Saat:08:39
Haqqımızda

İlham Əliyevin bir sazişlə iki nəticəsi: Aşqabad zirvəsi Azərbaycana nələr qazandırdı...

2021-11-30 11:30:00

İlham Əliyevin bir sazişlə iki nəticəsi: Aşqabad zirvəsi Azərbaycana nələr qazandırdı...

İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında həm Zəngəzur dəhlizinin qəbul edilməsi, həm KTMT-yə belə üzv olan ölkələrin qələbə təbrikində yer alması, İranla yeni səhifənin açılması, o cümlədən türkmən qazının Avropaya ayaq açması rəsmi Bakının uğuru kimi qiymətləndirilir - rəylər

İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda 15-ci Zirvə toplantısını iki mühüm detalla təsnifatlaşdırmaq olar: Birincisi, Zəngəzur dəhlizi məsələsinin uğurla təşviq edilməsi və qəbul edilməsi, ikincisi, İran - Azərbaycan münasibətlərində yeni səhifənin açılması. Habelə Türkmənistan-Azərbaycan arasında, İran-Azərbaycan arasında sənədlərin imzalanması regionda əməkdaşlıq üçün yeni fürsətlər açdı.

“Yeni Müsavat” yazır ki, ümumilikdə Zirvə görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin üzv ölkələrin liderləri ilə ayrı-ayrılıqda görüşməsi, Bakıya verilən dəstək Aşqabad zirvəsinin əhəmiyyətini sübut etdi. Türkiyə Prezidenti Ərdoğan da dedi ki, Zəngəzur koridorunun önəmi məlumdur.

O, nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirilməli olduğunu qeyd etdi. Xüsusən Soçi görüşünün ardınca, Prezident İlham Əliyev İƏT tribunasından Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etdi. Prezidentin bu məsələni yenidən dilə gətirməsi heç də təsadüfi deyil.

Məlumat üçün deyək ki, İƏT İran, Türkiyə, Pakistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Azərbaycanın daxil olduğu regional təşkilatdır. Həmin tərtibat və sənəd xüsusilə bununla diqqətəlayiqdir ki, imzalayanlar arasında KTMT-nin üç üzvü var - Qazaxıstan, Qırğızıstan və Tacikistan. Bu dövlətlərin həm də KTMT-nin üzvü olan Ermənistanın deyil, Azərbaycanın mövqeyini dəstəkləməsi onu göstərir ki, ədalət və Avrasiya inteqrasiya ölkələrinə rəğbət rəsmi Bakının tərəfindədir və hətta İrəvanın nominal tərəfdaşları bunu etiraf edir.

Çünki onlar da Bakı ilə sıx əlaqələrin daha böyük dəyərini qəbul edirlər. Bu fakt eyni dərəcədə Azərbaycanın düzgün və uğurlu xarici siyasətinin nəticəsidir. Habelə, İran Prezidenti İbrahim Rəisi ayrıca İ.Əliyevlə görüşərkən də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə görə təbrik edib. Aşqabad zirvəsindən sonra regionda bütün münasibətləri aydınlaşdırılmış hesab etmək olarmı?

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya qoyur - "İki  sahil"

Tofiq Abbasov

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, Aşqabadda əsas nailiyyət İslam həmrəyliyinin nümayişi idi: “Belə görüşlərə ara veriləndə bəzi ölkələrin maraqlarında toqquşmalar olur və nəticə ələ gəlmir. Bu dəfə isə birlik nümayiş olundu, hərçənd bəzi ölkələrin fərqli yanaşmaları var idi. Bundan əlavə, türkmən qazının Avropaya çıxışı önəmli hadisədir.  Eyni zamanda İran və Azərbaycan arasında əməkdaşlıq sənədi imzalandı. Güman edirəm ki, bir müddət münasibətlərdə yaranmış soyuqluq aradan götürüləcək. Bu, böyük dönüşdür. Ümumiyyətlə, Aşqabad toplantısı bir çox gərginlikləri aradan qaldırdı”.

T.Abbasov hesab edir ki, İran Zəngəzur dəhlizini dəstəkləyir və bu məsələnin Aşqabadda qeyd olunması vacib nüansdır: “Bu kommunikasiyalar kimə mane olur? Hamıya xeyirlidir. Dəhlizlər ümumi mənafeyə qulluq edir. Nə Azərbaycan, nə başqa ölkə Zəngəzur dəhlizini inhisarında saxlamaq niyyətində deyil. Ona görə bədgümanlıqlar var idi, o da həllini tapır. Ermənistan deyir ki, axına qarşı gedəcək, qoy getsin. Amma gərək götür-qoy etsin, qərara gəlsin. İran prezidenti dedi ki, niyə də kommunikasiyalar olmasın. Bu mənada görüşlərin əhəmiyyəti odur ki, anlaşılmazlıqlar aradan qalxacaq. Ermənistan çalışırdı ki, Türkiyə və Azərbaycana qarşı cəbhə formalaşdırsın, İran da yer alsın, amma bunun perspektivi yoxdur. Çünki Ermənistan özünü İrana bağlamaq istəyə bilər. Sadəcə, kiçik ölkədir, elə bir gücü yoxdur ki, konyukturanı özü müəyyən edə bilsin. Bunu Azərbaycan edə bilər, Şərq-Qərb, Şimal-Cənub bizdən keçir. Ona görə İrəvan yekəxanalıq edir, bizim münasibətimiz isə budur ki, bölgədə qarşılıqlı əməkaşlıq olsun və bundan hamı faydalana bilsin”.

Asif Nərimanlı » Qaynarinfo.az

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlı deyir ki, Aşqabad sammitinin əhəmiyyəti ilk növbədə türkmən qazının Avropa bazarına ayaq açmasıdır: “Azərbaycana göndərilən türkmən qazı böyük ehtimalla Türkiyəyə satılacaq. Hərçənd bu, uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına ilk addımı hesab edilə bilər. İkincisi, İranla yeni səhifə açılır: Tehranın regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla işləməkdə maraqlı edir. İrana yeni imkanın yaradılması bu ölkənin Ermənistan siyasətinin tamamilə dəyişməsi demək deyil, hərçənd Tehranı regionda müharibədən sonrakı vəziyyəti qəbul etməyə, Zəngəzur dəhlizinə münasibətini dəyişdirməyə, 3+3 formatına qoşulmağa da sövq edir: Beləliklə, Azərbaycan bir sazişlə iki nəticəni əldə edir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR