İFAÇILIQDA VƏ MİLLİ RƏQSİN TƏDRİSİNDƏ ZƏNGİN FƏALİYYƏTDƏ - Əhsən Rəhmanlı yazır

2022-04-20 19:39:00

İFAÇILIQDA VƏ MİLLİ RƏQSİN TƏDRİSİNDƏ ZƏNGİN FƏALİYYƏTDƏ - Əhsən Rəhmanlı yazır

Azərbaycanda şərəfli yol keçib gələn, çox zəngin və möhtəşəm rəqs sənəti vardır. Rəqslərimiz də incəsənətimizin digər növləri kimi ruhumuzu dip-diri, dup-duru saxlayır. Milli rəqslər yalnız özümüzün deyil, həmçinin başqa xalqların da sevimlisi olmuş, onların ruhunu tərpətmiş və zövqünü oxşamışdır. Müxtəlif məzmunlu, süjetli Azərbaycan rəqsləri keçmiş SSRİ məkanında çox məşhur olmuş, xarici ölkələrdə böyük maraq və rəğbətlə qarşılanmışdır. Bütün bunlar təbii ki, rəqsimzin tutumlu, zövqlü, çoxşaxəli, rəngarəng, geniş məzmunlu, dərin əhvallı olmasından xəbər verir. Peşəkar rəqs sənətimiz yaranaraq ansambllar, yaradıcı kollektivlər tərkibində səhnələri adladıqca, xarici ölkələrin səhnələrini fəth etdikcə sənətin qartalları, canlı heykəlləri olan sənətkarlarımız yetişmişdir. Onların əsl davamçıları olan, gözlərimiz önündə heykəlləşən rəqqaslarımız bu gün də vardır. Elə isə onlardan birini də oxuculara təqdim edək.

Yusif Əli oğlu Qasımov 1948-ci il noyabrın 22-də Ağdam şəhərində doğulub. Həmin şəhərdəki 1 saylı ümumtəhsil məktəbə daxil olub. Onların ailəsi 1959-cu ildə Bakıya köçüb. O, Bakıdakı 173 saylı məktəbdə oxuyub və təhsili 1967-ci ildə başa vurub. 1961-ci ildən keçmiş 26-lar Mədəniyyət Sarayında B.Məmmədovun rəhbərlik etdiyi özfəaliyyət rəqs kollektivində sənət qaydalarını öyrənib. Ansamblın bütün konsertlərində bacarıqla çıxış edib. Y.Qasımov 1966-1967-ci illərdə Azərbaycanda keçirilən rəqs müsabiqələrinin qalibi olub. Həmçinin 1967-ci ilin sonunda Sovet Sosialist Respublikalarının paytaxtı Moskvada keçirilən rəqs müsabiqəsinin qalibi kimi ön sıraya çıxıb. O, 1968-ci ildə Polşanın Krakov şəhərində baş tutan Beynəlxalq Rəqs Müsabiqəsində maraqlı oyunu ilə I yerə layiq görülüb.

Ona müraciət edirəm: - Yusif müəllim, Qarabağ xüsusilə muğama bağlı bölgədir. Nə yaxşı bu sahəyə deyil, rəqsə gəldiniz?

-Məni bu sənətə Bakı mühiti, yaşdlarımın rəqslə məşğuliyyəti oldu. Onu da deyim ki, Ağdamda gözümüzü açıb evimizdə Ələsgər babamdan bizə yadigar qalan üç tar görmüşük. Ən keyfiyyətli və nadir alətlər idi. Babam tacir olsa da, yaxşı tar çalmağı da olub. O, 95 il yaşayıb. Atam da tarı həvəskar kimi çalıb. Xatırlayıram ki, çaldığı mahnıların arasında biri də vardı, deyirdi ki, bunu öyrənməyin, çalmayın, Sovet hökuməti buna qadağa qoyub. Qardaşım Əvəz Qasımov (1945- 2005) Ağdamdakı Musiqi Texnikumun tar sinfində təhsil alırdı. Evdə məşq edəndə, dərslərini hazırlayanda, xüsusilə muğamları ifa edəndə çox diqqətlə dinləyirdim. Muğamlar hisslərimə toxunur, məni ovsunlayır, özünə cəlb edir və musiqiyə həvəs oyadırdı. Tarın birini də götürüb mən çalırdım. Qardaşımın ifasından nəsə öyrənmişdim. Uzun illər sonra musiqiyə, muğama bələdliyim köməyimə çatdı. Özüm istər Dövlət Rəqs Ansamblında, istərsə də tədris müəssisəsində rəqslər qurarkən müşayiət musiqisinin hansı muğam üzərində, hətta hansı şöbə və ya guşəyə aid olması mənimçün həmişə xususi əhəmiyyət daşıyıb. Bunu bilməyim, bunlardan yerindəcə iftifadə etməyim rəqs quruluşunun daha dolğun, məzmunlu olmasına və təsir gücünün artmasına kömək edir. Düşünürəm ki, belə olmasa rəqslərimizin milli mahiyyəti, əsas məzmunu itər. Xalq artistləri Əlibaba Abdullayev (1915-1980) də, Xumar Zülfüqarova (1927-2017) da musiqini yaxşı bilirdilər. Odur ki, qurduqları rəqslər səviyyəsi ilə seçilir və baxımlı olurdu”.

Artıq rəqs aləmində diqqətdə olan Y.Qasımov 1968-ci ildə Dövlət Mahnı və Rəqs Ansamblına dəvət olunub və burada solist olaraq çalışıb. O, 1969-1973-cü illərdə Havadan Əks Müdafiə hərbi hissəsinin rəqs ansamblının solisti kimi fəaliyyətdə olub. Hərbi ansamblın tərkibində Y.Qasımov 1971-ci ildə İranda səfərdə olaraq solo ifaları ilə rəğbət qazanıb. Yusif bu ansamblda “Moldav”, “Matros” rəqslərində, “Əsgər” və “Ukrayna” suitalarında solist olub. O, 1974-cü ildən fəaliyyətini Dövlət Rəqs Ansamblında layiqincə davam etdirib.

Yusif Qasımov O, 1974-cü ildən 2013-cü ilə qədər Dövlət Rəqs Ansamblında çalışmışdır. Əvvəllər solist-rəqqas, 1993-cü ildən 2000-ci ilə qədər məşqçi, sonra isə baş baletmeyster olmuşdur. Y.Qasımova 1982-ci ildə əməkdar, 1991-ci ildə xalq artisti fəxri adı verilmişdir. 1982-ci ildə o, Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.

Ansamblda çalışdığı illərdə Y.Qasımov “Yallı”, “Gənclik” “Qaytağı”, “Bulaq başında”, “Üç dost” (qaytağı üslubunda), “Neftçilər” suitasında və digər kütləvi rəqslərdə mahir və əsas solist kimi tanınmışdır. O, bütün texniki hərəkətləri, ən çətin elementləri, tullanma, fırlanma (tryuk) məsələlərini ustalıqla və heyrətamiz şəkildə icra etmişdir. Bundan başqa “Şənlik”, “İgidlər”, “Şəki”, “Qazaxı”, “Qılınclarla rəqs”, “Çobanlar” (üç oğlan) rəqslərinin solisti kimi öz imzasını qoymuşdur. O, səhnədə daim çoşqun təbi, bədii enerjisi, çəld, həddən artıq çevik hərəkətləri, fırlananmaları, tam çəkildə, ölçülü-biçili yerinə yetirib hər bir rəqsin məzmun və mahiyyətini artıraraq tamaşaçı marağını və zövqünü təmin etmişdir. İstər kütləvi, istər duet, istərsə də tək ifaçı üçün qurulmuş rəqslərdə onun hər bir oyunu, solo ifası rəqsin mahiyyətinə, ideyasına, qayəsinə xidmət edərək tamlıq və bütövlük yaratmışdır. Y.Qasımov ansambl tərkibində dəfələrlə SSRİ-nin müxtəlif məkanlarında, dəfələrlə Fransa, İtaliya, Portuqaliya, Türkiyə, Belçika, Hollandiya, Hindistan, Nepal, ABŞ, Kanada, Pakistan, Sloveniya, Serbiya, Tunis, Əlcəzair, Mərakeş, İsrail, İraq, Misir, İsveçrə, İsveç. Bosniya, Finlandiya, Kipr, İngiltərə, Macarıstan. Tayfan, Çin, Vyetnam, Kamboca, Avstriya və başqa ölkələrdə maraqlı ifalarla çıxış etmişdir.

Sual: - Siz iki ansamblda çalışmış və xeyli sayda rəqs quruluşlarının solisti olmusunuz. Hələ başqa rəqs ansamblları da var. Repertuar barədə fikiriniz necədir?

-Əslində hər rəqs ansamblının öz repertuarı olmalıdır. Bu repertiar, proqram həmin kollektivin yaradıcılıq pasportu, bunlara harada təqdim etməsindən asılı olmayaraq, onun imzası, möhürüdür. Çox əfsus ki, bu şərtlərə, belə əsas məsələyə rəqs ansambllarında əməl edilmir. Uzun illər Mahnı və Rəqs Ansamblında, Rəqs Ansamblında, “Cəngi” estrada-folklor ansamblında, hətta mədəniyyət və ali təhsil müəssisələrinin rəqs qruplarında eyni rəqslər, suitalar və xoreoqrafik lövhələr səhnələrə çıxarılır. Halbuki, yeni rəqs quruluşları hazırlamaq üçün cəmiyyətdə, ətrafımızda, həyat və məişətdə kifayət qədər mövzu var. Kifayət edir ki, xoreoqrafın həvəsi, yaradıcılıq təxəyyülü, qurub-yaratmaq eşqi, zəhmətsevərliyi olsun”.

Y.Qasımov ifa etdiyi bütün rəqslərə öz möhürünü vurub, çətin icra olunan texniki hərəkətlərlə, ustalığı, məharəti ilə onların hər birinə yeni rəng qatıb, zənginləşdirib, məzmun dərinliyi gətirib. Bütün fəaliyyəti ərzində o, solist kimi diqqətdə, daim rəqsin daxilində olub, coşqun, enerjili sənəti ilə seçilib, həmişə bəyənilib, məharət göstərib, sevilib, rəqsimizin səhnə təcəssümünün layiqli nümayəndəsi və onun əsas sütunlarından birinə çevrilib.

Yusif Qasımov 1991-ci ildən Bakı Xoreoqrafiya Məktəbinin (hazırda Bakı Xoreoqrafiya Akademiyası) milli rəqs sinfində dərs deməyə dəvət olunub. Burada çalışdığı 28 il ərzində 100-dən çox rəqs qurub. Müxtəlif illərdə onun şagirdləri on beşdən çox xarici ölkələrin festivallarında çıxış edərək nailiyyətlərə imza atıb. 2007-ci ildə Sloveniyanın Novo Qorisa şəhərində Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin heykəlinin açılışında Yusif müəllimin tələbələrinin çıxışı olub.

Bu sətirlərin müəllifi olaraq bildirirəm ki, 1997-2001-ci ilərdə BXM-də Yusif Qasımovun sinfində konsertmeyster olaraq onun məşqlərini və şagirdləri üçün hazırladığı rəqs quruluşlarını müşayiət etmişəm. Həmin vaxt bu adamın nəyə qadir olduğunu, işinin fədaisi kimi sənəti sevdiyini, kifayət qədər dərindən bildiyini, dərslərin daha səmərəli keçməsi, uşaqların çox bilik əldə etməsi, rəqqas kimi yetişməsi üçün böyük əmək sərf elədiyinin şahidi olmuşam. O, istedadlı, gələcəyinə güvəndiyi, sənətə meylli yetirmələri ilə dərsdən sonra əlavə məşqlər apararaq onları milli rəqs sənəti üçün layiqli ifaçılar kimi hazırlamışdır. Xatırlayıram ki, Yusif müəllim həmin yetirmələrini Dövlət Rəqs Ansamblının tərkibinə gətirir, onları işə düzəldərək ştata saldırırdı. Hazırda həmin ansamblın tərkibində Y.Qasımovun yetirmələri çoxdur. Adını qeyd etdiyim yaradıcı kollektivin hazırda bədii rəhbəri, baş baletmeysteri, solisti xalq artisti Rüfət Xəlilzadə də BXM-də Yusif müəllimin sinfini bitirib. Rüfətin təhsil aldığı illərdə mən Yusif müəllimin sinfində çalışırdım. Odur ki, onun R.Xəlizadə ilə qurduğu iş, tədris porosesi, göstərdiyi hərəkətlər, istedadlı tələbəsi ilə hazırladığı solo ifaları indi də xatırlayıram. Əlbəttə, bütün bu qeyd olunanlar az iş deyil, Yusif müəllimin böyük uğurları sırasına daxildir.Y.Qasımov milli rəqs sənətinin tədrisi üzrə əsl pedaqoq olaraq işinə həmişə çox ciddi münasibət bəsləmişdir və elə, əslində bu gün də belədir.

Onun BXM-də hazırladığı tələbələrin bir qrupu 2006-cı ildə Amerikanın Vaşinqton şəhərində Azərbaycanla bağlı keçirilən tədbirdə çıxış etmişdir. Tədbiri H.Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Milli Məclisin üzvü (hazırda vitse prezident) Mehriban xanım Əliyeva təşkil etmişdi. Həmin il Yusif müəllimin dörd nəfər tələbəsi prezident təqaüdünə layiq görülmüşdür.

