Saat:21:49
Haqqımızda

İKİ DEPUTATIN BİR MƏSƏLƏYƏ FƏRQLİ BAXIŞI: BİRİ SƏMİMİ, BİRİ SAXTA! – “15 qəpiklə heç kim kasıblamaz”, yoxsa “bahalaşma bütün sahələrə təsir edəcək”?

2021-09-16 13:27:00

İKİ DEPUTATIN BİR MƏSƏLƏYƏ FƏRQLİ BAXIŞI: BİRİ SƏMİMİ, BİRİ SAXTA! – “15 qəpiklə heç kim kasıblamaz”, yoxsa “bahalaşma bütün sahələrə təsir edəcək”?

"Şanlı Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz, amma dövlətin digər xərclərini ödəmək mümkündür". Artıq deputat Eldar Quliyevin benzinin bahalaşmasına haqq qazandırmağa yönələn bu fikri sosial şəbəkələrdə və mətbuatda ən populyar “tezisə” çevrilib və adama sağdan, soldan deyilməyən söz, irad, tənqid qalmayıb.

Xatrladaq ki, 5 dəfə(!) deputat olan E.Quliyev həm də Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. Lakin bir iqtisadiyyat professorunun yanacaq növlərinin bahalaşmasına “15 qəpiklə heç kim kasıblamaz” kimi primitiv, elmdən, reallıqdan, iqtisadiyyat anlayışından uzaq yanaşması istər-istəməz müəyyən şübhələrə yol açır. 

Ya 70 yaşlı deputatın yaddaş, psixika, qavrama və s. psixoloji məqamlarla bağlı sağlıq problemi var, ya da bu cür açıqlama ilə bilərəkdən, qəsdən əhalidə qıcıq yaratmaq, insanların bu bahalaşmaya daha aqressiv formada diqqət yetirməsinə, reaksiya verməsinə nail olmaq məqsədi güdülür.

Çünki nəinki iqtisad elmləri doktoru, professor, hətta bazarda xırda ticarətlə məşğul olan, yaxud iqtisadiyyat elmindən uzaqdan-yaxından xəbəri belə olmayan sıravi vətəndaş da gözəl bilir ki, istənilən bahalaşma zəncirvari reaksiya doğurur, xüsusilə də bu, yanacaq kimi strateji əhəmiyyət daşıyan məhsullara aid olduqda.

 

 

Yanacaqdakı 15 qəpiklik artımın özünü ərzaqda və digər məhsullarda 25, 35 , 45 və s. qəpik artımla göstərəcəyini bilmək üçün xüsusi iqtisadi biliklərə malik olmaq lazım deyil, elə ötən illərin təcrübəsinə baxmaq kifayətdir. Təbii ki, E.Quliyev üçün nəinki 15 qəpiyin, heç 150 minin heç bir dəyəri yoxdur, amma elə onun özünün deputat olduğu dairədə gündəlik çörək puluna möhtac olan bəlkə də yüzlərlə ailə var...

Belə bir arqument gətirilir ki, Aİ-95 və Aİ-98 markalı benzindən əsasən nisbətən orta və imkanlı təbəqə istifadə edir. Ancaq bu iddia kifayət qədər qüsurludur. Çünki müasir avtomobillərin böyük hissəsi məhz bu markalardan, Azərbaycanda isə xüsusilə Aİ-95-dən istifadə olunmasını tələb edir. Lakin heç kim iddia edə bilməz ki, belə maşınların sahibləri hamılıqla imkanlı adamlardır. Onların arasında həmin avtomobilləri kreditlə alanlar və ümumiyyətlə nəinki varlı, heç orta təbəqəyə də aid edilməyəcək şəxslər var.

 

 

Digər yandan Azərbaycan bazarının iştirakçıları, inhisarçılar da daxil olmaqla, onsuz da möhtəkirliyə meyllidirlər və qiymət artırmağa bəhanə axtarırlar. Ona görə də xüsusilə dövlət, hökumət səviyyəsində elan olunan istənilən qiymət artımı dərhal özünü bazarda göstərir. Və E.Quliyev də daxil olmaqla, istənilən iqtisadçı gözəl bilir ki, bu məsələdə iqtisadi amillərlə yanaşı, psixoloji məqam da böyük rol oynayır və məhz bu məqam bütün pozisiyalar üzrə bahalaşmaya təkan verir.

Odur ki, E.Quliyev bütün bunları bilməyəcək, anlamayacaq dərəcədə savadsız və hansı mövzu olur-olsun, nə yolla olur-olsun hakimiyyətə yarınacaq qədər məddah ola bilməz. Deməli, hökumətə göstərilən bu “ayı xidməti” təsadüfi deyil və bunun hansısa qaranlıq niyyətlərə xidmət etdiyini də istisna etmək olmaz...

 

 

“Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzaqa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir. Bu gün mağazadan 5 manata aldığın məhsul gələn həftə 5 manatdan baha olur. Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir. Neft qiymətləri yüksəkdir, Azərbaycana daxil olan valyutanın həcmi kifayət qədərdir, pul dövriyyəsində çətinliyimiz yoxdur, manatın məzənnəsi stabildir. Bu bahalaşmaya nə ehtiyac vardı?! Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən “Aİ-92” və “Aİ-95” markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?!

Məntiqlə neft bahalaşır deyə xaricdən idxal ediləni bahalaşdırırlarsa, daxildə istehsal edilən “Aİ-92” markalı benzini də ucuzlaşdırmalıdırlar. Amma bizdə qiymətin aşağı salınması görünməmiş şeydir...” Bunu isə digər deputat – Vahid Əhmədov deyir.

O da E.Quliyev kimi elmlər doktorudur, iqtisadçıdır, bir müddət Baş nazirin birinci müavini də daxil olmaqla, yüksək vəzifələrdə çalışıb, ölkə iqtisadiyyatını da ən azı E.Quliyevdən az bilmir. Yaxşı, belə olan təqdirdə, necə olur ki, iki deputatın, iki iqtisadçının fikri bir-birilə tam ziddiyyət təşkil edir? Deməli, bu adamlardan biri qeyri-səmimidir, saxtakarlıq edir və gözünün içinə qədər yalan danışır...

“Bir dəfə Fransada bir xanımla söhbətləşirdik. Xanım dedi ki, ailəlidir, müəllim işləyir. Soruşdum ki, bəs burada neyniyirsən. Dedi, həftə sonları pul qazanmaq üçün gəlirəm. Yəni oralarda bu mövzular artıq adi hal kimi qəbul olunur”Həm də Respublika Ağsaqqalar Şurasının sədri olan E.Quliyev camaata əxlaq dərsi keçmək istədiyinə görə, bu açıqlamasından sonra mətbuatda, sosial şəbəkələrdə “belə əxlaqlı, mərifətli adamsansa, həmin qadının “işlədiyi” yerdə nə gəzirdin” sualıyla üz-üzə qaldı, onu ələ saldılar, məsxərəyə qoydular və s.

Doğrusu, ümumiyyətlə ahıl adamların bu cür ələ salınması kənardan yaxşı görünmür, ancaq zaman keçdikcə görürsən ki, bəziləri elə doğrudan da yaşına, başına baxmayaraq, ələ salınmağa layiqdirlər...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR