“İddialar şəxsi mülahizələrdir, əsassızdır..." - DİN-dən "Hürriyyət"in yazısına REAKSİYA / Yenilənib

2022-12-24 16:05:00

“İddialar şəxsi mülahizələrdir, əsassızdır...

“İddialar şəxsi mülahizələrdir, əsassızdır. Hadisə qəfildən piyadanın avtomobil yoluna çıxması nəticəsində baş verib”.

Hurriyyet.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib.

Onun sözlərinə görə, sürücü hadisə yerindən yayınmayıb və piyadanı dərhal xəstəxanaya çatdırıb: “Hazırda həmin şəxsin müalicəsi davam etdirilir. Bu barədə piyadanın ərizəsində də vurğulanıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır”.

*** 2022-12-22 12:45:00

LƏNKƏRANDA POLİS RƏİSİNİN MÜAVİNİ QƏZA TÖRƏTDİ... - Səfər Nuriyev xidməti avtomobili ilə piyadanı vurdu və qaçmaq istədi...

Dekabrın 19-da, saat 18:30 radələrində Lənkəran rayon sakini, 1990-cı il təvəllüdlü Əhmədli Aynurə Əbulfəz qızı rayon İcra Hakimiyyəti binasının qarşısında piyada zolağı ilə yolu keçərkən, yüksək sürətlə hərəkət edən 90-AP-301 dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuşdur.
Bu haqda Hurriyyet.az-a məlumat verən mənbənin sözlərinə görə, 90-AP-301 dövlət qeydiyyat nişanlı avtomobil DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional şöbəsinə məxsusdur. Həmin avtomobili şöbənin rəis müavini polkovnik-leytenant Səfər Nuriyev idarə edib.

Bildirilir ki, aldığı zərbə nəticəsində ağır bədən xəsarəti alan Əhmədli Aynurənin yol üzərində yıxılmış və köməksiz vəziyyətinə qalmasına baxmayaraq, Səfər Nuriyev ətrafda kimsənin olmamasını zənn edərək, hərəkətinə davam edib.

Belə ki, hadisə yerindən qaçmağa cəhd edən rəis müavini kənardan qəzanı görüb qışqıran adamın səsini eşitdikdən sonra hərəkətini dayandırıb. Avtomobildən düşən S.Nuriyev ilk öncə yerdə köməksiz vəziyyətdə qalmış piyadaya deyil, hadisə şahidinin üzərinə gedərək “nə bağırırsan?!” – deyə onun üstünə qışqırmışdır.

Avtomobilin zərbəsi nəticəsində ağır bədən xəsarətləri almış Əhmədli Aynurə hadisə yerinə toplanmış insanların köməkliyi ilə 90-AP-301 dövlət qeydiyyat nişanlı avtomobilə qoyularaq polkovnik-leytenan tərəfindən Lənkəran Rayon Mərkəzi Xəsataxanasına çatdırılmışdır.
Hadisənin trogikomik hissəsi bundan sonra başlamışdır. Belə ki, dövlətin qulluqçusu, ölkənin hüquq-mühafizə sisteminin işçisi ağır xəsarətlər almış insana avtomobili tərk edib, özünün xəstəxanaya daxil olmasını təkid etmişdir. Xəstəxanada həkimlərin müayinəsi nəticəsində Əhmədli Aynurənin ağır bədən xəsarətləri aldığı, o cümlədən ayağının bir neçə yerdən sındığı müəyyən edilmiş, cərrahi əməlliyata ehtiyac olduğu bildirilmişdir.
Aynurənin yaxınları cərrahi əməliyyatın həssas olduğunu bildirərək, xəstənin Bakı şəhərində müalicəsini davam etdirməsini istəmişlər. Səfər Nuriyev hüquq-mühafizə orqanlarına şikayət olmayacağını şərt qoyaraq, onların bu istəyini gerçəkləşdirəcəyini bildirmişdir. Aynurənin çıxılmaz vəziyyətdə olan yaxınları, sanki “can bazarlığı” edən polkovnik-leytenantın şərti ilə razılaşmışlar.
Rəis müavini Səfər Nuriyev istəyinə çatdıqdan sonra, Əhmədli Aynurəni Bakı şəhərindəki “Kəpəz” klinikasına yerləşdirmişdir. Hal-hazırda S.Nuriyev bütün vəzifə səlahiyyətlərindən istifafadə edərək, öz əməlini ört-basdır etməyə çalışır. Və buna qismən də olsa, nail olub. Yəni hadisənin üstündən 3 gün keçməsinə baxmayaraq, baş vermiş hadisə üzrə hüquq-mühafizə orqanlarında heç bir araşdırılma aparılmayıb. Sanki həmin gün piyada zolağında insan deyil, hər hansı bir həşarat vurulub.
Hurriyyet.az

Redaksiyadan: DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və şəxsən Səfər Nuriyevin mövqeyini dərc etməyə hazırıq.

Respublikanın Baş prokuroru Kamran Əliyevin də bu hadisəni öz nəzarətinə götürəcəyini güman edirik.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.183190