2008-ci ildə Mehriban xanımın YUNESKO xətti ilə Fransanın Paris, Belçikanın Brüssel şəhərində təşkil etdiyi tədbirlərdə də Y.Qasımovun yetirmələri xüsusi məharət göstərmişlər. Həmin yetirmələr XIII Beynəlxalq Müsabiqədə Xorvatiya Akademiyasının tələbələri ilə çıxış etmişlər. Bu müsabiqələrin on ikisində Yusif müəllimin tələbələri qalib olmuşlar. 2016-cı ildə Fransada təşkil olunan müsabiqədə də bizimkilər qalib olmuş və Yusif Qasımov şəxsən Fransa Senatının medalına layiq görülmüşdür. Onun BXM-də dərs dediyi müddətdə tələbələrindən səkkizi fəxri adlara, dördü isə prezident mükafatına layiq görülmüşdür.

Ə.R.: “Yusif müəllim, BXM-də (hazırda BXA) çalışdığınız bu müddətdə rəqslərə quruluş verərək nailiyyətlər əldə etmisiniz.

Y.Q.: “Təbii ki, bu işdə mənə uzun illərin peşə təcrübəsi, səhnə həyatı, böyük xoreoqraflardan görüb-götürdüklərim, səfərlərdə qazandığım uğurların təsiri olub”.

Y.Qasımovun 2008-ci ildən prezident mükafatı alır. O, Bakı Xoreoqrafiya Akademiyası yarandığı andan bu günə qədər yeddi rəqs kompozisiyasına quruluş verib. 2015-ci ildə Heydər Əliyevə həsr olunmuş kompoziya (50 dəiqəlik), “Azərbaycan yurdum mənim” adlı kompozisiya (1 saat 10 dəiqəlik), Qəmər Almaszadə adına Beynəlxalq Müsabiqəyə görə nümayiş üçün kompozisiya və bundan əlavə Q.Almaszadəyə aid kompozisiyanın quruluşunu vermək Y.Qasımaova nəsib olub. O, 2017-ci ildə “Səmayi-şəms” kompozisiyasına da quruluş verib (1 saat 20 dəqiqə) . Bu bacarıqlı, işgüzar insan sənətinin yalnız fədaisi deyil, həm də bilicisidir. O, 2018-ci ildə xalqımızın soyqırımına aid kompozisiyanın, həmin ildə dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının rəqs-tamaşasının da quruluşunu hazırlayıb. Bundan əlavə o, Qəmər Almaszadə adına II Beynəlxalq Müsabiqənin bağlanış kompozisiyasının da quruluş müəllifi olub. Həmin müsabiqədə də Yusif müəllimin tələbələri birinçilik qazanıblar.

Ə.R.: “Siz həm folkora, həm də tematik mövzulara həssalıqla yanaşırsınız. Xocalı soyqırımı bizim ən həssas, yaralı, ağrılı və göynərtili yerimizdir. İncəsənətimizin bütün janrlarında bu mövzuya toxunulub.

Y.Q.: “Xocalı faciəsinin ildönümü üçün BXA-da 50 dəqiqəlik kompozisiyanı bir həftəyə hazırladım, baxımlı və olduqca təsirli alındı. Müxtəlif kurslarda, bakalavr pilləsində təhsil alan ən istedadlı tələbələri toplayıb gərgin işlədim. Xocalı dəhşətlərini kompozisiya biçimində təsvir edə bildim.

Ə.R.:”İfaçılıq fəaliyyətinizdə “Yallı”larda daim ifalarınız, böyük uğurlarınız olub, bəs pedaqoji sahədə necə?

Y.Q.:”Azərbaycan yurdum mənim” kompozisiyasını hazırlayarkən “Yallı”nı Qobustan qayalarından başladım, sonu Naxçıvanın “Köçəri”si ilə tamamladım. “Köçəri” yallısına on səkkiz nəfərdən ibarət oğlanlı-qızlı, ayrıca quruluş da vermişəm. Burada səhnəyə hər ifaçını eyni geyimdə deyil, hər birini ayrı-ayrı qədim libaslarda çıxardım. Bakının qədim Qala kəndində həmin rəqsə klip çəkərkən butaforlardan - küp, araba çarxı, ot tayası, təndir, odun yığnağı, çırpılar, cürbəcür qab-qacaq, qəssab ləvazimatı (qurğu) və s. əşyalardan istfadə edildi. Şəlalədən arxa tökülən su xüsusi gözəllik yaradırdı. Müşayiətdə qoşa zurna, çomaq-çübuqla çalınan nağara və davuldan istifadə etdik. Bu əlbəttə, rəqsin bir daha qədimliyinə dəlalət edir və möhtəşəmliyini artırır. Çox maraqlı bir iş alınmışdı. Bu klip Mədəniyyət Nazirliyinin xətti ilə çəkilib və 2018-ci ildə vitse-prezident Mehriban xanıım Əliyevanın YUNESKO-dakı çıxışlarının birində nümayiş etdirilib”.

