürlülük olar. Amma gördüyümüz işlər göstərir ki, düzgün yoldayıq. Buna özümüzün kiçik qələbəsi deyərdim. Tam sağlam rəqabət getdi. Burada hər hansı tanışlıqdan, dostluqdan söhbət gedə bilməz. Üstünlüyümüz o idi ki, biz Azərbaycan brendiyik. "Qarabağ" peşəkar klubdur. Keyfiyyət qane etməsəydi, heç vaxt buna razı olmazdılar. Bundan sonra da yaxşı işlər görməyə çalışacağıq. Bayrağımızı məşq köynəklərində belə, göstərməyə çalışırıq ki, hamı Qarabağın Azərbaycana məxsus olduğunu görsün".

Təsisçi klubun yeni geyim dəstləri ilə bağlı tənqidlərə də münasibət bildirib: "Geyim zövq məsələsidir. Mən özüm də hər şeyi bəyənmirəm. Amma çoxluq rəğbət göstərirsə, bu, mənim üçün böyük xoşbəxtlikdir. Səmimi deyim ki, son günlərdə bunu hiss edirəm və eyforiyasını yaşayıram".

Qeyd edək ki, "Qarabağ"ın əvvəlki rəngləri ağ, qara və sərbəst rəng kimi mavi və ya digərləri olub. Amma indi sərbəst rəng yenisi - yaşılla əvəzlənib. Klub bundan sonra ağ, qara və yaşıl rənglərdə çıxış edəcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya