“İDDİALAR SUBYEKTİV MÜLAHİZƏLƏRƏ ƏSASLANIR” – DİN-dən “Hürriyyət”in baş redaktorunun müraciətinə reaksiya

2022-08-04 22:42:00

“İDDİALAR SUBYEKTİV MÜLAHİZƏLƏRƏ ƏSASLANIR” – DİN-dən “Hürriyyət”in baş redaktorunun müraciətinə reaksiya

Xəbər verdiyimiz kimi, “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov Xaçmaz rayonu, Xudat şəhəri, Rəşid Behbudov küçəsi, ev 19-da qeydiyyatda olan Kavazov Aslan Dursun oğlunun qarşılaşdığı problemlə bağlı bu gün Daxili İşlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb.

Hurriyyet.az xəbər verir ki, sözügedən müraciətdən sonra DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov redaksiyamıza yazılı açıqlama göndərib. Həmin açıqlamanı olduğu kimi dərc edirik:

“Vətəndaş Aslan Kavazovun polis müstəntiqi tərəfindən təhdid olunması və icraatında olan cinayət işi üzrə qərəzli şəkildə qarşı tərəfin mövqeyini müdafiə etməsi ilə bağlı iddiaları araşdırılıb.

Cari il mayın 25-də Fərid Hüseynov ilə Səməd Əhmədovun arasında yaranan mübahisə dava-dalaşla nəticələnib. Bu zamanı S.Əhmədov, Aslan Kavazov və daha iki nəfər insanların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozmaqla Fərid Hüseynovu döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və qərəzli hərəkətlərlə xuliqanlıq ediblər.

Faktla əlaqədar iyunun 13-də Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İyunun 28-də cinayət işi Respublika Baş Prokurorluğu vasitəsilə Baş İstintaq və Təhqiqat İdarəsinə göndərilib və istintaqın davam etdirilməsi baş müstəntiq Abdulla Məhyəddinova həvalə olunub.

Araşdırma zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri alınıb, üzləşmə, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda iş üzrə bütün xüsusatlar və digər hallar üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, iddialar subyektiv mülahizələrə əsaslanır, istintaq olunan şəxsin müdafiəsinə yönəlib”.

Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058235