İlham Əliyevlə Nikol Paşinyan arasındakı NƏLƏR MÜZAKİRƏ OLUNACAQ?

2022-08-26 15:41:00

İlham Əliyevlə Nikol Paşinyan arasındakı NƏLƏR MÜZAKİRƏ OLUNACAQ?

Elxan Şahinoğlu: "Ermənistan anlamalıdır ki, sülh sazişi imzalamaq istəmirsə, bilməlidir ki, biz də Ermənistanın ərazisi bütövlüyünü tanımayacağıq, iradlarımız qalacaq və qərbi Zəngəzurla bağlı fikrimizdən vaz keçməyəcəyik"

"Avropa İttifaqının vasitəçiliyi hər bir halda Azərbaycan üçün olduqca faydalıdır. Avropa İttifaqı Azərbaycanın əsl tərəfdaşıdır". Bu fikirləri politoloq Elxan Şahinoğlu Hurriyyet.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan sonuncu dəfə mayın 22-də Brüsseldə, Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər: "Görüşdə müzakirə olunan əsas məsələlər kommunikasiya xəttlərinin açılması, sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması idi. Belə qərara gəlinmişdi ki, iyulda və avqusta yenidən görüş olsun. İyul ayı artıq arxada qaldı, avqustun son günlərini yaşayırıq, avqustun sonunda artıq görüş nəzərdə tutulub. Yenidən eyni mövzuların müzakirəsi gözlənilir və maydan bu tərəfə əldə olunan nəticələr müzakirə olunacaq. Qeyd edim ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hələ ki, tanımaq  istəmir, bu da sülh sazişinin imzalanmasını ləngidir. Ermənistan tərəfi təkcə dəhlizlə bağlı addımlar atır, amma, o da tam bilinmir. Çünki, postlar yaradırlar, biz isə oradan tam dəhliz və kommunikasiya xəttlərinin Naxçıvana rahat gedib-gəlməsini istəyirik. Yəqin bunların müzakirəsi davam edəcək. Ola bilsin ki,  Şarl Mişel ortaq bir bəyanatla çıxış etsin, niyyəti ortaya qoysun. Amma hər halda Avropa İttifaqının vasitəçiliyi həm Azərbaycana, həm də  Ermənistana faydalı və xeyirlidir. Bu, Rusiyanın vasitəçilikdə insaflığını da qarşılamış olur. Çünki biz bilirik ki, Rusiyanın bölgədə çox fərqli maraqları var və bu maraqlar da təkcə Azərbaycan maraqları ilə üst-üstə düşmür. Ona görə də Avropa İttifaqı Azərbaycanın əsas tərəfdaşıdır, həmçinin ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə qazın nəqlinin yaxın gələcəkdə Avropaya çəkilməsi ilə bağlı qaz anlaşması imzalamışıq. Bu baxımdan Brüsellin vasitəçiliyi bizim üçün olduqca faydalıdır. Əslində Ermənistan üçün də çox faydalıdır. Çünki Ermənistanın baş naziri də Rusiyanın asılığından qurtulmaq istəyir. Əslində, Ermənistan üçün sülh, daha çox vacibdir".

Politoloq əlavə edib ki, Ermənistan tərəfi sülh sazişi imzalamaq fikrindən daşınsa Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq: "Nəticədə Ermənistan bir sıra problemlərlə üzləşə bilər. Çünki Azərbaycan və Türkiyə kimi iki böyük dövlətə düşmənçilik siyasətinin davamı Ermənistanı uçuruma aparır, müharibədə ağır məğlubiyyətlə üzləşdilər. Qarabağda da tədricən istəklərimizə çatırıq. Artıq Laçın da bizim nəzarətə keçir. Laçın üzərindən kommunikasiya xəttləri bizim nəzarətə keçib. 30 il əvvəl qanunsuz olaraq Ermənistandan çəkilmiş qaz boru xəttləri bizim nəzarətə keçib. Yəni Qarabağla bağlı məncə heç bir problemlər yaşanmayacaq. Məncə, bu, mövzuyla bağlı Avropa İttifaqı heç kimlə müzakirə etməyəcək, çünki bu Avropa İttifaqının deyil, bizim daxili mövzumuzdur. Amma biz istəyərik ki, Ermənistanla sərhədlər müəyyənləşsin, sülh sazişi imzalansın, amma Ermənistan onu da anlamalıdır ki, sülh sazişi imzalamaq istəmirlərsə, iradları qalırsa bilməlidirlər ki, biz də Ermənistanın ərazisi bütövlüyünü tanımayacağıq, iradlarımız qalacaq və qərbi Zəngəzurla bağlı fikrimizdən vaz keçməyəcəyik. Əlbəttə, bu da Ermənistana daha çox problem yaradar".

Qeyd edək ki, Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş avqustun 31-də baş tutacaq.

Nərmin Məmmədli


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067587