2019-cu il noyabrında Qazaxıstan Respublikasının Xoreoqrafiya Akademiyasında keçirilən rəqs müabiqəsinə on səkkiz ölkədən bədii kollekivlər dəvət edilərkən Bakı Xoreoqrafiya Akademiyasına məktub göndərilir. Ora klassik və milli rəqsləri təqdim edənlər gəlir. Y.Qasımov BXA-nın tələbələri ilə oğlanlı qızlı “Azərbaycan suitası” və “Cıdır düzü” kompozisiyası qurur. O, ikinciyə “Qaytağılar” üzərində quruluş verir. Yusif müəllimin verdiyi möhtəşəm quruluşlar, tələbələrin rəqsi böyük marağa səbəb olaraq yüksək dəyər alır. BXA-nın tələbələrinə birinici yet verilir.

Yusif müəllim 2020-ci ildə iyirmi oğlan, iyirmi qız tələbə ilə “Qarabağ Azərbaycandır” düvizi, çağırışı ilə “Zəfər kompozisiyası” kompozisiyası qurub. Burada bəstəkar Oqtay Zülfüqarovun (1929-2016) “Bayram suitası”ndan istifadə edib. 44 günlük Vətən müharibəsindən qələbə ilə çıxan xalqımıza ən gözəl töhfə olan bu rəqs-kompozisiya BXA-nın həyətindəki meydanda ifa edilib və AzTV tərəfindən çəkilərək dəfələrlə yayımlananıb. O, 2021-ci il Nizami Gəncəvi ilində də maraqlı, zənginçalarlı kompozisiya hazırlayıb. Bu möhtəşəm, əzəmətli kompozisiyada BXA-nın kollec və bakalavr təlbələrindən əlli nəfər iştirak edib. Kompozisiya Opera Studiyasında, Akademik Opera və Balet Teatrında və digər mdıniyyət ocaqlarında nümayiş etdirilib. Hazırda Y.Qasımov dahi insan, böyük bəstəkar Ü.Hacıbəylinin (1885-1948) “Koroğu” operasının “Üvertüra”sı əsasında otuz altı nəfərdən ibarət kompozisiya qurub. O, bu əsərdə tələbta uyğun olaraq “Koroğlu” operasında və filmdə olduğu kimi “Yallı”, “Cəngi” hərəkətlərindən, eyni adlı musiqi nümunələridən və “”Misridən” ustalıqla isifadə edib.

Yaradıcılıq duyğuları gündən-günə. aydan-aya, ildən-ilə zəngimləşərək coşan, qurub yaratmaq eşqi daha da yüksələn, sənətə həvəsi durmadan aşıb-daşan, tələbələrlə işləmək bacarığı, təcrübəsi getdikcə yüksələn bu insan ömrünün və pedaqoji fəaliyyətinin ən mənsudar, samballı dövründə olmaqda və cəsarətlə adımlamaqdadır.

Göz önündədir ki, mövzumuzun qəhrəmanı pedaqoji sahədə ardıcıl səmərəli çalışıb geniş fəaliyyət göstərərək, yüksək mailiyyətlər əldə edib və maraqlı rəqs quruluşları hazırlayıb. Biz yalnız bir sıra rəqs quruluşu barədə danışdıq, əslində isə onun uğurları lap çoxdur. Y.Qasımov hazırda Bakı Xoreoqrafiya Akademiyasının milli rəqs kafedrasının dosenti vəzifəsində çalışır.

Oxuculara maraqlı olar deyə bildirirəm ki, Yusif müəllimlə sıcaq münasibətim, onun yaradıcılığını yaxından izləməyim 1997-2000-ci illlərdə olub. Belə ki, Bakı Xoreoqrafiya Məktəbində (haz.BXA-sı) onun milli rəqs sinfinin tələbələrini konsertmeyster kimi müşayiət etmişəm.

Y.Qasımovun ömür-gün yoldaşı Səbinə xanım da onunla yalnız Dövlət Rəqs Ansamblında deyil, həm də BXM-də birlikdə çalışıb və hazırda BXA-da fəaliyyət göstərməkdədir. Səbinə Qasımovanın da uğurları çox, pedaqoji sahədə qazandığı nailiyyətlər sayagəlməz qədərdir. Növbəti dəfə onun da haqqında oçerk təqdim edəcəyik.

Əhsən Rəhmanlı

Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya