İctimai Birlik rəhbərindən rəsmi qurumlara müraciət
Adı korrupsiyada hallanan orqanı təmsil edən məmur Korrupsiyaya qarşı mübarizə Komissiyasının üzvü ola bilər?
“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi və Maarifləndirilməsi” İctimai Birliyinin sədri Böyükağa Abdullayev tərəfindın “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Korrupsiyaya qarşı mübarizə Komissiyasına müraciət edən B.Abdullayevin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Korrupsiyaya qarşı mübarizə Komissiyasının üzvləri! Ölkəmizdə korrupsiyanın “inkişafı” digər sahələrdəki inkişafı üstələyir. Bu, danılmaz və təkzibolunmaz faktdır.
“Korrupsiya” dedikdə, ilk öncə dövlət başçısının etimadını və etibarını qazanmış, yüksək posta təyin edilmiş vəzifəli şəxsin öz səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxması, rəsmi statusundan və təmsil etdiyi orqanın statusundan sui-istifadə etməsi, qanunları heçə sayıb şəxsi mənfəəti naminə istənilən məsələni cinayətkar qrupun xeyrinə həll etməsi, yalan vəd verməsi, təklif etmə, ələ alma və s. başa düşülür. Bir sözlə, korrupsiya dedikdə ancaq və ancaq vəzifəli şəxslərdən söhbət gedir.
Aydın məsələdir ki, korrupsiyanın qarşısının alınması yönümündə qanunvericilik sahəsində kifayət qədər qanunlar və normativ hüquqi aktlar nəzərdə tutulmuşdur. Bununla bağlı nəzarət orqanları var və üstəlik Korrupsiyaya qarşı mübarizə Komissiyası da yaradılmışdır. Ayrıca bu sahəyə dövlət büdcəsindən milyonlarla manat pul ayrılır.
Cənab Prezidentin sərəncamı ilə Korrupsiyaya qarşı mübarizə Komissiyasının 15 nəfərdən ibarət tərkibdə üzvləri də təyin edilmişdir. Bunlardan 5 nəfəri hakimiyyətin “İcra hakimiyyəti”, 5 nəfəri “məhkəmə hakimiyyəti” və 5 nəfəri “qanunvericilik hakimiyyəti ” qollarından təyin edilmişdir.
“İcra hakimiyyəti” qolundan təyin edilənlər:
1. Samir Nuriyev – Prezident Administrasiyasının rəhbəri;
2. Fuad Ələsgərov - Prezidentin köməkçisi, Prezident Administrasıyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri;
3. Gündüz Kərimov - Birinci vitse-prezidentin köməkçisi;
4. Vilayət Eyvazov – DİN rəhbəri;
5. Əli Nağıyev - DTX rəisi.
“Qanunvericilik hakimiyyəti” qolundan təyin edilənlər:
1. MM-in sədr müavini Adil Əliyev(Hazırda Suraxanı rayon İcra Hakimiyyətinin başçısıdırı – red.);
2. MM-in keçmiş deputatı Əminə Ağazadə;
3. MM-in keçmiş deputatı Elşad Mirbəşir oğlu;
4. MM-in keçmiş deputatı Arzu Nağıyev;
5. MM-in keçmiş Aparat rəhbəri Səfa Mirzəyev (Dünyasını dəyişib – red.).
“Məhkəmə hakimiyyəti” qolundan təyin edilənlər:
1. Kamran Əliyev - Baş prokuror;
2. Fərhad Abdullayev - Konstitusiya Məhkəməsinin sədri;
3. Fikrət Məmmədov – Keçmiş Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sabiq sədri:
4. Ramiz Rzayev – Ali Məhkəmənin keçmiş sədri;
5. Anar Bağırov – Vəkillər Kollegiyasının sədri.
Məqsədimiz, Korrupsiyaya qarşı mübarizə Komissiyasının üzvləri haqqında məlumat vermək, onları gündəmə gətirmək deyil. Onların haqqında rəsmi internet saytlarında kifayət qədər məlumatlar var və bəziləri onsuz da gündəmdədirlər və tanınmış məmurlardır.
Məqsədimiz dövlət, dövlətçilik naminə Korrupsiyaya qarşı mübarizə Komissiyasının hər bir üzvünün bu günə kimi üzvü olduqları komissiyaya verdikləri və yaxud da bu gündən sonra verə biləcəkləri töhfədən söz açmaqdır… Gələcəkdə Korrupsiyaya qarşı mübarizə Komissiyasının hər-bir üzvü barədə də ayrı-ayrılıqda yazacağımıza söz veririk…
Hörmətli Korrupsiyaya qarşı mübarizə Komisiyyasının üzvləri! `
10 Avqust 2024-cü il tarixdə Korrupsiyaya qarşı mübarizə komissiyasının iclasını keçirmisiniz. İclasda Korrupsiya ilə bağlı mübarizə sahəsində beynəlxalq təşkilatların - Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO), Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Dəyərləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyyələri ilə bağlı görülmüş işləri də nəzərdən keçirmisiniz. GRECO-nun 5-ci müvafiq qanun layihəsinin də Komisiya üzvlərinin müzakirəsinə çıxarıldığını bildirirsiniz.
Çox maraqlıdır, görəsən, yuxarıda adlarını qeyd etdiyimiz beynəlxalq təşkilatların tövsiyyələri nədən ibarət olmuşdur ki, ölkəmizdə korrupsiya günü-gündən “inkişaf” edir, hər ötən illərə nisbətdə artmaqdadır?!
Obyektiv səbəblərdən biri də odur ki, adı korrupsiyada hallanan orqanı təmsil edən məmur Korrupsiyaya qarşı mübarizə Komissiyasının üzv ola bilməz!
Hörmətli Korrupsiyaya qarşı mübarizə Komisiyyasının üzvləri!
Bəlkə, ölkəmizdə tuğyan edən korrupsiyanın qarşısını almaq və korrupsiyanın səviyyəsini minimum həddə endirmək üçün “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi və Maarifləndirilməsi” İctimai Birliyinin hazırladığı məlumat xarakterli layihəni də nəzərdən keçirəsiniz. Xüsusilə qeyd edirik, layihəmiz Azərbaycan reallığına və təkzibolunmaz faktlara uyğun hazırlanmışdır. Əgər istəsəniz layihəni Korrupsiyaya qarşı mübarizə Komissiyasına və yaxud da komissiyanın hər bir üzvünə ayrı-ayrılıqda təqdim edə bilərik…”.
Hazırladı: KƏNAN
Redaksiyadan: Müraciətdə adları qeyd olunan qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.