Saat:04:44
Haqqımızda

İlk müstəqilliyimiz Masallıda elan olunub? — Tarixçi alimin fikirləri mübahisə yaratdı

2023-05-30 20:10:00

İlk müstəqilliyimiz Masallıda elan olunub? — Tarixçi alimin fikirləri mübahisə yaratdı

Ötən gün tarixçi akim, dosent Zaur Əliyev maraqlı fikirləri ilə diqqət çəkib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti elan edilən günə qədər Azərbaycanda özünü müstəqil respublika elan etmiş ərazimiz olub.  Həmin ərazinin Xırmandalı Respublikası olduğunu deyən alim bildirib ki, bu türkdilli xırmandalı tayfasının adı ilə bağlıdır.

Məsələ ilə bağlı tarixçi alim Faiq Ələkbərli Demokrat.az-a açıqlamasında bildirib ki, tarixdə belə bir hal olub, ancaq bunu respublika kimi qələmə vermək düzgün deyil:

"1917-ci ildən indiki Masallı ərazisindəki Xırmandalı kəndinin əhalisi özünü müdafiə məqsədilə müəyyən bir qurum yaratmışdı. Onların özlərini respublikası elan etmələri məsələsi isə o zaman mümkün deyildi. Çünki bir kənd çərçivəsində respublika elan etmək mümkün deyildi. Bu barədə 1974-cü ildə nəşr olunan "Azərbaycan Sovet hakimiyyəti mübarizəsi" adlı kitabda da qeyd edilir ki, 1917-ci ilin yayında özlərini qorumaq məqsədilə kənd ağsaqqalları şurası yaradırdılar. Yəni, o zamanlar 100 nəfərə yaxın silahlı bir qüvvə yaradıblar. Ancaq bunu hansısa bir anlamda respublika kimi qələmə vermək qətiyyən doğru deyil. Onların özlərini respublika kimi elan verməsini də dəqiqləşdirmək lazımdır. Çünki həmin vaxtda sovet mənbələrində “respublika” sözü dırnaqarasında verilib.  

Digər kəndlərdə də mərkəzi hakimiyyət olmayana qədər müvəqqəti olaraq özlərini müdafiə ediblər. Belə halları şişirtmək və  deyək ki, "Azərbaycan Cümhuriyyətinə qədər Xırmandalı Respublikası olub" kimi demək doğru deyil. Məsələyə bu cür yanaşma tamamilə absurddur və məntiqə də uyğun deyildi. Bu məsələləri şişirtməyin özü də yolverilməzdir! 

Biz cümhuriyyətimizə dəyər verməliyik və ondan öncə hansısa bir kəndin, bölgənin özünü hansısa bir formada ifadə etməsini bu şəkildə vermək doğru deyil. O zaman Bakı Xalq Komissarlar Soveti də hansısa bir quruluş olub. 

Baxmayaraq ki, Şimali Azərbaycanın yarısını idarə edirdi və başçıları da əsasən ermənilər, ruslardan ibarət idi. Ancaq faktiki olaraq var idi. 

Yeri gəlmişkən erməni tarixçiləri də yazır ki, bu bir erməni dövlətidir və s. Belə məsələlərə yanaşmada ciddiyəti qoruyub saxlamaq lazımdır. İstər tarixi, istərsə də hüquqi anlamda qoruyub saxlamaq lazımdır".


Şəhanə

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR