“İkinci əl” geyimləri xəstəlik mənbəyidir - DERMATOVENEROLOQDAN AÇIQLAMA
Son zamanlar insanlar arasında "ikinci əl" geyimlərin alışı və paltar kirayəsi bir növ dəb halını alıb. Çünki qadınlar bir dəfə geyinilən paltarları ikinci dəfə geyinmək istəmir. Düşünürlər ki, hər hansı paltara 400-500 manat verməkdənsə, 30-50 manata paltar kirayələmək büdcə üçün daha uyğundur. Demək olar ki, indi qadınlar ziyafət geyimlərindən tutmuş, zinyət əşyaları, aksessuarlara kimi hər şeyi kirayə ilə əldə edib, yararlanırlar.
Kirayə geyimlər bir qədər ucuz olsa da, onların yaratdığı fəsadlar bəzən insan həyatına belə başa gəlir.
Dermatoveneroloq Tünzalə Feyziyeva Hurriyyet.az-a açıqlamasında bildirib ki, geyimlər insan həyatının ən mühüm parçasıdır və onlarla sıx təmasdadır. Onların sanitariyası insan sağlamlığında həlledici rol oynayır. Hal-hazırda insanlar iqtisadi problemlərə görə ikinci əl və ya dəb məqsədilə vintaj paltarlar geyinirlər. Artıq məlumdur ki, ikinci əl paltarları geyinmək gigiyenik deyil və dəridə ən müxtəlif səpkilərin yaranmasına, dermatit, qaşınma və göbələk kimi müxtəlif xəstəliklərə səbəb olur.
“Əgət sintetik parçalara, boyalara və ya kimyəvi maddələrə qarşı həssassınızsa, istifadə olunmuş paltarları geyinməklə sizdə dəri qıcıqlanması (tekstil dermatiti) yarana bilər. Bu, xüsusilə paltar güclü zərərli yuyucu vasitələrlə təmizləndikdə və ya dəfələrlə quru təmizləmə aparıldıqda baş verə bilər. Tekstil dermatiti quru, qırmızı və ya qıcıqlanmış dəri şəklində özünü göstərir və çox qaşınmaya səbəb olur. Dar və rəngli paltarlar (kimyəvi tərkibə malik olduğu üçün) geyinən qadınlar daha çox bu xəstəliyə yoluxa bilərlər. Bunun qarşısını almaq üçün pambıq və ya kətan kimi təbii parçalardan istifadə etmək daha yaxşıdır, çünki həssas dərilər üçün daha təhlükəsizdir”, - deyə o, əlavə etdi.
Müsahibim qeyd edir ki, bəzi hallarda ikinci əl geyimlərə xüsusi qoruyucu maddələr vurulur ki, paltarları yeyə biləcək bitlər, göbələk və digər bakteriyaların inkişafına mane olsun. Bu qoruyucu madddələr həm də geyimlərə xüsusi qoxu verir. Bu cür paltarları yumadan birbaşa geyinmək dəridəki səpkilərin yaranmasını, habelə atopic dermatit adlanan allergiyanı provakasiya edir:
“Bu cür paltarlar müxtəlif növ dəri xəstəliyini ötürə bilər: microbial və göbələk infeksiyaları, virus infeksiyaları və s. Paltarda qalan mikroblar və göbələklər dəriyə təmas yolu ilə dəri xəstəliklərinə səbəb ola bilər. Bu fəsadların bəziləri təhlükəli və hətta sağalmaz olur. Bu cür paltarların istifadəsi həmçinin ziyil, herpes simplex və kontagioz molyusk daxil olmaqla virus xəstəliklərinə də səbəb ola bilər. İkinci əl paltarlarda qalan mikrob və bakterial faktorlar çox davamlıdır və adi yuma ilə məhv edilə bilməz və dəqiq antiseptik üsulla dezinfeksiya edilməlidir. Dəri ilə birbaşa təmasda olan paltarlarda, o cümlədən alt paltarlarında xəstəliyin ötürülməsi riski daha yüksəkdir. Bundan əlavə, ikinci əl geyimlər müxtəlif sayda dəri ilə təmas etdiyinə görə bədən biti, Hepatit B, Candida göbələk infeksiyaları, Trixomonad kimi infeksiyaları da ötürə bilər.
2018-2019-cu illərdə Tehranda aparılmış bir eksperimentin nəticəsi də göstərmişdir ki, yuyulmuş ikinci əl geyimlərin parazit yayma ehtimalı yuyulmamış ikinci əl geyimlərdən əhəmiyyətli dərəcədə azdır, hətta demək olar ki, yoxdur. Belə ki, eksperiment 400 ədəd yuyulmuş, 400 ədəd yuyulmamış olmaqla, 800 ədəd ikinci əl geyim arasında aparılmışdır. Nəticələrə əsasən, yuyulmamış ikinci əl geyimlərdə “enterobius” yumurtaları (bağırsaqları yoluxduran ağ parazit qurd), “pedikulus” yumurtaları (bitlərdən gəlir), sarcoptes scabiei (qoturluq xəstəliyi) kimi parazitlərə rast gəlinmişdir. Eksperimentin əldə etdiyi nəticələrdən biri də parazit daşıyıcılığının faizinin kişi paltarlarında yüksək, uşaq paltarlarında isə aşağı olması ilə bağlıdır. Lakin yeni doğulmuş körpələrin və uşaqların xarici şəraitə qarşı immun reaksiyası tam inkişaf etmədiyinə və yuxarıda adı qeyd edilən atopic dermatit allergiyasının daha çox uşaqlarda rast gəlindiyinə görə bu göstərici onlara paltar alarkən diqqətli olmağı istisna etmir. Paltarların içərisində ən çox parazit daşıyıcılığına görə jeans paltarlar birincidir”.
T. Feyziyeva vurğulayır ki, buna görə də patogen törədicinin insanlara keçmə şansını azaltmaq üçün bu paltarlar yuyulmalı, ütülənməli və ya dezinfeksiya edilməlidir:
“Lakin yuyucu vasitələri də istifadə edərkən diqqətli olmaq lazımdır. 2023-cü ildə T.G. Şevçenko Milli Universiteti "Çernihiv Kollegiyası"nın apardığı tədqiqata əsasən, yuyucu vasitələr zəhərliliyinə görə aşağıdakı kimi sıralanmışdır:
1. Fosfonat tərkibli yuyucu vasitə (ən zəhərli)
2. Fosfatsız yuyucu vasitə
3. Kondisionerli (parça yumşaldıcılar) fosfatsız yuyucu vasitə
4. Kondisionerli fosfonat tərkibli yuyucu vasitə
Parça yumşaldıcılar fosfonat tərkibli yuyucu vasitələrin toksik təsirlərini azaltmağa kömək edir, lakin fosfatsız yuyucu vasitələrin toksikliyini tam aradan qaldırmır.
5. Məişət sabunu (az zəhərli)
Tədqiqat bu yuyucu vasitələrlə yuyulan ikinci əl paltarların (məişət sabunu istisna olmaqla) uşaqların sağlamlığına zərər verə biləcəyi qənaətinə gəlmişdir. Məişət sabunu ilə yuyulan paltarlar zərərli qalıqlar buraxmadığı üçün ən təhlükəsiz hesab olunmuşdur”.
Yeri gəlmişkən onu da qeyd edim ki, yaxın keçmişdə qardaş ölkə Türkiydə yaşanılan zəlzələdən sonra insanlar yardım üçün paltarlar da daxil olmaqla, ikinci əl əşyalar göndərməyə başladılar. Türkiyənin AFAD qurumu isə yuxarıda adı çəkilən xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə bu cür yardımın qəbul edilməsini dayandırmışdır.
Yekun olaraq oxuyucularımıza tövsiyə etmək istəyərdim ki, ikinci əl geyim alarkən diqqətli olsunlar. Habelə, bu cür xəstəliklərin ictimailəşdirilməsi və ictimaiyyətin məlumatlandırılması bu paltarların gətirə biləcəyi sağlamlıqla bağlı problemlərin öhdəsindən gəlmək üçün danılmaz bir yoldur. Bundan əlavə, yoluxan şəxslərin həkim məsləhəti olmadan xəstəliyi müalicə etməsi yolverilməzdir.
İkinci əl geyimlər mağazalardan birinin satıcısı Gülnar Musayevanın sözlərinə görə, mağaza uzun illərdir fəaliyyət göstərir: “Mağazamızda hərcür formada geyim tapmaq mümkündür. Elə paltarlar var onun qiyməti 3-4 min manatdır, amma onu 1 günlüyə 200 manata kirayə veririk. Əgər geyim təzədirsə və onu ilk dəfə kirayə veririksə, ilk qiymət bir az baha olur.
Mağazamızda bütün geyimlər mağazada təmizlənir və ütülü vəziyyətdə kirayə verilir. Geyimlərimiz xüsusi dərmanlar vasitəsilə təmizləndiyinə görə demək olar ki, xəstəliyə yoluxma sıfır dərəcəsindədir. Əgər geyimdən hər hansı qoxu gələrsə, əlbəttə, müştəri həmin geyimi qəbul etməz. Məsləhət görərdim ki, alıcılarımız geyim seçərkən təmizliyinə, ütüsünə, qoxusuna önəm versinlər”.
Aynurə İSMAYIL
Hurriyyet.az