İkiqat dünya çempionu Vəli İsrafilov
“Paris-2024” Yay Paralimpiya Oyunlarında idmançımız Vəli İsrafilov sevindirici nəticə əldə edib. Belə ki, SB13 kateqoriyasında çıxış edən paraüzgüçümüz 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışının final mərhələsində öz qüvvəsini sınayıb. O, 1:05:35 nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxmaqla bürünc medal qazanıb.
Vəli İsrafilov əslən Masallıdandır. Rayonun Köhnə Alvadı kəndində dünyaya göz açıb. İlk təhsilini Masallı şəhər “Dəfinə” məktəb-liseyində alıb. Böyük Xocavar kənd tam orta məktəbini başa vurduqdan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elektrotexnika və energetika fakültəsində bakalavr səviyyəsi üzrə təhsil alıb.
Dünya idman tarixində adı olan Vəli İsrafilov ikiqat dünya çempionudur. Əsasən idman uğurları
2019-cu ildən başlanır. Həmin ildə Londonda keçirilən üzgüçülük üzrə Dünya çempionatında III yerə layiq görülüb. İki il sonra “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında bütün rəqiblərini qabaqlayaraq Paralimpiya çempionu olub.
2022 və 2023-cü illərdə isə paraüzgüçülük üzrə Dünya çempionu adını sahib çıxıb və şanlı bayrağımızı ən yüksək zirvəyə ucaldıb.
Zəfər ORUCOĞLU