"İlham Əliyev və Nikol Paşinyan arasında görüşdə nələrin müzakirə ediləcəyi bəllidir" - ELXAN ŞAHİNOĞLU

2021-11-24 15:04:00

"Əgər Ermənistan Kremlin dəstəyi ilə Zəngəzur dəhlizindən keçəcək nəqliyyat yollarına nəzarət etmək istəyirsə, biz də Moskva qarşısında Laçın dəhlizinin Azərbaycan sərhədçiləri və gömrük xidməti tərəfindən nəzarətə götürülməsi məsələsini qaldırmalıyıq"

"Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə iki gündən sonra Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə nələrin müzakirə ediləcəyi bəllidir. Əsas mövzu Zəngəzur dəhlizi və ya kommunikasiya xətlərinin açılması, o cümlədən sərhədlərin müəyyənləşməsiylə bağlı üçtərəfli komissiyanın yaradılmasıdır. Məhz bu məqsədlə Krem sahibi Rusiya baş nazirinin müavini Aleksey Overçuku Bakıya göndərib. Overçuk Rusiya-Azərbaycan-Ermənistan üçətərəfli komissiyasında ölkəsini təmsil edir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də Aleksey Overçukla görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətini, ticarət dövriyyəsinin artırılmasını, qarşılıqlı sərmayə qoyuluşu məsələlərini müzakirə edib: "Görüşdə o da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcək. Aleksey Overçuk il ərzində iki dəfə İrəvanda da olub. Overçukun Bakıda və İrəvanda müzakirə etdiyi əsas mövzu regional kommunikasiya xətlərinin açılması olub. Aleksey Overçuk dəhliz ifadəsi işlətmir. O son açıqlamasında erməni rəsmiləri kimi belə bir ifadə işlədib: “Bütün kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyünə hörmət edilərək çəkilməlidir”. Overçuk dəhliz əvəzinə “kommunikasiya xətləri” ifadəsini işlətdikdə və Ermənistanın Zəngəzurdan keçən dəmiryoluna və avtomobil yoluna nəzarət etməsi gərəkliyini dedikdə bununla bağlı Rusiya prezidentinin təlimatını yerinə yetirdiyini göstərir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, əgər Ermənistan Kremlin dəstəyi ilə Zəngəzur dəhlizindən keçəcək nəqliyyat yollarına nəzarət etmək istəyirsə, biz də Moskva qarşısında Laçın dəhlizinin Azərbaycan sərhədçiləri və gömrük xidməti tərəfindən nəzarətə götürülməsi məsələsini qaldırmalıyıq: "Bu da bizim təbii haqqımızdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az