Saat:00:34
Haqqımızda

İlham Əliyevin Rusiya səfərinin pərdəarxası

2021-07-23 10:37:00

İlham Əliyevin Rusiya səfərinin pərdəarxası

Prezidentin bu səfərindən sonra Ermənistan baş nazirinin Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etməsi təsadüfdür?

Rizvan Hüseynov: “Bakının baxışını nəzərə almadan heç bir dünya ölkəsi regiondan hansısa siyasi xətti formalaşdıra bilməz”

Məhəmməd Əsədullzadə: “Şuşa Bəyannaməsindən sonra prezident İlham Əliyevin Rusiya rəhbəri Putinlə görüşü gözlənilirdi”

"Avropa İttifaqı prezidentinin gəlişinin əsas səbəbi 9 noyabr və 11 yanvarda olan sazişləri sıfırlamaq idi. Avropa regionda sülhü və sabitliyi dağıtmaq üçün əlindən gələni edir. Sözsüz ki, bu nə Azərbaycanın, nə Türkiyənin, nə də Rusiyanın maraqları dairəsində deyil"

 

"Bu səfər çərçivəsində heç bir sənəd imzalanmasa da, şifahi razılaşmalar əldə edilib. Rusiyanın burada səmimi olub-olmaması qısa zamanda özünü göstərəcək. Ermənistan baş naziri Paşinyan Fransa və ABŞ-ın birbaşa dəstəyi ilə əldə edilən anlaşmaları yerinə yetirməməyə çalışır, manevr edir"

 

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə getdi. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş oldu. Görüş zamanı İ.Əliyevin 44 günlük İkinci Qarabağ savaşından söhbət açması diqqətləri daha çox cəlb etdi. Çünki bu gün Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı aşkar narazılıq mövcuddur. Bu baxımdan, vətəndaşlarımızın müəyyən kəsimi Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan 9 noyabr bəyannaməsinin tələblərinin yerinə yetiriləcəyinə şübhə ilə yanaşırlar.

Qeyd edək ki, səfər zamanı vətəndaşlarımızı düşündürən əksər suallar cavabsız qalsa da, Prezident İlham Əliyevin bu məsələdə kifayət qədər prinsipial mövqedə olduğu aşkar idi. Hansı ki, ölkə başçısı öz çıxışında münaqişədən sonrakı durumudan bəhs etməklə, bir növ Rusiyanın da məsuliyyətini xatırlatdı: “…Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”. Öz növbəsində, Vladimir Putin də müəyyən məsələlərdə kompromisə getdiyi üçün Azərbaycan prezidentinə təşəkkür edib.

Maraqlıdır ki, Vladimir Putin İlham Əliyevə təşəkkür etməklə  hansı mesajı vermək istəyib? Digər tərəfdən, Azərbaycan Prezidentinin Rusiya səfəri regionda proseslərə nə kimi təsir edəcək? Həmçinin, İham Əliyevin Rusiya səfərindən əvvəl Avropa İttifaqı prezidentinin Bakıya gəliş təsadüf idi?

Qafqaz tarixi Mərkəzinin direktoru, azərbaycanlı tarixçi alim Rizvan Hüseynov hesab edir ki, Avropa İttifaqı prezidentinin Bakıya gəlişinin əsas səbəbi 9 noyabr və 11 yanvarda olan sazişləri sıfırlamaq olub: "Moskvaya edilən səfər təsdiqlədi ki, müasir dövrdə Azərbaycan və Rusiya istər Qarabağ məsələsiylə bağlı, istərsə də regional təhlükəsizlik baxımından eyni fikirlə çıxış edirlər. Bakı və Moskva arasında yetkin fikir var. 44 günlük müharibənin nəticələri baxımından, yeni nəqliyyat dəhlizlərinin qurulması və Cənubi Qafqazın iqtisadi gələcəyi kimi layihələrdə Bakı və Moskva eyni fikirlə çıxış edir.

Prezident İlham Əliyevin Moskva səfərindən öncə Avropa İttifaqının prezidenti Şarl Mişel Azərbaycana səfər etdi və ölkə başçısıyla görüş keçirdi. Şarl Mişel İrəvana və Tiflisə də səfər etdi. Qeyd edim ki, səfər ərəfəsində Ermənistan tərəfinin atəşkəsi pozmasının əsas səbəbi də Avropa İttifaqı prezidentinin Azərbaycana səfəri idi. Avropa İttifaqı prezidentinin gəlişinin əsas səbəbi 9 noyabr və 11 yanvarda olan sazişləri sıfırlamaq idi. Avropa regionda sülhü və sabitliyi dağıtmaq üçün əlindən gələni edir. Sözsüz ki, bu, nə Azərbaycanın, nə Türkiyənin, nə də Rusiyanın maraqları dairəsində deyil. Bu işdə daha çox Fransa xüsusi rol oynayır. Onların gülünc siyasəti var. Hər yerdə uduzublar. Fransa tərəfi gözəl bilirdi ki, heç nə dəyişə bilməz. Yalandan İrəvanın başını qatdılar.

Məlumdur ki, Qarabağın statusundan söz gedə bilməz. Avropa İttifaqı prezidentinin səfəri onu göstərdi ki, Avropa izim regionda artıq heç bir rol oynamır. Bakının baxışını nəzərə almadan heç bir dünya ölkəsi regiondan hansısa siyasi xətti formalaşdıra bilməz. Bunu Brüssel və Paris də nəzərə almalıdır. Prezidentin səfəri onu göstərdi ki, Bakı Moskva tərəfdən dəstəyini alır. Qarabağda olan gərginlik nəticə etibarilə Bakının xeyrinədir".

Rizvan Hüseynov əlavə edib ki, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu yoxdur: "Tezliklə, Qarabağda olan silahlı erməni dəstələrinin başı əziləcək. Sülhməramlılar Qarabağda olan erməni silahlı dəstələrini tərkisilah etməsə, Azərbaycan özü bunu etmək məcburiyyətində qalacaq. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, sözsüz ki, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Ermənistan silhalı dəstələrinindən bir nəfər də Azərbaycan ərazisində olmamalıdır. Moskva səfəri onu göstərdi ki, Rusiya tərəfi vəziyyəti çox yaxşı anlayır. Görünür, Ermənistan keçid dönəmində hələ də dövlət kimi təsdiqlənməyib. Əgər o dövlətin rəhbərliyinin heç biri təsdiq olunmayıbsa, dövlətin gələcəyi də qaranlıqıdır. Bu gün Ermənistan dövlətçiliyinin taleyi həll olunur.  Burda həm də Zəngəzur dəhlizi məsələsi də həll olunur. Əgər böyük sülh müqaviləsi payıza kimi imzalanarsa, Ermənistan da uçurumdan azad olacaq. Sonda Ermənistan məcbur olub, regionu tərk edəcək. Ermənistan rəhbərliyi də bunu yaxşı başa düşür. Onların sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu yoxdur".

Politoloq Məhəmməd Əsədullazadə isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Moskva görüşündən sonra Azərbaycan Ermənistana təzyiqlərini artıracaq: “Şuşa Bəyannaməsindən sonra prezident İlham Əliyevin Rusiya rəhbəri Putinlə görüşü gözlənilirdi. Belə görüşün baş tutacağını Ərdoğan da qeyd etmişdi. Rusiya konkret olaraq Türkiyə hərbi bazasının rəsmi şəkildə Azərbaycanda varlığını qəbul etmir. Bunu NATO bazası kimi xarakterizə edir. Qeyd edim ki, prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri digərlərindən fərqli olaraq “Şuşa” bəyannaməsi fonunda Türkiyənin müttəfiqi kimi baş tutmuşdu. Bu səfər çərçivəsində heç bir sənəd imzalanmasa da, şifahi razılaşmalar əldə edilib. Rusiyanın burada səmimi olub-olmaması qısa zamanda özünü göstərəcək. Ermənistan baş naziri Paşinyan Fransa və ABŞ-ın birbaşa dəstəyi ilə əldə edilən anlaşmaları yerinə yetirməməyə çalışır, manevr edir. Bu da Rusiyanın vasitəçi olaraq Azərbaycana mümkün təzyiqlərinə yol açır. Konkret olaraq Rusiya da, Ermənistan da manipulyasiya edir və prosesləri başqa bir məcraya daşımağa çalışır. Azərbaycanın da yalnız əsas təsir rıçaqı Ermənistana, Qarabağdakı separatçılara zərbə vurmaqdır. Rusiya əsas vasitəçi olaraq 10 noyabr və 11 yanvar razılaşmalarının reallaşması üçün addımlar atmayacaqsa, o zaman sərhəddə və Qarabağda ermənilərn yaşadığı ərazidə hərbi vəziyyət gərginləşə bilər. Rusiya tərəfinin əsas istəyi Azərbaycanın KTMT müşahidəçi statusu almasıdır. Görünür, Kreml mesaj veriri ki, Azərbaycan buna gedəcəyi təqdirdə, Moskva üçtərəfli anlaşmaların reallaşmasına yaşıl işıq yandıra bilər”.

 

“Hürriyyət”

 

P.S. Bu arada, Ermənistanda baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan dünən ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqlədi. Aysor.am xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

"Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır", - deyə Paşinyan vurğulayıb.

Əlbəttə, Azərbaycan Prezidentinin Rusiya səfəri sonrası Paşinyanın belə bir açıqlama verməsi heç də təsadüf deyil. Görünən odur ki, erməni baş nazirin son vaxtlar verdiyi sərsəm açıqlamaları, xüsusən də 9 noyabr bəyannaməsini “kağız parçası” adlandırması Moskvanı da narahat edib. Güman etmək olar ki, məhz bu məsələ Rusiya və Azərbaycan prezidentləri arasında müzakirə mövzusu olduğundan, Putin Paşinyana öz imzasına sadiq qalmaqdan başqa yolunun olmadığını xatırladıb və nəticədə erməni baş nazir vəziyyəti bir qədər yumşaltmağa meyl edib. Hər halda, Paşinyanın başqa alternativinin olmadığı da bəllidir. Çünki o, əks halda “dəmir yumruğun” hər an başına dəyə biləcəyini yaxşı bilir…

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR